Xəbər lenti

Sarı simə toxunan
Könül Nuriyeva
Sənət 16:34 03.06.2026

Sarı simə toxunan "İdeal"

"İsa Muğannanın "İdeal” əsəri sizin üçün hansı əhəmiyyəti kəsb edir, bədii qiraət siyahınızda hansı yeri tutur?” sualını mənə versələr cavabı belə olacaq: "Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında tamamilə unikal, mistik və fəlsəfi bir zirvədir". O, adi yazıçı deyil, mübhəmlərə açar tapan qələm sahibidir. Bu əsəri oxuyarkən özümü sehirli mağarada hiss edirdim, amma bu tarixi mağaradan daha çox, insan beyninin qatlarından ibarət məkan idi. "İdeal” əsəri tarixə, kosmik təsəvvürlərə və yaradılışa baxışları dəyişdirən əsərdir. Yazıçı özünəməxsus fəlsəfənin kuliminasiya nöqtəsini məhz bu əsəriylə qoyub. Neçə əsr keçsə də, sualları, mürəkkəbliyi, sirri, dilə və tarixə sevgisi ilə müəlifin bu əsəri bizimlə onun adından və onun diliylə  danışacaq.

1985-ci ildə işıq üzü görən "İdeal", Azərbaycan nəsrində magik realizmin, mifoloji təfəkkürün işıqlı nümunəsidir. Dünyanın yaranışı nəzəriyyəsini araşdıran bu əsərdə müəllif tarix kitablarının bizə öyrətmədiyi gizli kodları açmağa çalışıb və bir sözlə Azərbaycanın Umberto Ekosu olub.

"İdeal" romanı iki paralel zaman müstəvisində irəliləyir - müasir dövr və qədim tarix. Adətən iki müstəvidə irəliləyən əsərlər oxucunu get-gələ salır, ona ilk səhifələrdən "Çətinliyə hazır ol!” mesajı verir.

Hadisələr əsas qəhrəman Səmədin və onun ətrafındakı insanların axtarışları ilə başlayır. Səməd elə müəllifin özüdür desəm, yəqin ki, yanılmaram. Səməd gəncliyində ona doğma olan, lakin sonradan uzaqlaşdığı kəndinə - qədim köklərinə qayıdır. O, burada tarixin dərin qatlarını, Od Ər, yəni Azər sivilizasiyasının sirlərini və bəşəriyyətin unudulmuş əsl keçmişini araşdırmağa başlayır. Üstəlik də Səməd qoyub getdiyi sevgilisini əmisinin arvadı kimi görür. Onun kəndə qayıtması və bir-birinin dalınca hadisələrin açılması qəhrəmanın daxili dünyasını möhkəm sarsıdır. Niyə əmisi özündən çox balaca olan bu qızı özünə arvad edib? Niyə ortada ikiüzlü və yaltaq əlavə obrazlar var və Səməddən əl çəkmirlər? Səməd yaşadıqlarının birinin təsirindən qurtarmamış digər əhvalatlar ona nəql edilir? Niyə kitabın ən maraqlı yerində itmiş, suya düşmüş böyük kitabxanadan danışılır? Verdiyim suallar bu əsərin yalnız bir səhifəsinə aiddir. 

Digər tərəfdən, romanda Sultan Qiyasəddin, Nizami Gəncəvi, Nəsimi kimi tarixi dahilərin obrazları vasitəsilə mənəviyyat, haqq və ədalət axtarışı ön plana çıxır. Roman bir şəxsin ətrafında dövr etsə də, əslində geniş tarixi dövrü əhatə edir. Müəllif bu daxili obrazları sadəcə tarixi şəxsiyyətlər kimi deyil, kainatın ali elminə - "Sarı sim" fəlsəfəsinə bələd olan elçilər kimi təqdim edir. Əsərin süjet xətti və qurluşu oxucunu bəzən çaşdırır, çünki bir nəfərin dialoqu səhifələrlə davam edir. Müəllif xırdalıqlara getdikcə gedir, araşdırmaqdan yorulmur. Onun təbiətə bağlılığı, tez-tez təbiəti, adı az qala unudulmuş ot bitkilərini romanında istifadə etməsi bizə kəndi xatırladır. Bu baxımdan "İdeal” həm də doğma romandır, əzizdir, atamız-anamız, doğulduğumuz ev kimidir. Əsər o qədər millidir ki, adam adət-ənənələrini unutduğu üçün utanır. Axı bunlar, yəni "müəllifin söylədikləri mənim uşaqlıq illərimdə rastlaşdıqlarım idi” deyib, kövrəlməmək mümkün deyil. 

"İdeal" əsərində toxunulan əsas mövzular adi deyil, bir balaca mətnə sığışan mövzu da deyil. Çünki, əsərin fəlsəfi məzmunu İsa Muğannanın yaradıcılığının kosmik fəlsəfi manifestidir.

Yazıçıya görə, kainatda hər şey vahid bir mərkəzlə — kosmik şüurla bağlıdır. "Sarı sim" insandakı o ilahi rabitə kanalıdır. İnsan bu simi qıranda öz mənliyini itirir, materializmə qul olur və cılızlaşır. "Çılızlaşan insanın xilası mümkündürmü?” sualını isə müəllif oxucunun ixtiyarına buraxır. İlahi rabitə kanalı hamıda var, onun qırılması prosessini adamların çoxu yaşayır, onu bərpa etməyi isə az adam istəyir. Müəllif yuxarıdakı bu fikirləri güclü mesaj olaraq bizə ötürür. Kitabı oxuyanda bir fikri də dərk etdim - sarı simin qırılması hər zaman bizimlə bağlı olmur. Onun qırılması səbəbi bilinməyən nəsnələrlə də bağlı ola bilər, başqa adamların həyatımıza müdaxiləsi ilə də. Müəllif həyatda olsaydı, görəsən mənim bu fikrimlə onun razılaşıb-razılaşmayacağı düşüncəsi kitab boyu məni məşğul etdi. 

Od Ər və Azər mədəniyyəti məsələsinə gəldikdə isə İsa Muğanna bu romanda cəsarətli bir iddia irəli sürür. O yer üzündə ilk sivilizasiyanın məhz bu torpaqlarda qurulduğunu deyir. İlk sivilizasiyanın saf dilə, elmə və mənəviyyata malik olan "Od Ərlər"lərə məxsus olduğunu deyir. O sonradan  bəşəriyyətin saxtalaşdırılmış tarix və dinlərlə parçalandığını söyləyir. Həm də elə israrla, hər dəfə özüməxsus əsaslarla söyləyir ki, adamın həmin dəqiqə inanmağı gəlir. Bu kitabı oxuyanda müəllifin üzünün ifadəsi tez-tez gözümün önünə gəlirdi; araşdırmaq həvəsi simasına yazılmış, səbirsiz, sanki bütün bildiklərini təngənəfəs bizı çatdlrmaq istəyində olan adam... Dediyini deyən, bildiyindən əl çəkməyən, fikirlərini təkidlə sübut etməyə çalışan İsa Muğannanın enerjili xarakteri onu özünün dediyi kimi, kosmik şüur və ilahi rabitə kanalının ən uğurlu nümunəsidir.

Romanda mütləq şərlə mütləq xeyirin davası gedir. Yazıçı haqq-ədalət və ideal insan axtarır. Müəllif göstərir ki, insanın ən böyük missiyası öz daxilindəki "İdeal"ı — ilahi təmizliyi tapmaq və onu cəmiyyətin amansız, saxta qanunlarından qorumaqdır.

"İdeal"ı oxumaq hər oxucu üçün asan deyil. Müəllif əsərdə özünün yaratdığı xüsusi etimoloji təhlillərdən, qədim sözlərin "əsl" köklərindən (məsələn: Ba-Qu, Ey-Sub, Od-Ər) istifadə edir. O, sözlərin səs düzümündə gizlənən kosmik enerjini üzə çıxarmağa çalışır. Bu baxımdan "İdeal” fərqli üslub xəttiylə seçilir. Birnəfəsə oxunan kitablar siyahısına aid olmayan bu əsəri mütləq qeydlər apararaq oxumaq lazım gəlir. İnformasiya bolluğu adamın fikrini yayındırır.

Eyni zamanda, əsərdəki dramatik gərginlik, mistik atmosfer və kəskin fəlsəfə oxucunu daim sual verməyə məcbur edir: Biz kimik? Haradan gəlmişik? Və tariximiz bizə niyə səhv anladılıb? Bu suallar əsəri oxuyub bitirdikdən sonra da, adamı uzun müddət düşündürür. 

Ezoterik olan bu əsər həm də fəlsəfi sənəddir. Dilin köklərini araşdıran müəllif yalnız onun özünə xas mifiloji-fəlsəfi sistem yaradıb. Buna görə də bu kitab, həm sadə oxucu, həm də alim üçün eyni dərəcədə maraqlıdır və əhəmiyyətlidir. Sistemin mərkəzində iki vacib termin durur. Bunlardan biri "Sarı sim”, digəri isə "Saf ağ”dır.

Bu anlayışlar romanda sadəcə bədii metaforalar deyildir. Onlar həm də kainatın idarə olunma qanunlarını, insanın ilahi mənşəyini və bəşəriyyətin unudulmuş kosmik rabitəsini ifadə edən fəlsəfi sütunlardır. 

Azərbaycan dilində "sarı simə toxunmaq" frazeoloji ifadəsi insanın ən həssas, incə duyğularını oyatmaq mənasına gəlir. Biz bu ifadəni gözəl musiqini dinləyəndə, təsirli söz eşidəndə, qeyri-adi sənət əsəriylə rastaşanda istifadə edirik. İsa Muğanna bu xalq ifadəsinə söykənərək, onu makro-kosmik bir fəlsəfəyə çevirir. Ümumiyyətlə müəllifin yaradıcılığında və xüsusiylə bu kitabında hər şey köklərimizlə, xalqın qədimliyi ilə bağlıdır. Muğannanın əsərlərində böyük sevgi gizlənib və vaxtaşırı olaraq üzə çıxır. Bu, bir insana olan sevgidən daha üstündür. Onun sevgisi xalqına ünvanlanıb, mənşəyimizə, köklərimizə istiqamətlənib. Bu sevginin nəticəsində İsa Muğanna milli-genetik bağlarımıza bizi qayıtmağa sövq edir. Bunu ən böyük güclə - ədəbiyyatla edir və bacarır.

Romandakı  "Sarı sim" kainatın ali şüuru ilə əlaqələndirilir. Ali şüuru yazıçı Ey-Sub - baş planet adlandırır. İnsan ruhu arasında birbaşa əlaqə yaradan görünməz, ilahi bir rabitə kanalından bəhs edir və buna güclü surətdə inanır. O kainatdan yer üzünə gələn saflıqlara güvənir. Həmin saf, təmiz, dürüst dalğalar həqiqət və elm enerjisidir. Müəllifə görə insanın ilk yaradılışında kosmik rabitə açıq idi. Oxucu olaraq yadıma peyğəmbərlərin Allahla söhbəti, Allahdan onlara gələn işarələr yadıma düşür. "Sarı sim” mövcud olduğu üçün insanlar yalan danışa bilmirdilər, günahlardan qorxurdular, xəyanət edə bilmirdilər, bir sözlə əxlaqi-mənəvi dəyərlərə sadiq idilər. 

Müəllif simin qırılmasını da uzah edir. "İdeal” əsərinin əsas dramı məhz bu telin qırılması üzərində qurulub. İnsanlar materializmə, saxta ideologiyalara, yalana və nəfsə əsir olduqca daxillərindəki "Sarı sim" paslanır və qırılır. Bu sim qırıldıqdan sonra insan kosmik şüurdan qopur, tənhalaşır, cılızlaşır və yer üzündə müharibələr, qətllər törətməyə başlayır. Bununla da kifayətlənməyib, yaxınlarına pisliklər edirlər, tamahları yüksək həddə çatır. İşin ən pis tərəfi isə özlərinin real durumunu dərk etməmələridir. 

Əgər "Sarı sim" rabitə vasitəsidirsə, bu rabitə xətti ilə ötürülən mütləq işıq, ilahi enerji və təmiz elm "Saf Ağ" adlanır. Müəllif bunu mütləq həqiqətlə və ilahi elmlə əlaqələndirir.

"Saf Ağ" bəşəriyyətin ilkin, təhrif olunmamış, təmiz və günahsız dövrünü simvolizə edir. O, kainatın ilkin maddəsi, işığı və mütləq xeyiridir. Bu anlayış həm də qədim Zərdüştlükdəki nur, işıq fəlsəfəsi ilə və İslam təsəvvüfündəki "Nuri-Məhəmmədi", yəni ilahi nur konsepsiyası ilə səsləşir. Bilmirəm, əsərin məhz bu hissəsi barədə geniş araşdırma edən olubmu? Həqiqətən də, əsl ədəbi işin, dini-elmi monoqrafiyanın mövzusudur.

İsa Muğannanın dil nəzəriyyəsinə görə, ilkin sivilizasiya olan Od Ər, yəni Azər insanları "Saf Ağ" elminə sahib idilər və onların danışdığı dil səslərin mütləq həqiqətini əks etdirirdi. Səslərin mütləq həqiqəti deyərkən, müəllif nəyi nəzərdə tuturdu? Bu sualın cavabını uzun müddət düşünmüşdüm və indi də düşünürəm.

Romanda göstərilir ki, sonradan yer üzünə hakim olan şər qüvvələr bu "Saf Ağ" elmini gizlətmiş, bəşəriyyəti qaranlığa qərq etmək üçün tarixi və dinləri saxtalaşdırmışlar.

"Saf Ağ" romanda mütləq şərin, yalanın, xəyanətin və mənəvi korluğun simvolu olan "Qara" qüvvələrlə əbədi bir savaşdadır. İnsanın məqsədi daxilindəki o saf, ağ işığı qorumaq və qaranlığa təslim olmamaqdır.

Ədəbiyyatda təkcə yazmaqla kifayətlənməyənlər, ədalətsizliyə qarşı səsini çıxaranlar, fəlsəfi fikir tarixinin işıqlı simaları, bir sözlə öz canlarından keçərək, bəşəriyyətin inkişafına xidmət edənlər "Saf ağ”çılardır.

İsa Muğanna bu əsərində demək istəyib ki, insan sadəcə bioloji varlıq, ət və sümük yığını deyil. O, kosmik bir layihədir. Əgər insan yer üzündəki saxta iddialardan, maddiyyat həvəsindən təmizlənib öz kökünə qayıda bilsə, daxilindəki o "Sarı sim" yenidən titrəyəcək və yenidən "Saf Ağ" nuruna qərq olaraq öz ideal, yəni kamil  səviyyəsinə ucalacaqdır.

İsa Muğannanın bu əsəri bir dəfə oxunan əsərlərə də aid deyil. Əsərin hər səhifəsindəki fikirlər barədə uzun mətn yazmaq olar. Yazıçının şirin bədii təhkiyəsi, xüsusiylə dialoqlarda üzə çıxan bu bacarığı onu dünya ədəbiyyatının şah əsərləriylə eyni səviyyəyə qoyur. Təkcə bu xüsusiyyətimi? Təbii ki, yox!

Könül Nuriyeva
--> -->