İnsanlar hələ də yaxın keçmişimizi müzakirə etməkdə davam edirlər. Amma çox təəssüf ki, bir çoxu hələ də obyektiv tərəfləri tamam görmür. O gün biri deyir ki, bəs Xalq Cəbhəsi olmasaydı Qarabağ işğal olunmazdı. Razıyıq, çox böyük səhvlər oldu, özü də bəzi kütbeyin, ambisiyasıyla ağılı mütənasib olmayan, tutduqları vəzifəyə qəti uyğun gəlməyən bəzi adamların ucbatından. Amma Gürcüstanda Cənubi Osetiyanı, yaxud da Abxaziyanı kim "satdı” ruslara? Yoxsa bunu da bədbəxt Qamsaxurdiya və silahdaşları etdi? Kiçicik bir Dnestryanı bölgə kimi problemi Moldova hələ də həll edə bilmir...
Kim etdi bunları? Əlbəttə, qonşu Rusiya, hansı ki, indinin özündə Ukraynaya qarşı müharibə aparır, digər post-sovet ölkələrinə gələcək müdaxilələrçün ideoloji bazis - fundament hazırlayır; guya Kremli bu siyasi seqmentdəki rusdilli əhalinin – "linqvistik azlıqlar”ın problemləri narahat edir!..
Biz 1994-cü ildə atəşkəsə razılıq verdik. Əslində bir az aşağılayıcı qərar idi bizimçün, amma başqa çıxış yolu yox idi. Ölkəyə kiçik də olsa, pauza lazım idi ki, bəzi problemlər həll olsun.
Sonra nə baş verdi? 1996-cı ildə ATƏT-in Lissabon sammiti oldu. Bizim bütün müxalifət dairələri, ekspertlər və jurnalistlər orada Qarabağla bağlı qərarı Azərbaycanın növbəti uğursuzluğu kimi dəyərlənidirdilər.
Az qala 2000-ci ilədək belə tənqidi fikirlər səsləndi. Yadıma gəlir, Lissabon sammitinin qərarı haqda yazını "Azadlıq” qəzetində mən özüm yazmışdım. Hətta hakim partiyanın təmsilçiləri də etiraf etmişdilər ki, Lissabon sammitilə bağlı ən obyektiv mövqeyi məhz "Azadlıq” qəzeti göstərmişdi. Məsələ nədəydi? Lissabon sammitinin qərarı heç də Azərbaycanın məğlubiyyəti deyildi, əksinə biz Lissabonda ilk dəfə olaraq Ermənistanla təxmini heç-heçə edə bildik və bundan sonra yavaş-yavaş ayağa qalxmağa başladıq – bəli, atəşkəs haqqındakı 1994-cü il qərarından sonra...
Ardını özünüz bilirsiniz. Sonrakı dövrlərdə erməni siyasətçiləri, diplomatları, ekspertləri dəfələrlə qeyd etmişdilər ki, İrəvan Lissabonda Bakıya uduzdu!..
İndi hamımız bu günlərdə Ermənistanda baş tutacaq parlament seçkilərini gözləyirik. Nəticələr pozitiv olsa, regiondakı normallaşma prosesi davam edəcək və bəlkə də ilk dəfə olaraq Cənubi Qafqazda normal siyasi iqlim bərqərar olacaq. Paşinyan bəlkə də ilk erməni siyasətçisidir ki, ölkəsinin Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edir, hətta Qarabağ probleminin Ermənistanın müstəqil olmasının qarşısını almaqçün ortaya atıldığını bildirir.
Adam çox düz deyir, həqiqətən də Ermənistanda milli–azadlıq yox, Qarabağı Azərbaycandan qoparmaq "hərəkatı” oldu və bununla Azərbaycanın da müstəqilləşməsinin qarşısını almağa cəhd etdilər, "Ya suverenlik, ya Qarabağ!” dedilər. Amma çox şükürlər, yaxşı qurtardıq, suverenlik də oldu, ərazilər də qaytarıldı...
Qarşıda bizi nələr gözləyir? Nəinki fiziki, hətta bioloji və kimyəvi sistemlərə də xas olan bir proses var: İstənilən tendensiya gec-tez əks tendensiya doğurur və onun inkişafı zəifləməyə başlayır. Məncə, oxşar hadisələr cəmiyyətdə, siyasətdə də baş verir. Bir də görürsən ki, hanısısa siyasi ssenari, model əvvəl effektiv olur, amma müəyyən müddətdən sonra staqnasiya başlayır, ləngimələr, hətta geriləmələr özünü göstərir.
Bəzən soruşurlar ki, dövlət qurulub, suverenliyi təmin olunub, iqtisadiyyat ideal şəkildə olmasa da, hər halda, normal ritmindədir, diplomatiyada hətta nəzərəçarpacaq uğurlar var, ən əsası da ölkənin bir nömrəli problemi həll olunub, əraziləri işğaldan qurtulub. Soruşurlar ki, bütün bunlar doğrudanmı, sizləri qane etmir?
Əvvəl deyək ki, bunların hamısını nəinki qəbul edirik, həm də çox yüksək dəyərləndiririk. Amma həyat heç vaxt bitmir, dayanmır, bir problemi həll edirsən, digəri yaranır, ona görə dayanmaq, arxayınlaşmaq olmur, hətta ziyanlıdır.
Üstəgəl, özümüz də əvvəlcə gənc Azərbaycanın qarşısında duran problemlərin üç mərhələsini görürdük: dövlətin qurulması, yeni iqtisadi modelə keçid və Qarabağ probleminin həlli.
Amma bunun ardınca ölkənin daha da demokratikləşdirilməsi də gəlməlidi, çünki bu da labüd prosesdir; bu mərhələ başlamasa dövlət institutları effektvkiyini itirməyə başlayacaq, hətta iqtisadiyyatda ciddi problemlər peyda olacaq, çünki korrupsiya, inhisarçılıq, qeyri-şəffaflıq kimi proseslər həm də demokratiyanın azlığı ilə bağlı olur.
Elə cəmiyyətin özü də ciddi problemlər yaşamağa başlayır: təşəbbüskarlıq - kreativlik azalır, dövlətlə cəmiyyət arasında arzuolunmaz ucurum yaranır, sağlam rabitə pozulur və gec-tez neqativ duruma gətirib çıxarır. Ona görə hamımız maraqlıyıq ki, sistemli siyasi islahatlara start verilsin.
Mən bu yaxınlarda prezidentin kənd təsərrüfatıyla bağlı keçirdiyi müşavirəni ciddi şəkildə izlədim. Həqiqətən ciddi problemdir. Özüm də vaxtilə rayonda böyümüşəm. Yadıma gəlir, sovetin vaxtında rayon-kənd əhalisinin rifahı, dolanışığı şəhər əhalisindən daha yüksək idi. Bəs indi nə olub? Problem nədədir? Niyə hamı rayondan-kənddən şəhərə qaçır?..
Bir daha deyirəm ki, çox ciddi problemdir və bir siyasi təhlilçi kimi mənə elə gəlir ki, biz kənd təsərrüfatının da problemlərinə bir az geniş rakursdan, sistemli yanaşmalıyıq: bəlkə kəndlərin, rayonların, xüsusən də kənd təsərrüfatının yaşadığı problemlər bilavasitə iqtisadiyyatdakı makro-problemlərlə bağlıdır? Mən iqtisadçı deyiləm, amma məncə bu illər ərzində kənd təsərrüfatına az yatırım edilməyib. Bəs onda problem nədədir? Niyə bu sahədə arzuladığımız effekti ala bilmirik? Bəlkə bu da ölkənin siyasi - iqtisadi modelini təkrar təftiş etməyi tələb edir?..
Hüseynbala Səlimov
Şərhlər