Azərbaycan iqtisadiyyatı yeni və həlledici bir mərhələyə daxil olur.
Qaynarinfo-nun verdiyi məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən
"Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” (
buradan bax) ölkənin yalnız dövlət idarəçiliyində deyil, biznes mühitində, əmək bazarında və innovasiya ekosistemində köklü dəyişikliklərə start verməyi hədəfləyir. Sənəd faktiki olaraq Azərbaycanın iqtisadi modelinin resurs əsaslı strukturdan texnologiya və bilik əsaslı struktura transformasiyasını nəzərdə tutur.
Bu Strategiya təkcə elektron xidmətlərin artırılması ilə məhdudlaşmır. Burada söhbət rəqəmsal dövlətin qurulması, rəqəmsal sahibkarlığın təşviqi və rəqəmsal bacarıqlara malik yeni insan kapitalının formalaşdırılmasından gedir.
Startaplardan qlobal bazarlara: kəmiyyət yox, keyfiyyət yanaşması
Strategiyanın ən diqqətçəkən istiqamətlərindən biri startap ekosistemi ilə bağlıdır. Tədbirlər Planına əsasən, 2029-cu ilə qədər Azərbaycanda 250 yeni startapın yaranması nəzərdə tutulur. Lakin sənəd açıq şəkildə göstərir ki, əsas məqsəd sadəcə startap sayını artırmaq deyil.
Planlaşdırılır ki:
- bu startaplardan ən azı 25-i dayanıqlı biznes modelinə çevrilsin,
- 15 startap və ya tədqiqat əsaslı layihə real məhsul mərhələsinə keçsin,
- nəticə etibarilə Azərbaycan brendi altında 10 yeni rəqəmsal məhsul və xidmət yerli və xarici bazarlara çıxarılsın.
Bu yanaşma onu göstərir ki, dövlət ilk dəfə olaraq startap sektoruna investisiya deyil, həm də ekosistem prizmasından baxır: ideya → məhsul → bazar → ixrac zənciri.
İnsan kapitalı: strategiyanın "yumşaq”, amma həlledici tərəfi
Sənəddə insan kapitalı rəqəmsal transformasiyanın əsas dayağı kimi təqdim olunur. Rəqəmsal iqtisadiyyatın yalnız texnologiya ilə deyil, bilik və bacarıqla mümkün olduğu açıq şəkildə vurğulanır.
Bu çərçivədə:
- hər il 200 gəncin xaricdə təhsili üçün təqaüd proqramı,
- ölkə daxilində 50 xüsusi İKT təqaüdü,
- 5 yeni texnoloji peşə proqramı və bu proqramlar üzrə 500 məzun,
- real sektorla əlaqəni gücləndirmək üçün 2000 nəfərlik mentorluq və karyera proqramları nəzərdə tutulur.
Bu addımlar əmək bazarında xroniki problem olan "diplom var, bacarıq yoxdur” boşluğunu aradan qaldırmağa yönəlib.
Biznesin rəqəmsal transformasiyası: bankdan platformaya keçid
Strategiya sahibkarlar üçün də yeni imkanlar açır. Xüsusilə diqqətçəkən məqam yerli bizneslərin qlobal e-ticarət platformalarına çıxışının institusional şəkildə dəstəklənməsidir. Sənədə əsasən, Azərbaycan sahibkarlarının Amazon, AliExpress və oxşar beynəlxalq platformalarla əməkdaşlığı sadələşdiriləcək.
Bununla yanaşı, ölkədə ilk dəfə olaraq pilot kraudfandinq platformasının yaradılması planlaşdırılır. Bu platforma vasitəsilə ən azı 50 biznes layihəsi bank kreditindən kənar, birbaşa ictimai maliyyələşmə yolu ilə dəstək ala biləcək.
Digər vacib məqam isə universitetlər və elmi-tədqiqat mərkəzlərində yaranan "spin-off” layihələrinin ən azı 20%-nin kommersiyalaşdırılmasıdır. Bu, elmin laboratoriyadan bazara çıxması baxımından ciddi yenilik sayılır.
İnfrastruktur və məlumat: rəqəmsal iqtisadiyyatın görünməyən sütunları
Strategiya rəqəmsal iqtisadiyyatın texniki əsaslarını da detallı şəkildə əhatə edir. Buraya:
- beynəlxalq standartlara cavab verən ən azı iki Tier III səviyyəli data mərkəzi,
- dövlət məlumatlarının şəffaflığı üçün "Açıq Reyestrlər” platforması,
- proqramçılar və tədqiqatçılar üçün ən azı bir açıq mənbə platformasına (GitHub və s.) ödənişsiz giriş daxildir.
Xüsusilə "Rəqəmsal Əkiz (Digital Twin)” texnologiyasının tətbiqi şəhərsalma, infrastruktur və dövlət idarəçiliyində qərarverməni daha dəqiq və data əsaslı edəcək.
Neftdən kodlara keçid: Rəqəmsal iqtisadiyyat strategiyası Azərbaycanın gələcəyini necə dəyişəcək?
2026–2029-cu illər üçün Rəqəmsal iqtisadiyyat strategiyası mahiyyət etibarilə Azərbaycanın neft gəlirlərini intellektual kapitala çevirmə cəhdi kimi qiymətləndirilə bilər. Sənədin uğuru isə texniki icradan çox, institusional iradədən və koordinasiyadan asılı olacaq.
Əgər planlaşdırılan tədbirlər ardıcıl və şəffaf icra olunarsa, Azərbaycan regionda təkcə enerji ixracatçısı deyil, rəqəmsal həllər və texnoloji xidmətlər ixrac edən ölkə statusuna da iddialı şəkildə yaxınlaşa bilər.
"Sənəddə nəzərdə tutulanlar maraqlı tərəfləri cəlb etməklə düzgün icra edilərsə, normal kordinasiya olarsa, hesabatlılıq və şəffaflıq təmin olunarsa rəqəmsallaşma ölkə iqtisadiyyatında xeyli dərəcədə hiss olunan nəticələr verə biləcək"- Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sənədi şərh edərkən deyir.
Ekspertin sözlərinə görə, bu strategiyada əsas yük və cavabdehlik İqtisadiyyat Nazirliyinin üzərindədir – 52 təşəbbüsün böyük hissəsi və 8 əsas təşəbbüs birbaşa bu qurumun icrasına bağlıdır. Digər əsas icraçılar isə RİNN və ETN-dir. Eyni zamanda təxminən 15 mərkəzi icra qurumu da bu prosesdə iştirak edəcək:
"Əsas məsələ indi bu 52 tədbirin və 8 əsas təşəbbüsün formal yox, real icra olunmasıdır".
Aydın
P.S.: Növbəti yazımızda sənədin icrası ilə bağlı risklər və və açıq qalan suallara toxunacağıq.
Şərhlər