"Vladimir Putin amansız avtokrat və beynəlxalq arenada manipulyasiya ustası kimi tanına bilər. Lakin elə amillər var ki, onlar onun Ukraynaya qarşı aqressiyasını həqiqətən dayandıra bilər”.
Qaynarinfo xəbər verir ki, bu fikirlər BBC-nin təhlilində yer
alır. BBC yazır ki, mərhum ABŞ senatoru Con Makkeyn zarafatla deyirmiş: "Putinin gözlərinə baxanda üç hərf görür — "K, Q və B”, bununla da onun Sovet kəşfiyyatında zabit kimi keçmişinə işarə edirdi.
Nəşr qeyd edir ki, Putin belə hesab edir: ABŞ-la münasibətlərin yaxşılaşması və Ukraynada döyüş meydanındakı uğurlar fonunda diplomatik vəziyyət onun xeyrinə dəyişib. Bir sıra analitiklərin fikrincə, Putinin tələblərindən geri çəkilməsi üçün stimulu yoxdur. Bu tələblərə Ukraynanın Donbası tam təhvil verməsi, işğal olunmuş ərazilərin beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınması, Ukrayna Silahlı Qüvvələrinin ixtisarı və NATO üzvlüyünün birdəfəlik istisna edilməsi daxildir.
Mümkün senarilər
Mövcud şəraitdə bir neçə senari mümkündür. Birincisi, ABŞ prezidenti Donald Tramp Ukraynanı onun üçün qəbuledilməz şərtlərlə — ərazi güzəştləri və gələcək Rusiya aqressiyasını cilovlamaq üçün təhlükəsizlik zəmanətləri olmadan — atəşkəsə məcbur edə bilər. Tərəflərdən biri imtina edərsə, Tramp "əlini yuma” biləcəyinə eyham vurub.
Bu halda o, Ukraynanı Rusiya dronlarının aşkarlanması və RF ərazisindəki enerji obyektlərinə zərbələr üçün həyati əhəmiyyət daşıyan ABŞ kəşfiyyat məlumatlarından məhrum edə bilər.
Digər variant müharibənin sadəcə uzanması və Rusiya qoşunlarının yavaş-yavaş irəliləməyə davam etməsidir.
Tramp və Rusiya
Tramp administrasiyasının yeni milli təhlükəsizlik strategiyası Rusiyanı artıq ABŞ üçün "ekzistensial təhdid” hesab etmir və Kreml ilə münasibətlərdə "strateji sabitliyin bərpasını” zəruri sayır.
BBC sual edir: ABŞ-ın Ukraynaya dəstəyinə dair ciddi şübhələr fonunda Putinin Ukrayna ilə bağlı mövqeyini nə dəyişə bilər?
Avropa nə edə bilər?
"İstəkli ölkələr koalisiyası” çərçivəsində Avropa Ukraynaya gələcək Rusiya hücumlarının qarşısını almaq üçün beynəlxalq hərbi qüvvələrin formalaşdırılmasını, eləcə də ölkənin bərpası üçün maliyyə səylərini hazırlayır.
Bununla belə, bəzi rəsmi şəxslər müharibənin davam edəcəyinə hazırlaşmağın vacibliyini bildirirlər.
Avropa həmçinin Ukrayna səmasını dron və raketlərdən qorumaq üçün daha çox iş görə bilər. Artıq "Avropa Hava Qalxanı Təşəbbüsü” adlı plan mövcuddur və onu genişləndirərək Avropa HHM sistemlərinin Qərbi Ukraynanı qorumasına imkan yaratmaq olar.
Bəzi ekspertlər isə Avropa qoşunlarının Ukraynanın qərbində sərhədləri patrul etməsi ideyasını irəli sürürlər ki, bu da ukraynalı hərbçiləri cəbhə xəttində döyüşlər üçün azad edə bilər. Lakin bu cür təkliflərin əksəriyyəti Rusiyanı təxribata çəkmək və ya münaqişəni eskalasiya etmək qorxusu ilə rədd edilib.
"Chatham House” analitik mərkəzinin Rusiya və Avrasiya proqramı üzrə aparıcı tədqiqatçısı Keyr Caylz bildirib ki, bu qorxular "absurddur”, çünki Qərb qüvvələri artıq bölgədə mövcuddur və "Göy Qalxanı” sistemi Rusiyanın aviasiyası ilə minimal toqquşma riski ilə Qərbi Ukraynada yerləşdirilə bilər.
Onun fikrincə, Avropa liderləri müharibəyə "real fərq yaradacaq şəkildə” müdaxilə etməlidirlər:
"Rusiya aqressiyasını şübhəsiz dayandıracaq yeganə amil — Rusiyanın hücum etmək istədiyi yerlərdə kifayət qədər güclü Qərb qüvvələrinin mövcudluğu və onları müdafiə üçün istifadə etmək iradəsinin açıq nümayişidir”.
BBC vurğulayır ki, bu strategiya böyük siyasi çətinliklərlə üzləşəcək, çünki Avropadakı bəzi ölkələr Kreml ilə qarşıdurma riskini almaq istəmirlər.
Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin əməkdaşı Fiona Hill isə bildirib ki, Putinin ən böyük üstünlüyü bir çoxlarının Ukraynanı uduzan tərəf hesab etməsidir:
"Hamı Ukraynadan uduzan kimi danışır, halbuki hazırda onun Avropadakı ən güclü ordusu var”.
Ticarət, sanksiyalar və Rusiya iqtisadiyyatı
Sanksiyalar da mühüm təsir vasitəsidir. Rusiya iqtisadiyyatı çətin vəziyyətdədir: inflyasiya 8% səviyyəsindədir, faiz dərəcələri 16%-ə çatıb, artım tempi zəifləyib, real gəlirlər kəskin düşüb, istehlak vergiləri artıb.
Nəşr qeyd edir ki, Sülh və Münaqişələrin Həlli üzrə Sübut Platformasının hesabatına əsasən, Rusiya hərbi iqtisadiyyatının vaxtı tükənir: "Rusiya iqtisadiyyatı 2022-ci illə müqayisədə müharibəni maliyyələşdirmək baxımından xeyli zəifdir”.
Lakin bütün bunlar Kreml düşüncəsini ciddi şəkildə dəyişməyib. Çünki müəssisələr məhdudiyyətləri aşmağın yollarını tapıblar — məsələn, nefti qeydiyyatsız "kölgə” gəmilərlə daşımaqla.
BBC yazır ki, Avropa İttifaqı təxminən 200 milyard avro dəyərində dondurulmuş Rusiya aktivlərini Ukrayna üçün "reparasiya krediti” kimi istifadə etməyə razılaşa bilər. Avropa Komissiyasının son təklifi iki il ərzində 90 milyard avronun cəlb edilməsini nəzərdə tutur.
"Kiyevdə artıq bu pulların alınacağı hesablanır. Amma Aİ tərəddüd edir”, — jurnalistlər vurğulayır.
Ukraynada səfərbərlik
Ukrayna daha çox vətəndaşını səfərbər edə bilər. O, Avropada (Rusiyadan sonra) ikinci ən böyük və texnoloji baxımdan ən inkişaf etmiş ordudur, lakin demək olar ki, dörd illik müharibədən sonra çoxkilometrlik cəbhə xəttini müdafiə etməkdə çətinlik çəkir. Bir çox əsgər tükənib, dezertirlik halları artır.
Əgər Ukrayna daha çox uzaqmənzilli raket istehsal və idxal edə bilsəydi, Rusiya ərazisinə daha dərin və güclü zərbələr endirə bilərdi.
BBC qeyd edir ki, bu il Ukrayna həm işğal olunmuş ərazilərdə, həm də Rusiya daxilində hədəflərə hava zərbələrini gücləndirib.
Lakin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Mik Rayanın fikrincə, dərin zərbələr möcüzəvi həll deyil:
"Bu, son dərəcə vacib hərbi əməliyyatdır, amma təkbaşına Putini danışıqlar masasına oturtmaq və ya müharibəni udmaq üçün kifayət deyil”.
Müharibənin bitməsi ilə bağlı danışıqlar
Bəzi analitiklər hesab edirlər ki, Putinə müharibədən "çıxış yolu” təklif edilsə, o bunu seçə bilər.
Bu məsələdə ən qeyri-müəyyən amil Çindir. Çin prezidenti Si Szinpin Putinin qulaq asdığı nadir dünya liderlərindən biridir. Bundan əlavə, Rusiya hərbi maşını elektronika və avadanlıq kimi ikili təyinatlı malların Çindən tədarükündən ciddi şəkildə asılıdır.
BBC yazır:
"Əgər Pekin müharibənin davamının artıq onun maraqlarına cavab vermədiyi qənaətinə gəlsə, bu, Kreml düşüncəsinə ciddi təsir göstərəcək”.
Qeyd edək ki, Avropa İttifaqını Ukraynanı qorumaq cəhdlərində həlledici həftə gözləyir. Yaxın günlərdə Avropa liderləri Ukrayna ilə bağlı iki əsas məsələni həll etməyə çalışacaq və bu, onlar üçün ciddi sınaq olacaq.
Birinci sınaq bu gün Ukrayna və ABŞ nümayəndə heyətləri ilə Trampın "sülh planı” ətrafında aparılan danışıqlarla başlayır. İkinci sınaq isə cümə axşamı "reparasiya krediti”nin taleyinin həll ediləcəyi vaxt baş tutacaq.
Alpər
Şərhlər