İlk baxışdan zərərsiz görünən bir vərdiş əslində orqanizmə tədricən dağıdıcı təsir göstərə bilər. Söhbət səhər yeməyindən imtina etməkdən gedir.
Qaynarinfo xəbər verir ki, "EatingWell" nəşrinin yazdığına görə, bu vərdiş sağlamlıq üçün düşündüyünüzdən daha təhlükəlidir.
"Wiley Online Library" platformasında dərc olunan araşdırma göstərib ki, səhər yeməyini buraxmaq, az miqdarda çəki itkisi baş versə belə, xolesterin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bəs bunun səbəbi nədir?
Ürək sağlamlığı üzrə mütəxəssislər səhər yeməyinin mütəmadi buraxılmasının ürək-damar sisteminə necə təsir etdiyini izah ediblər.
Səhər yeməyindən imtina orqanizmin daxili bioloji saatı olan sirkadiyal ritmi poza bilər. Diyetoloq-kardioloq Mişel Rutenşteyn bildirir ki, daxili saatın pozulması xolesterin səviyyəsini tənzimləyən bəzi gen və fermentlərin fəaliyyətinə təsir edir.
Onun sözlərinə görə, səhər qida qəbulu olmadıqda qaraciyərdə xolesterinin sintez sürətini idarə edən HMG-KoA-reduktaza fermenti daha aktiv olur və daha çox LDL və ümumi xolesterin istehsal etməyə başlayır.
Rutenşteyn əlavə edib ki, səhər yeməyi adətən oyandıqdan sonra baş verən xolesterin sıçrayışlarının qarşısını almağa kömək edə bilər: "Xolesterin sintezi adətən səhər tezdən pik həddə çatır, lakin səhər yeməyi bu prosesi yumşaldan qida maddələrini təmin edir".
Gün ərzində yüksək karbohidratlı və ya yağlı qidalarla nəzarətsiz qəlyanaltılar edirsinizsə, bunun səbəbi səhər yeməyini buraxmağınız ola bilər.
Kardioloq Rendi Quld qeyd edir ki, səhər yeməyindən imtina xolesterin istehsalını artıran metabolik dəyişikliklərə yol aça və günün sonrakı hissəsində həddindən artıq yeməyə səbəb ola bilər.
Onun sözlərinə görə, bu vəziyyət qismən iştahanı tənzimləyən hormonlardakı dəyişikliklərlə əlaqədardır. Rutenşteyn isə əlavə edir ki, uzunmüddətli səhər aclığı leptin və qrelin kimi hormonların səviyyəsini dəyişdirə, aclıq hissini gücləndirə və insulin müqavimətini artıra bilər. Bu isə orqanizmin qandan xolesterini təmizləmə qabiliyyətini zəiflədir və LDL xolesterinin yüksəlməsinə töhfə verir.
Mütəxəssislər hesab edirlər ki, səhər yeməyi yeyilmədikdə, orqanizm gün ərzində qida maddələrinə olan ehtiyacını ödəyə bilmədiyi üçün aclıq hissi güclənir. Araşdırmalar səhər yeməyinin buraxılmasının ümumi kalori qəbuluna təsiri ilə bağlı birmənalı nəticə göstərməsə də, bir fakt dəyişməz qalır: səhər yeməyini buraxan insanlarda xolesterin səviyyəsi daha yüksək olur.
Günün ilk yeməyinin gecikdirilməsi ümumi qidalanma keyfiyyətinə də mənfi təsir göstərir. Rutenşteyn bildirir ki, səhər yeməyini buraxmaq çox vaxt günün sonrakı hissəsində daha az faydalı qidaların seçilməsinə gətirib çıxarır.
Bu qidalar adətən doymuş yağlar və rafinə olunmuş karbohidratlarla zəngin olur ki, bu da LDL xolesterin hissəciklərinin artmasına və HDL xolesterinin qoruyucu təsirinin azalmasına səbəb olur.
"ScienceDirect" platformasında dərc olunan araşdırma göstərib ki, səhər yeməyini buraxan uşaqlar gün ərzində səhər yeməyi yeyən uşaqlara nisbətən daha çox yağ və natrium qəbul edirlər. Bu isə ürək sağlamlığı üçün risk yaradır. Bundan əlavə, səhər yeməyindən imtina etmək lif, yüksək keyfiyyətli karbohidratlar və minerallarla zəngin tam taxıl məhsullarının kifayət qədər qəbulunu da çətinləşdirir.
Eyni platformada yayımlanan başqa bir tədqiqat isə Avstraliyada səhər yeməyini doyurucu yeyən böyüklərin gün ərzində daha çox lif, vitamin və mineral qəbul etdiyini, əlavə şəkər, doymuş yağlar və alkoqoldan isə daha az istifadə etdiyini göstərib.
Ürək sağlamlığı üçün daha hansı vərdişlər vacibdir?
Rutenşteyn səhərlər telefon və digər cihazlarla keçirilən vaxtın azaldılmasını tövsiyə edir. Onun fikrincə, bu, birbaşa ürək sağlamlığı ilə əlaqəli görünməsə də, xəbərlərin oxunması və bildirişlərin yoxlanılması stressi artıraraq günə mənfi başlanğıc yarada bilər.
"Günün əvvəlində 10–30 dəqiqə ekransız vaxt stressi azaldır, əhvalı yaxşılaşdırır və sağlamlıqla bağlı prioritetləri düzgün müəyyənləşdirməyə kömək edir", deyə o bildirib.
Ürək sağlamlığı üçün nə yediyiniz böyük əhəmiyyət daşıyır. Mütəxəssislər liflə zəngin, əlavə şəkər və doymuş yağları az olan qidalara üstünlük verilməsini məsləhət görürlər.
Quld bildirir ki, günü balanslı səhər yeməyi ilə başlayın: yulaf sıyığı, tam taxıllı məhsullar, az yağlı zülal və təzə meyvələr. Bu, enerjini sabit saxlayar və şirin taxıllar və içkilərin xolesterini yüksəltməsinin qarşısını alar.
Rutenşteyn qeyd edir ki, qısa müddətli fiziki aktivlik – sürətli gəzinti, dartınma və ya yüngül güc məşqləri – qan dövranını yaxşılaşdıra və xolesterin səviyyəsini sağlam həddə saxlamağa kömək edə bilər.
Fiziki aktivlik yüksək xolesterinin nəzarət altına alınmasında ilk addım kimi tövsiyə olunur. Bu səbəbdən səhər gəzintisinə çıxmaq, idman zalına getmək və ya oyandıqdan sonra qısa isinmə hərəkətləri etmək faydalıdır.
Quldun sözlərinə görə, pəhriz və fiziki aktivlik ürək sağlamlığına təsir edən yeganə amillər deyil, stress də mühüm rol oynayır: "Stress kortizol hormonunun ifrazını artırır ki, bu da xolesterin istehsalını yüksəldə və həddindən artıq yemək kimi zərərli vərdişlərə yol aça bilər".
Aydın
Şərhlər