ABŞ 17 apreldən əvvəl tankerlərə yüklənmiş Rusiyanın neft və neft məhsullarının satışına, daşınmasına və boşaldılmasına 16 maya qədər icazə verib. Bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən yayımlanan ümumi lisenziyada qeyd olunub.
Qərar sanksiya siyahısına daxil edilmiş tankerlərdəki yükləri də əhatə edir. Sənədə görə, lisenziya işğal olunmuş Ukrayna əraziləri, eləcə də İran, Kuba və Şimali Koreya ilə bağlı əməliyyatlara şamil edilmir və əvvəlki oxşar icazəni tam əvəz edir.
Xatırladaq ki, bir gün əvvəl ABŞ maliyyə naziri Skott Bessent sanksiyalarda yumşalma olmayacağını desə də, verilən qərar bu mövqeyə zidd deyil. Bu, sanksiyaların yumşaldılması yox, artıq yüklənmiş neftin bazara çatdırılması üçün texniki "keçid mexanizmi”dir. Məqsəd qlobal bazarda ani təklif çatışmazlığının və qiymət şokunun qarşısını almaqdır.
Bu addım xüsusilə qiymətlərin kəskin bahalaşma riskini azaldır. Əks halda, Rusiya neftinin bazardan birdən-birə çıxması qiymətləri 100 dollar həddinə yaxınlaşdıra bilərdi. Hazırda isə əsas ssenari qiymətlərin 75–85 dollar aralığında qalmasıdır. Bununla belə, OPEC+ qərarları, yeni sanksiyalar və qlobal iqtisadi dinamika bazarda dalğalanma riskini saxlayır.
Bu qərarın Azərbaycan iqtisadiyyatına təsiri ikitərəflidir. Bir tərəfdən, neft qiymətlərinin nisbətən sabit qalması: büdcə planlaşdırmasını asanlaşdırır, gəlirlərin proqnozlaşdırılmasını yaxşılaşdırır, makroiqtisadi sabitliyi gücləndirir. Digər tərəfdən isə, Rusiya neftinin bazarda qalması qiymətlərin kəskin artımını məhdudlaşdırır. Bu da Azərbaycanın daha yüksək qiymətlərlə əlavə gəlir əldə etmək imkanlarını azaldır. Üstəlik, ucuz Rusiya nefti xüsusilə Avropa bazarında rəqabəti gücləndirir və mənfəət marjasına təzyiq yaradır. Bununla yanaşı, Azərbaycan üçün mühüm üstünlük qalır-ölkə sanksiyalardan kənarda qalaraq Qərb üçün etibarlı enerji təchizatçısı mövqeyini qoruyur. Bu isə uzunmüddətli perspektivdə yeni müqavilələr və investisiya imkanları deməkdir.
ABŞ-ın sözügedən qərarı formal olaraq yumşalma təsiri yaratsa da, əslində bazarı qorumağa yönəlmiş texniki addımdır. Nəticədə qlobal bazarda sabitlik qorunur, lakin qeyri-müəyyənlik qalır. Azərbaycan isə bu şəraitdə sabit gəlir əldə etsə də, daha yüksək qazanc imkanlarının bir hissəsini itirmiş olur…
Siyasət şöbəsi
Şərhlər