Xəbər lenti

Planetin ən ağıllı 8 primatı: İnsanlara meydan oxuyan növlər
Dünya 09:49 18.03.2026

Planetin ən ağıllı 8 primatı: İnsanlara meydan oxuyan növlər

İnsanlar alətlər yaratmaq və mürəkkəb problemləri həll etmək bacarığı sayəsində özlərini təkamülün zirvəsi hesab etməyə öyrəşiblər. Lakin insanın ən yaxın qohumları olan primatlar da çox vaxt insan qabiliyyətlərinə yaxın intellekt nümayiş etdirirlər. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Wildlife” yazır.

1. Oranqutanlar – strateqlər və "hekayə danışanlar”

İntellekti ölçməyin bir çox üsulu var: alətlərdən istifadə, ünsiyyət, innovasiya, empatiya, yaddaş və tanıma qabiliyyəti. Oranqutanlar bu xüsusiyyətlərin demək olar ki, hamısında yüksək nəticə göstərirlər.

Onlar budaqlardan rahat yuvalar qurur, çubuqlardan isə həşəratları çıxarmaq və ya balıqları suyun üzərinə çıxarmaq üçün istifadə edirlər. Maraqlıdır ki, oranqutanlar bəzi bitkilərdən "dərman” kimi istifadə edir.

Onların ən diqqətəlayiq xüsusiyyətlərindən biri keçmiş hadisələr haqqında "məlumat ötürə bilmələri”dir. Məsələn, yırtıcı gördükdə dərhal qışqırmırlar. Təhlükə keçəndən sonra xüsusi "kiss-squeak” səsləri ilə baş verənləri digər meymunlara bildirirlər.

2. Şimpanzelər – alət ustaları

Şimpanzelər ixtiraçılıqları ilə tanınır. Onlar yarpaqlardan "stəkan”, mamırdan "süngər” hazırlayır və otlardan qulaqlarını təmizləmək üçün istifadə edirlər.

Bəzi hallarda çubuqlardan silah kimi də istifadə edə bilirlər. Ünsiyyət üçün müxtəlif səslərdən, mimikalardan və əl jestlərindən yararlanırlar. Əsirlikdə şimpanzelərə sadə jest dili öyrətmək də mümkün olub. Təcrübələr göstərib ki, onlar bəzi insan sözlərini və ifadələrini anlaya bilirlər.

3. Bonobolar – sosial davranış ustaları

Bonobolar xüsusilə sosial intellektləri ilə seçilirlər. Onlar digər fərdlərin bədən dilini analiz edə və həmin fərdin köməyə ehtiyacı olub-olmadığını anlaya bilirlər.

Maraqlıdır ki, əgər bonobo görsə ki, digər meymun sadəcə tənbəllik edir, ona kömək etmir. Bu isə onların yüksək sosial şüura malik olduğunu göstərir.

4. Hörümçək meymunları – logistika ustaları

Bu primatlar qrup halında mürəkkəb təşkilatlanma nümayiş etdirirlər. Onlar qida axtarmaq üçün kiçik qruplara bölünür, sonra isə tapdıqları meyvə ağacları barədə məlumatı bir-biri ilə paylaşırlar.

Belə səviyyədə əməkdaşlıq uzun müddət yalnız insanlara xas xüsusiyyət hesab edilirdi.

5. Qorillalar – emosional nəhənglər

Qorillaların beyni insan beynindən təxminən iki dəfə yüngül olsa da, onlar kifayət qədər mürəkkəb davranışlar nümayiş etdirə bilirlər.

Məsələn, bəzi qorillalar bataqlıqdan keçərkən suyun dərinliyini ölçmək üçün çubuqlardan istifadə edir. Əsirlikdə olan bəzi fərdlər isə sadə jest dilini öyrənə biliblər.

Ümumilikdə onlar çox emosional canlılardır. Lakin yaşadıqları mühitdə qida adətən kifayət qədər olduğu üçün daha mürəkkəb problemləri həll etmək ehtiyacı ilə az qarşılaşırlar.

6. Kapusin meymunları – meşənin "kimyaçıları”

Kapusinlərin beyni bədən ölçülərinə nisbətdə böyükdür. Onlar daşlardan istifadə edərək qoz-fındıq və qabıqlı heyvanları sındırırlar.

Bundan əlavə, maraqlı "kimyəvi” davranışları da var: onlar çoxayaqlı həşəratları əzərək yaranan qarışığı tüklərinə sürtürlər. Bu qarışıq təbii həşəratqovan vasitə kimi işləyir.

Kapusinlər yaşadıqları ərazilərin "zehni xəritəsini” də yaradır və hətta gələcəyi planlaşdıra bilirlər. Məsələn, palma qozunu deşib şirəsini içir, sonra meyvəni günəşdə qurumağa qoyur və daha sonra qabıq kövrəkləşəndə geri qayıdaraq onu sındırırlar.

7. Gibbonlar – "oxuyan” intellektuallar

Gibbonlar Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayan və güclü səs qabiliyyəti ilə seçilən primatlardır. Ölçüləri digər insanabənzər meymunlardan kiçik olsa da, çox sosial və fərqli xarakterə malikdirlər.

Təcrübələr göstərir ki, onlar tapmacaları həll edərək qida əldə edə bilir və digər fərdlərin baxış istiqamətini "oxuya” bilirlər. Bu xüsusiyyət onlara qida mənbəyini və ya təhlükəni müəyyənləşdirməyə kömək edir.

Onların ən maraqlı xüsusiyyətlərindən biri isə mahnı oxuma qabiliyyətidir. Gibbonlar hər səhər ailə duetləri ilə "oxuyur” və bu melodiyalar cütlüklər arasındakı əlaqəni gücləndirir.

8. Makakalar – tanıma ustaları

Makakalar ciddi sosial iyerarxiyaya malikdir və digər fərdlərin üzlərini tanımaq qabiliyyəti ilə seçilir.

Tədqiqatlar göstərir ki, onlar qohumlarının üzlərini fotolarda belə tanıya bilir, hətta şəkillər müxtəlif rakurslardan çəkilmiş və ya fərqli emosiyalar ifadə etsə belə. Onların yeni bacarıqları tez öyrənməsi də alimlərin diqqətini cəlb edir.

Aydın
--> -->