Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, sözügedən qurum tərəfindən xaricdən gətirilən məhsullara görə xidmət tərəfindən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcu, əlavə dəyər vergisi və idxal rüsumu ödənilməyib.
Xidmətinin rəisi Əkrəm Qəhrəmanovun nümayəndəsi məhkəmədə bildirib ki, 11-12 noyabr 2024-cü il tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə X1 Konfransının (COP29) Bakı şəhərində keçirilməsi ilə bağlı aparılan hazırlıq işləri çərçivəsində, Bakı buxtasının dənizkənarı bulvar ərazisində sahilyanı ərazilərin neftlə çirklənməsinin mühafizəsi, dənizdə neft dağılmalarına hazırlığın təmin olunması və bu sahədə müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə işçi katerlərin və neftyığan avadanlıqların alınması ilə bağlı Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə Nazirlər Kabineti qərarı ilə dövlət büdcəsindən 16,199,497.03 manat vəsaitin ayrılmasına göstəriş verilib. Sözügedən məbləğin dəyərində ölkəyə müvafiq avadanlıqlar xarici ölkələrdən alınaraq ölkəyə gətirilib.
Amma indiyənədək Maliyyə Nazirliyi tərəfindən Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinə 13,429,414.57 manat vəsait köçürülüb. Nazirlər Kabinetinin müəyyən etmiş olduğu vəsait Maliyyə Nazirliyi tərəfindən Xidmətin hesabına tam köçürülmədiyindən müəyyən çətinliklər yaranıb. Nəticədə gömrük borcunun, əlavə dəyər vergisi, idxal rüsumu, gömrük yığımının ödənilməsi mümkün olmayıb. Bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 150 manatdan 250 manatadək, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunur.
Aydın
Şərhlər