Xəbər lenti

Bankların müştərilərin xəbəri olmadan “qopardığı” xidmət haqları - Bu, nə qədər qanunidir?
Ekonomiks 17:17 08.12.2025

Bankların müştərilərin xəbəri olmadan “qopardığı” xidmət haqları - Bu, nə qədər qanunidir?

Bəzi banklar müştərinin kartından, işsiz qalması halında kredit öhdəliyini qarşılamaq məqsədilə əlavə sığorta ödənişləri və s. xidmət haqları tutur. Bu ödənişlər bir çox müştəri tərəfindən narazılıqla qarşılanır, çünki ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılma imkanları barədə kifayət qədər məlumat olmur.

Bəs Azərbaycan qanunvericiliyinə görə, hər bir əlavə xidmət müştərilərin razılığı olmadan aparıla bilər? Bunu istehlakçı hüquqlarının pozulması hesab etmək olarmı?

Bank eksperti İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bankların əsas missiyası şəffaflıq, etibar və təhlükəsiz xidmətdir, ona görə də əlavə sığorta məhsullarının heç biri məcburi ola bilməz:

"Bu xidmətlər yalnız müştərinin könüllü razılığı ilə təqdim olunur. İstənilən vaxt da imtina mümkündür. Əgər bank "məcburidir" deyirsə, bu, həm qanunsuz, həm də etik olmayan yanaşmadır. Çünki bankın birbaşa vəzifəsi kart əməliyyatlarının təhlükəsizliyini təmin etmək, 3D Secure, SMS təsdiqləmə və monitorinq sistemlərini ödənişsiz təqdim etmək, riskləri idarə etməkdir. "Dələduzluq sığortası” bankın öz təhlükəsizlik öhdəliyini müştəriyə satması demək deyil".
 


Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, banklar tərəfindən əlavə xidmətin ödənişi müştərinin açıq və aydın razılığı olmadan tutulmamalıdır:

"Mülki Məcəllənin 422 və 423-cü maddələri, həmçinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsi tələb edir ki, bütün müqavilə şərtləri müştəriyə əvvəlcədən, açıq şəkildə təqdim olunsun. "İşsizlik sığortası”, "dələduzluq sığortası” və digər əlavə xidmətlər yalnız müştərinin yazılı və ya elektron təsdiqi ilə aktivləşdirilə bilər. Razılıq yoxdursa, tutulmuş məbləğ hüquqi qüvvə daşımır və bu, istehlakçı hüquqlarının pozulmasıdır”.

İsmayıl Məmmədov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşın hüquqları çox açıq şəkildə qorunur: 

"Bunun üçün banklar tərəfindən ödəniş razılıqsız tutulubsa, müştəri:
 
- Bankdan yazılı izahat tələb edə və vəsaitin geri qaytarılmasını istəyə bilər
- Cavab qane etməzsə – Azərbaycan Mərkəzi Bankına şikayət verə bilər
- Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər
- Son mərhələ olaraq – məhkəmə qaydasında mübahisə edilə bilər

Çünki bu, artıq istehlakçı hüquqlarının pozulması faktı kimi qiymətləndirilir".
 
Ekspertin sözlərinə görə, Bank xidmətləri üzrə şərtlər və tariflərdə dəyişikliklər ən azı 30 gün əvvəl müştəriyə rəsmi kanallarla çatdırılmalıdır:

"Ancaq ən əsas norma budur ki, müştəri kartı sifariş etməzdən və müqaviləni imzalamazdan əvvəl bütün xidmətlər barədə tam məlumatlandırılmalıdır”.

"Bu ödəniş bir dəfəlikdir, yoxsa hər ay tutulur?” sualına cavab olaraq isə həmsöhbətimiz qeyd edib ki, bu bankdan bankа dəyişir: "Bəzi banklar aylıq, bəziləri isə illik sığorta haqqı tətbiq edir".

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->