Kefir istehlakının mikrobiom balansında dəyişikliklərlə əlaqəli olduğu və bunun həzm, immun və metabolik sistemlərin sağlamlığına müsbət təsir göstərə biləcəyi müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə kefirin sağlamlığa təsiri ilə bağlı alimlərin apardığı geniş icmalda qeyd olunur. Araşdırma "News-Medical" nəşri tərəfindən dərc edilib.
Alimlər bildiriblər ki, süd turşusu bakteriyaları süd əsaslı maddələri fermentasiya edərək laktozanı metabolizə edir və süd turşusu istehsal edir. Süd turşusu ilə yanaşı, mikroorqanizmlər bakteriosinlər, katelisidin, karbon qazı, asetaldehid və hidrogen peroksid də istehsal edirlər ki, bunlar bağırsaqlarda rast gəlinən patogenlərin zəifləməsinə və ya məhv olmasına kömək edə bilər.
Kefirdə antimikrob xüsusiyyətlərə malik bakteriyalar da aşkarlanıb. Tərkibində olan sirkə turşusu və onun metabolitləri nazik bağırsağın hərəkətliliyini artıra, yoğun bağırsaqda qan dövranını yaxşılaşdıra və epitel toxumasının homeostazının qorunmasına dəstək verə bilər.
Kefirin tərkibində həmçinin antimikrob, antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik maya göbələkləri mövcuddur. Bu xüsusiyyətlər qıcıqlanmış bağırsaq sindromu və Kron xəstəliyi kimi problemlərin yüngülləşdirilməsində faydalı ola bilər.
Araşdırmalar kefir qəbulundan sonra müxtəlif təsirlərin müşahidə olunduğunu göstərib. Məsələn, ağır xəstələrdə kefir bağırsaq mikrobiotasının müxtəlifliyi azalsa belə, onun sağlamlıq indeksinin yüksəlməsinə səbəb olub. Qadınlarda isə bakteriyaların sayında əhəmiyyətli artım, fiziki funksiyaların və psixi sağlamlıq göstəricilərinin yaxşılaşması qeydə alınıb.
Alimlər həmçinin müəyyən ediblər ki, kefir istehlakı bağırsaq mikrobiomunda süd turşusu bakteriyalarının miqdarını dəyişir və bu da həm bağırsaq sağlamlığına, həm də ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərə bilər. Məsələn, tədqiqatlar göstərib ki, kefirin acqarına içilməsi insulin səviyyəsində müsbət dəyişikliklərə və arterial təzyiqin normallaşmasına səbəb olur.
Bundan əlavə, kefir istehlakının həm böyüklərdə, həm də uşaqlarda kariyesə səbəb olan bakteriyaların səviyyəsini azaltdığı da müəyyən edilib.
Aydın
Şərhlər