Xəbər lenti

İstehsalçılar gel-lakın riskləri barədə susur: Nə qədər təhlükəlidir?
DƏB 09:40 01.08.2026

İstehsalçılar gel-lakın riskləri barədə susur: Nə qədər təhlükəlidir?

Bu gün gel-lak manikür və pedikür üçün ən populyar örtüklərdən biri hesab olunur. Uzunömürlü və estetik görünüşünə görə geniş istifadə edilsə də, onun sağlamlıq üçün müəyyən risklər yaratdığı bildirilir. Kimya mühəndisi Sabolç Biro "Zəhərlənmiş gündəlik həyat" adlı kitabında bu prosedurun mümkün təhlükələrindən bəhs edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Femina" yazır.

Məqalədə qeyd olunur ki, gel-lakın çıxarılması zamanı dırnaqların nazilməsi və pilka ilə emal nəticəsində zədələnməsi çoxlarına məlumdur. Lakin daha az bilinən məqam odur ki, gel-lak ultrabənövşəyi (UV) lampa altında bərkiyərkən əlin üzərində kimyəvi reaksiya baş verir.

UV şüaları maye lakın molekullarını bir-birinə bağlayan maddələri aktivləşdirərək möhkəm örtük yaradır. Bununla belə, örtük tam bərkimir. Mütəxəssisin sözlərinə görə, ən yaxşı halda lakın yalnız 50–80 faizi polimerləşir, qalan 20–50 faiz isə bərk qatın daxilində kimyəvi maddə kimi qalır. Bu qalıqlar allergik reaksiyalara səbəb ola bilər.

Ən böyük risk akrilat allergiyasıdır. Onun əlamətlərinə dırnaqların lay-lay olması, qaşınma və qabarcıqlar daxildir. Bu simptomlar yalnız əllərdə deyil, üz və boyun nahiyəsində də yarana bilər.

Mütəxəssis bildirir ki, belə allergiya yarandıqdan sonra orqanizm onu uzunmüddətli şəkildə "xatırlayır". Nəticədə gələcəkdə fotopolimer plomb materiallarına, bud-çanaq protezlərinə və ya insulin nasosları kimi bəzi tibbi cihazların tərkibindəki oxşar materiallara qarşı da allergik reaksiyalar inkişaf edə bilər.

Məqalədə vurğulanır ki, yüksək allergik xüsusiyyətə malik "HEMA" birləşməsinin gel-laklarda istifadəsi artıq qadağan edilib. Onun əvəzinə "IBOA" kimi oxşar maddələrdən istifadə olunur.

Bundan əlavə, 2025-ci ilin sentyabrından etibarən Avropa İttifaqında "TPO" fotopolimer birləşməsi olan gel-lakların istifadəsi də qadağan edilib. Araşdırmalar bu maddənin reproduktiv sağlamlığa mənfi təsir göstərə biləcəyini göstərib.

İstehsalçılar hazırda "TPO-L" (etiltrimetilbenzoylfenilfosfinat) kimi alternativ maddələrdən istifadə edirlər. Lakin müəllif hesab edir ki, bu maddələr hüquqi baxımdan icazəli sayılsa da, onların kimyəvi və bioloji təhlükəsizliyi tam sübut olunmayıb və gələcəkdə tənzimləyici qurumların diqqət mərkəzinə düşə bilər.

Məqalədə həmçinin xatırladılır ki, Nyu-York Universitetinin Tibb Məktəbi və Amerika Dəri Xərçəngi Fondu ekspertlərinin fikrincə, gel-lakın qurudulması zamanı UV şüalarına tez-tez məruz qalmaq dəri xərçəngi riskini müəyyən qədər artıra bilər. Bununla belə, mütəxəssislər bu riskin yüksək olmadığını qeyd edirlər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->