Xəbər lenti

Kiyev NATO kartını masadan götürür - Kremlin cavabı nə olacaq?
Dünya 18:35 15.12.2025

Kiyev NATO kartını masadan götürür - Kremlin cavabı nə olacaq?

"Kiyevin NATO-ya üzvlükdən imtina etməsi fonunda Rusiyanın müharibəni dayandırmağa razılıq verməməsi Tramp tərəfindən Moskvaya irad tutulması ilə nəticələnə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ukrayna prezidenti Volodimir Zelenskinin təhlükəsizlik zəmanəti verilməsilə NATO-ya üzvlükdən imtina barədə açıqlamasına Rusiyanı hansı reaksiya verəcəyini şərh edərkən deyib. 

Ekspert qeyd edir ki, Donbasın kiçik bir hissəsi Ukraynanın əlində qalıb: 

"Böyük hissəsi isə Rusiyanın əlindədir. Rusiyanın əsas tələbi də məhz Kiyevin NATO-ya üzv olmaması məsələsilə bağlı idi. Ukrayna hökuməti bildirirdi ki, bu mümkün deyil. Çünki Konstitusiyalarında NATO-ya üzv olmaqla bağlı konkret maddə var. Konstitusiyanı dəyişmək üçünsə referendum keçirilməlidir. Bunu necə edəcəkləri də sual olaraq qalır”. 
 

 
Politoloq onu da bildirir ki, Moskva hələ müharibə aparmaq imkanındadır: 

"Rusiyaya gəldikdə, sanksiyalar bu ölkənin iqtisadiyyatını ciddi yük altına alıb. Amma görünən odur ki, Rusiyanın hələ müharibə aparmaq imkanları var. Belə vəziyyətdə Rusiya Kiyevin NATO-dan imtina etməsi fonunda da öz şərtlərindən yəqin ki, geri çəkilməz. Düzdür, NATO məsələsi Rusiya üçün vacib şərtdir”. 
Ekspert düşünür ki, mövcud situasiyada Moskvanın yenə də "yox” cavabı verməsi, ona qarşı təzyiqlərin daha da artması ilə nəticələnəcək: 

"Kiyevin ondan imtina etməsi fonunda Rusiyanın müharibəni dayandırmağa razılıq verməməsi Tramp tərəfindən Moskvaya irad tutulması ilə nəticələnə bilər. 
Ona görə də burada Moskva çətin vəziyyətdə qalır. Bu zaman Kremlin bir yeganə tələbi ola bilər, bu da Donbasın tamamilə Rusiyaya verilməsidir. Ərazi məsələsi və NATO-ya üzvlük məsələsinə Moskva həssas tələb kimi baxır. Digər ciddi olmayan tələblərinə isə göz yuma bilər”. 

İ. Vəlizadənin fikrincə, ola bilsin, tərəflər ərazilərin dəyişdirilməsi ilə məsələni kompromis yolla həll etsinlər:

"Məsələn, Rusiya Xarkov və Sumı vilayətində nəzarət etdiyi ərazilərdən çıxmaqla Donbasın qalan hissəsini də özünə götürə bilər”. 

Qeyd edək ki, iki gündür dünyanın diqqəti Berlinə yönəlib. Burada dünən Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə sülh planını razılaşdırmaqla bağlı Ukrayna nümayəndələri arasında görüş olub. Bu gün isə görüş daha böyük heyətlə davam edir. Amerikalı nümayəndələr Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə görüşəcəklər. 

Bu arada Zelenski onu da bəyan edib ki, Ukrayna NATO-ya üzvlükdən imtina etməyə hazırdır. Amma əvəzində Qərbdən daha ciddi təhlükəsizlik təminatları tələb edib. Ərazi güzəştləri məsələsində isə Kiyev hələlik müqavimət göstərərək geri çəkilmir. Sadəcə, bu məsələnin referendum yolu ilə həll oluna biləcəyini bildirirlər. 
Xatırladaq ki, Rusiyanın Ukraynada müharibəyə başlamasına bəhanə də məhz Kiyevin NATO-ya üzv olmaq istəyi idi. İndi isə Ukrayna bu tələbindən geri çəkilir. Məntiqlə bu vəziyyət Kremli də razı salmalıdır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->