Xəbər lenti

ABŞ Senatı Rusiya neftinə qarşı sanksiya düyməsini basdı - Yeni qanun layihəsi
Dünya 15:55 17.12.2025

ABŞ Senatı Rusiya neftinə qarşı sanksiya düyməsini basdı - Yeni qanun layihəsi

Bir qrup senator ABŞ Senatına "Decreasing Russian Oil Profits Act of 2025” adlı iki partiyalı qanun layihəsi təqdim edib. Sənəd Rusiyadan neft və neft məhsullarının alınmasına və ya onların idxalına yardım göstərilməsinə görə sanksiyaların tətbiqini nəzərdə tutur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina "Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsinin müəllifləri respublikaçılar Devid MakKormik və Con Qasted, eləcə də demokratlar Elizabet Uorren və Kris Kunsdur.
"Qanun layihəsinin müəllifləri qeyd ediblər ki, Rusiya neftinin alınması Ukraynaya qarşı müharibəni maliyyələşdirir və bu ticarətə yardım edən istənilən ölkə, şirkət və ya maliyyə vasitəçisi nəticələri – o cümlədən ABŞ maliyyə sisteminə çıxışın itirilməsi riskini – dərk etməlidir”, – deyə Stefanişina bildirib.

O vurğulayıb ki, bu qanun layihəsi Rusiyanın neft gəlirlərinə qarşı sanksiya təzyiqinin gücləndirilməsi üçün hüquqi baza yaradır.

"Sənəd qəbul edilərsə, ABŞ prezidenti 90 gün ərzində Rusiya neftinin idxalında iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə borclu olacaq. Siyahını maliyyə naziri dövlət katibi ilə məsləhətləşmələrdən sonra formalaşdıracaq”, – deyə səfir əlavə edib.

Stefanişinanın sözlərinə görə, bu qanunvericilik təşəbbüsü aqressora qarşı iqtisadi təzyiqin artırılmasına dair güclü iki partiyalı dəstəyi nümayiş etdirir.

Daha əvvəl UNIAN xəbər vermişdi ki, sanksiyalar "Rosneft”ə ciddi zərbə vurub: neft nəhənginin 2025-ci ilin yanvar–sentyabr aylarında gəlirləri cəmi 277 milyard rubl (3,3 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70% azdır (926 milyard rubl və ya 9,97 milyard dollar).

Eyni zamanda, "Sky News”un beynəlxalq müşahidəçisi Dominik Vaqhorn yazır ki, sanksiyalar Vladimir Putini sındırmayıb, əksinə onu daha da aqressiv edib. Çünki ABŞ getdikcə Ukraynaya dəstəkdən çox, Rusiya ilə ticarət və biznes razılaşmalarına fokuslanır.

Dekabrın əvvəlində məlum olub ki, ABŞ Rusiyanın "Lukoyl” şirkətinə qarşı sanksiyaların bir hissəsini müvəqqəti dayandırıb. Belə ki, şirkətin Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Amerikadakı yanacaqdoldurma məntəqələri ilə əməliyyatlara 29 aprel 2026-cı ilədək icazə verilib. Vaşinqton bu addımı "istehlakçılara və adi əməliyyatlar aparmaq istəyən tədarükçülərə dəyən zərəri azaltmaq” məqsədi ilə izah edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->