Səudiyyə Ərəbistanında arxeoloqlar qızıl, gümüş və qiymətli daşlarla bəzədilmiş zinət əşyaları ilə dolu gil qab aşkar ediblər. Alimlərin fikrincə, xəzinə min ildən çox əvvəl Məkkəyə gedən bir müsəlman zəvvar tərəfindən torpağa basdırılmış ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Live Science” nəşri yazıb.
Tədqiqatçılar tapıntını aşkar edildiyi arxeoloji məkanın şərəfinə "Diriyyə xəzinələri” adlandırıblar. Ər-Riyadın yaxınlığında yerləşən Diriyyə tarixən İraqın Bəsrə şəhəri ilə Məkkə arasında hərəkət edən zəvvarlar üçün mühüm dayanacaq məntəqələrindən biri olub.
Artıq altı ildir ki, ərazidə qazıntılar aparan Səudiyyə Ərəbistanının Mədəni İrs Komissiyasının arxeoloqları bildiriblər ki, üzvi qalıqlar üzərində aparılan radiokarbon analizi əsas yaşayış məntəqəsinin eramızın 743–753-cü illərinə aid olduğunu göstərir.
Son qazıntılar zamanı mütəxəssislər gipsdən hazırlanmış su hovuzları və bir neçə yaşayış binasının divarlarını aşkar ediblər. Tikililərin içərisində keramika və şüşə parçaları tapılsa da, 100-dən çox zinət əşyasının yerləşdiyi torpağa basdırılmış keramika qabı ən diqqətçəkən tapıntı olub.
Səudiyyə Ərəbistanı İrs Komissiyasının laboratoriya mütəxəssisinin sözlərinə görə, altıncı qazıntı mövsümünün ən mühüm kəşflərindən biri qızıl məmulatlar, qiymətli daşlar və oksidləşmiş mis fraqmentlərindən ibarət olan "Diriyyə xəzinəsi"nin aşkar edilməsi olub.
Maraqlıdır ki, Diriyyə daha çox XVIII əsrdən etibarən ilk Səudiyyə dövlətinin mərkəzi və Səud sülaləsinin ilkin məskəni kimi tanınsa da, onun tarixi daha qədim dövrlərə gedib çıxır.
Mütəxəssislərin fikrincə, xəzinə 750-ci ildə hakimiyyətə gələn və 1258-ci ildə monqollar tərəfindən süquta uğradılan Abbasilər xilafətinin ilk illərində torpağa basdırılıb. Məhəmməd peyğəmbərin əmisi Abbasın adını daşıyan Abbasilər dövrü İslamın Qızıl əsri kimi tanınır və həmin dövrdə elm, mədəniyyət və incəsənət sürətlə inkişaf edib.
Coğrafi baxımdan Abbasilər imperiyası Şimali Afrikadan İrana qədər uzansa da, onun əsas mərkəzləri Ərəbistan yarımadası və müasir İraq ərazisində yerləşirdi. Xilafətin paytaxtı Bağdad şəhəri idi.
İslam ənənəsinə görə, maddi və fiziki imkanı olan hər bir müsəlman ömründə ən azı bir dəfə Məkkəyə həcc ziyarəti etməlidir. Abbasilər dövründə Diriyyə Bəsrə ilə Məkkə arasındakı zəvvar marşrutunun mühüm dayanacaqlarından biri hesab olunurdu.
Alimlər hələlik çiçək və həndəsi naxışlarla bəzədilmiş zinət əşyalarının niyə məhz Diriyyədə basdırıldığını və onların həqiqətən bir zəvvara məxsus olub-olmadığını müəyyən edə bilməyiblər. Bununla belə, aydındır ki, bu məmulatlar yüksək peşəkarlığa malik sənətkarlar tərəfindən qızıl lövhələrin formalaşdırılması, qabartma üsulu ilə işlənməsi və yarımqiymətli daşlarla bəzədilməsi yolu ilə hazırlanıb.
Aydın
Şərhlər