Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni dayandırmaq məqsədilə 14 dekabrda Berlində ABŞ nümayəndələri ilə keçirilən beş saatlıq danışıqlar zamanı ölkəsinin NATO-ya üzvlük istəklərindən imtina etməyi təklif edib.
Qaynarinfo "Reuters”ə
istinadla xəbər verir ki, danışıqlar 15 dekabr, bazar ertəsi günü davam etdiriləcək.
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkofun sözlərinə görə, onun və Trampın kürəkəni Cared Kuşnerin Zelenski ilə görüşü zamanı "əhəmiyyətli irəliləyiş əldə olunub”, lakin digər detallar açıqlanmayıb.
Zelenskinin müşaviri Dmitro Litvin bildirib ki, danışıqlar başa çatdıqdan sonra – bazar ertəsi günü – Ukrayna lideri mövzuya münasibət bildirəcək. Onun sözlərinə görə, hazırda sənədlərin layihələri nəzərdən keçirilir.
"Danışıqlar beş saatdan çox davam etdi və bu gün səhər yenidən başlamaq barədə razılıqla başa çatdı”, – Litvin WhatsApp çatında jurnalistlərə bildirib.
"Reuters”in yazdığına görə, danışıqlardan əvvəl Zelenski Qərbin təhlükəsizlik zəmanətləri müqabilində Ukraynanın NATO-ya üzvlükdən imtina edə biləcəyini təklif edib. Bu addım Ukrayna üçün ciddi mövqe dəyişikliyi hesab olunur və Rusiyanın müharibədəki əsas məqsədlərindən birinə uyğun gəlir. Bununla belə, jurnalistlər qeyd edirlər ki, Kiyev ərazilərin Moskvaya verilməsindən imtina etməkdə davam edir.
"20 maddəlik sülh planı, iqtisadi proqramlar və digər məsələlər üzrə dərin müzakirələr aparılıb. Əhəmiyyətli irəliləyiş əldə olunub və tərəflər sabah səhər yenidən görüşəcəklər”, – Uitkoff X sosial şəbəkəsində yazıb.
"Reuters”in mənbəsinə görə, danışıqlara Almaniya kansleri Fridrix Mers ev sahibliyi edib. O, tərəfləri təkbətək danışıqlara buraxmazdan əvvəl qısa çıxış edib. Digər Avropa liderlərinin də 15 dekabrda Almaniyaya gəlməsi gözlənilir.
Zelenski jurnalistlərin WhatsApp çatındakı suallarına cavabında bildirib ki, Ukraynanın ilkin mövqeyi NATO-ya üzvlük olub, çünki bu, real təhlükəsizlik zəmanətidir. Lakin ABŞ və Avropadakı bəzi tərəfdaşlar bu kursu dəstəkləməyiblər. Buna görə də, hazırda ABŞ ilə ikitərəfli təhlükəsizlik zəmanətləri, NATO-nun 5-ci maddəsinə bənzər ABŞ zəmanətləri, eləcə də Avropa ölkələri, Kanada və Yaponiya tərəfindən veriləcək zəmanətlər növbəti Rusiya işğalının qarşısını almaq üçün mümkün variant kimi nəzərdən keçirilir.
Zelenski vurğulayıb ki, bu artıq Ukrayna tərəfinin kompromisidir və təhlükəsizlik zəmanətləri hüquqi baxımdan məcburi olmalıdır.
Bu arada Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına müsahibəsində Trampın öz nümayəndələrini göndərməsini "yaxşı siqnal” adlandırıb. O, Uitkoff və Kuşnerin – hər ikisinin biznesmen olmasına baxmayaraq – danışıqlarda iştirak etməsini şərh edərkən bildirib:
"Bu, əlbəttə ki, bu cür danışıqlar üçün ideal vəziyyət deyil. Bu aydındır. Amma deyildiyi kimi, meydançada olanlarla rəqs etmək lazımdır”.
Ukraynanın NATO-dan imtina qarşılığında təhlükəsizlik zəmanətləri təklifi ilə bağlı Pistorius xatırladıb ki, Kiyevin bu məsələdə acı təcrübəsi var. 1994-cü ildə Ukrayna ABŞ, Rusiya və Böyük Britaniyadan ərazi bütövlüyünə zəmanət alaraq nüvə arsenalından imtina etmişdi.
"Buna görə də Zelenskinin bu açıqlamasının nə dərəcədə real olacağını və hansı ilkin şərtlərin yerinə yetirilməli olduğunu görmək qalır. Bu, ərazi məsələlərinə, Rusiyanın və digər ölkələrin öhdəliklərinə aiddir”, – deyə Pistorius bildirib və əlavə edib ki, xüsusilə ABŞ-ın ciddi iştirakı olmadan təkcə təhlükəsizlik zəmanətləri "böyük dəyərə malik olmayacaq”.
Qeyd olunur ki, Böyük Britaniya, Fransa və Almaniya ötən ay açıqlanan ABŞ layihəsindəki təklifləri təkmilləşdirməyə çalışır. Həmin layihədə Kiyevdən böyük ərazi güzəştləri, NATO ambisiyalarından imtina və silahlı qüvvələrin məhdudlaşdırılması tələb olunurdu.
Avropalı müttəfiqlər bu mərhələni "kritik an” adlandıraraq, Ukraynanın gələcəyinin məhz indi müəyyənləşə biləcəyini bildiriblər. Onlar həmçinin Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərdən istifadə etməklə Kiyevin hərbi və mülki büdcəsinin maliyyələşdirilməsini artırmaq istəyirlər.
Daha əvvəl "The Wall Street Journal” yazmışdı ki, Ukrayna ilə Qərb tərəfdaşları arasında danışıqlar, hətta Rusiya iştirak etmədən belə, qarşıdurmaya çevrilib. Qəzetin məlumatına görə, ABŞ administrasiyası Kiyevə təzyiqi artıraraq, onu ilin sonuna qədər Rusiya ilə sülh razılaşmasına getməyə razı salmağa çalışır.
Zelenski isə ABŞ və Rusiyanın irəli sürdüyü tələbləri ədalətsiz adlandırıb. Onun sözlərinə görə, Rusiya "güc sərf etmədən ölkənin şərqini diplomatik-siyasi yolla işğal etmək” istəyir.
"Mən hesab edirəm ki, bu gün üçün ədalətli mümkün variant ‘harada dayanmışıqsa, orada qalmaqdır’. Bu, faktiki olaraq atəşkəsdir. Tərəflər mövqelərində qalır, sonra isə bütün məsələləri diplomatik yolla həll etməyə çalışırlar. Bilirəm ki, Rusiya buna müsbət yanaşmır. Biz istəyərdik ki, amerikalılar bu mövqeni dəstəkləsinlər. Amma bizim ‘harada dayanmışıqsa, orada qalırıq’ təklifinə ruslar cavab olaraq bildirirlər ki, ya Donbasdan çıxmalıyıq, ya da onlar oranı hər halda işğal edəcəklər”, – deyə Zelenski bildirib.
Alpər
Şərhlər