Xəbər lenti

ABŞ Avropaya Rusiya iqtisadiyyatının bərpası ilə bağlı gizli plan təqdim etdi - WSJ
Dünya 12:48 11.12.2025

ABŞ Avropaya Rusiya iqtisadiyyatının bərpası ilə bağlı gizli plan təqdim etdi - WSJ

Son həftələr ABŞ prezidenti Donald Trampın administrasiyası Avropadakı tərəfdaşlarına bir sıra sənədlər göndərib — hər biri cəmi bir səhifə — və bu sənədlərdə Ukraynanın bərpası və Rusiyanın dünya iqtisadiyyatına qaytarılması ilə bağlı Amerika baxışı təsvir olunub.

Qaynarinfo "The Wall Street Journal”a istinadla yazır ki, bu təkliflər ABŞ ilə onun Avropadakı ənənəvi müttəfiqləri arasında gedən danışıqlarda kəskin qarşıdurmaya səbəb olub.
 
Nəticə Avropanın iqtisadi xəritəsini radikal şəkildə dəyişə bilər. Bildirilir ki, Amerika planı hazırkı, ictimaiyyətə açıqlanmayan sülh təşəbbüslərinə əlavə kimi təqdim edilib.

Sənədlər ABŞ-ın maliyyə şirkətlərinin və digər bizneslərin Ukraynada layihələr gerçəkləşdirmək üçün təxminən 200 milyard dollar dəyərində dondurulmuş Rusiya aktivlərinə çıxış əldə etməsini nəzərdə tutan planları ehtiva edir. Bu layihələr arasında Zaporojye AES-dən enerji alacaq nəhəng data-mərkəzinin tikintisi ideyası da var.

Digər əlavədə isə Rusiyanın iqtisadiyyatının "donunun yenidən açılması” ilə bağlı Amerika vizyonunun ümumi konturları təsvir olunub: burada söhbət ABŞ şirkətlərinin nadir torpaq metalları hasilatından tutmuş Arktikada neft qazmasına qədər strateji sektorlarına sərmayə qoymasından, eləcə də Rusiyanın enerji tədarükünün Qərbi Avropaya və dünyaya bərpasına dəstəkdən gedir.

Bu sənədlərlə tanış olan bəzi Avropa rəsmiləri ABŞ-ın təkliflərinin bir hissəsinin ciddi qəbul edilməli olub-olmadığını bilmədiklərini deyiblər.

Onlardan biri planı Trampın Qəzzada "Riviera üslubunda kurort” tikmək ideyası ilə müqayisə edib. Başqa bir rəsmisi isə ABŞ–Rusiya arasında mümkün enerji razılaşmaları barədə danışaraq baş verənləri İkinci Dünya müharibəsindən sonra Avropanın bölüşdürülməsi üçün keçirilmiş 1945-ci il Yalta konfransının iqtisadi versiyası adlandırıb. Avropa rəsmiləri isə Avropanın maliyyə qurumlarında saxlanılan həmin dondurulmuş Rusiya vəsaitlərindən Ukrayna hökumətinə kredit vermək üçün istifadə olunmasını istəyirlər. Ukrayna ciddi maliyyə çatışmazlığı ilə üzləşib və bu pullar silah alınması və dövlətin işlək qalması üçün həyati əhəmiyyət daşıyır.

Bundan əlavə, avropalılar ABŞ-ın Ukrayna müharibəsinin həlli ilə bağlı yanaşmasının Rusiyaya iqtisadiyyatı canlandırmaq və hərbi gücünü artırmaq üçün nəfəs dərməyə imkan verəcəyindən ehtiyat edirlər. WSJ-nin əldə etdiyi yeni Qərb kəşfiyyat qiymətləndirməsinə görə, Rusiya iqtisadiyyatı artıq altı aydır formal resessiya vəziyyətindədir və həm müharibə iqtisadiyyatını idarə etmək, həm də qiymətləri nəzarətdə saxlamaq cəhdləri bank sektorunda sistem riskləri yaradıb.

Amerikalı danışıqlar aparanlar isə bildirirlər ki, Avropanın yanaşması dondurulmuş aktivləri çox tez tükəndirərdi. Vaşinqton isə Uoll-Strit rəhbərlərini və böyük özəl investisiya fondlarının milyardlarla dollarını cəlb edib vəsaitləri artırmaq və mövcud resursları dəfələrlə böyütmək niyyətindədir.

Danışıqlarda iştirak edən şəxslərdən birinə görə, ABŞ idarəçiliyi altında ümumi portfel 800 milyard dollara qədər çata bilər. O bildirib: "Bizim məntiq sadədir — biz maliyyənin necə böyüdüyünü həqiqətən yaxşı bilirik”.

Bundan əvvəl UNIAN yazmışdı ki, Ukrayna üçün sülh sazişinin konturları artıq aydınlaşır. Yaxın vaxtlarda Ukrayna suverenliyi təhlükəsizlik zəmanətləri ilə qorunan, Aİ-yə inteqrasiyanı və iqtisadi bərpanı nəzərdə tutan uzunmüddətli sülh razılaşması əldə edə bilər.

Ukraynanın uzun illər davam edən genişmiqyaslı müharibədən sonra bərpası məsələsi ABŞ-la ayrıca müzakirə olunub. Danışıqlarda ABŞ tərəfdən Skott Bessent, Cared Kuşner və dünyanın ən böyük aktiv idarəedicisi olan BlackRock-un 10 trilyon dollardan çox aktivə sahib baş direktoru Larri Fink iştirak edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->