Xəbər lenti

Dünya 13:18 01.06.2026

"Kölgə donanması" ekoloji fəlakətə səbəb ola bilər - FT

Sanksiyalar altında fəaliyyət göstərən "kölgə donanması” dünya üzrə ciddi ekoloji təhlükə mənbəyinə çevrilə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) nəşri məlumat yayıb.

Məlumata görə, dünyanın ən böyük gəmi utilizasiya şirkətlərindən birinin rəhbəri bildirib ki, sanksiyalara məruz qalan neft tanker parkının yarıdan çoxu ciddi korroziyaya uğrayıb və bu, böyük ekoloji fəlakət riskini artırır.

"Ən azı üçdə biri, bəlkə də yarıdan çoxu istismardan çıxarılmalıdır”, deyə GMS Partnership şirkətinin icraçı direktoru Anil Şarma bildirib.

1800 gəmidən ibarət "kölgə donanması”

Nəşrin yazdığına görə, "Clarksons" gəmi brokeri "kölgə donanması”nın təxminən 1800 gəmidən ibarət olduğunu, onların 1500-ə yaxınının isə neft və ya məhsul daşıyan tankerlər olduğunu bildirir.

Bu gəmilərin çoxunun 20 ildən artıq yaşı var. Bu isə adətən istismar müddətinin son mərhələsi sayılır və belə gəmilər ya utilizasiya olunur, ya da istismardan çıxarılır.

Mütəxəssislər bildirirlər ki, uzun illər dənizdə qalmaq korroziya və texniki aşınmanı artırır, bu isə qəza və sızma riskini yüksəldir.

"Bu, gecikmiş bomba kimidir”

"CMB Tech" şirkətinin baş icraçı direktoru Aleksander Saveris "kölgə donanması”nı ciddi təhlükə kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu gəmilər zəif texniki baxım vəziyyətindədir, sığortasız işləyir və bəzən qeyri-peşəkar heyətlə idarə olunur.

"Bu, gecikmiş bomba kimidir. Hamı bunun fərqindədir. Bunlar qəza üçün hazır vəziyyətdə olan gəmilərdir”, deyə o bildirib.

Sanksiyalar utilizasiya prosesini çətinləşdirir

Məlumata görə, sanksiyalar səbəbindən bu gəmilərin qanuni şəkildə utilizasiyası və təkrar emalı çətinləşib. Bu isə onların istismar müddətinin süni şəkildə uzadılmasına gətirib çıxarır.

FT qeyd edir ki, bəzi kiçik neft sızmaları və təhlükəli hallar artıq baş verib, lakin böyük ekoloji fəlakət hələlik qeydə alınmayıb.

Hörmüz boğazındakı vəziyyət də təsir göstərir

Nəşrin məlumatına görə, Hörmüz boğazının bağlanması da utilizasiya prosesini yavaşladıb. Fars körfəzi ölkələri hazırda tankerlərdən geniş şəkildə neftin saxlanması üçün istifadə edirlər.

Ekspertlərin fikrincə, boğaz yenidən açılarsa, gəmilərin boşaldılmasından sonra utilizasiya tələbi kəskin şəkildə arta bilər. Lakin hazırda bir sıra köhnə gəmilər körfəz regionunda ilişib qalıb.

Qeyd olunur ki, vəziyyət həm dəniz təhlükəsizliyi, həm də ətraf mühit üçün uzunmüddətli risklər yaradır.

Aydın
--> -->