ABŞ-ın Nyu Meksiko ştatında bir il əvvəl itkin düşən nüvə tədqiqatçısı Melissa Kasiasın meyiti Karson Milli Meşəsində tapılıb. 53 yaşlı alimə məxsus olduğu bildirilən cəsədin yanında tapança aşkarlanıb. Rəsmilər hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparıldığını bildirir.
Qaynarinfo xəbər verir ki, son illərdə ABŞ-da nüvə və kosmos araşdırmaları ilə bağlı çalışan ən azı 10 alimin itkin düşməsi və ya müəmmalı şəkildə ölməsi Federal Təhqiqat Bürosunu (FBI) hərəkətə gətirib.
ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) və ölkənin aparıcı laboratoriyalarında çalışan bəzi alimlərin şübhəli ölümləri ictimai diqqəti artırıb. FBI araşdırma çərçivəsində bu hadisələr arasında mümkün əlaqələri araşdırır.
Melissa Kasias
Telefonun sıfırlanması diqqət çəkib
Los Alamos Milli Laboratoriyasında çalışan Melissa Kasiasın yoxa çıxdığı gün iş yerinə giriş üçün tələb olunan şəxsiyyət vəsiqəsini unutduğu, daha sonra evinə qayıtdığı bildirilir. Onun telefon, açar və çantasının evdə tapıldığı, lakin mobil telefonun ayarlarının sıfırlandığı müəyyən edilib.
Sonuncu dəfə 2025-ci ilin 26 iyununda Nyu Meksikoda bir magistral yol yaxınlığında doğu istiqamətində piyada hərəkət edərkən görünüb.
Cəsəd əvvəl axtarılan ərazidə tapılıb
Rəsmilər cəsədin yanında tapılan tapançanın alimə məxsus olub-olmadığını hələlik təsdiqləməyib. Polis hadisənin bütün ehtimallar üzrə araşdırıldığını açıqlayıb.
Ailə üzvləri isə "cəsədin daha əvvəl axtarış aparılan ərazidə tapılması” faktını təsdiqləyib və ədalətin təmin olunmasını tələb edib.
Kaş Patel
FTB araşdırmanı genişləndirir
FTB direktoru Kaş Patel hadisə ilə bağlı "məxfi məlumatlara çıxış və ya xarici əlaqə ehtimalları da daxil olmaqla bütün versiyalar araşdırılır” deyib. Quruma görə, Enerji və Müdafiə departamentləri ilə birlikdə koordinasiyalı istintaq aparılır.
ABŞ Konqresində isə bu hadisələrin bir-biri ilə bağlı ola biləcəyi barədə müzakirələr aparıldığı bildirilir. Prezident Donald Tramp da daha əvvəl bu silsilə hadisələri "ciddi məsələ” adlandırmışdı.
Şübhəli itkin və ölümlər
Məlumata görə, son illərdə NASA və hərbi tədqiqat laboratoriyalarında çalışan bir neçə mühəndis və alim ya itkin düşüb, ya da müəmmalı şəkildə həyatını itirib. Onların arasında Los Alamos və MIT ilə əlaqəli tədqiqatçılar da var.
Rəsmilər hazırda bütün hadisələr arasında mümkün əlaqəni müəyyən etməyə çalışır.
Aydın
Şərhlər