Çinin səhralaşma və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə həyata keçirdiyi genişmiqyaslı ağacəkmə təşəbbüsləri ölkənin su ehtiyatlarını gözlənilməz və geniş təsirli şəkildə dəyişdirib. Yeni elmi araşdırma göstərir ki, bu layihələr şirin su ehtiyatlarını azaltdığı üçün ölkə üzrə su dövranı üzərində böyük təsir yaradıb.
Qayanrinfo xəbər verir ki, Yeni tədqiqatın nəticələrinə görə, 2001–2020-ci illər arasında bitki örtüyündə baş verən dəyişikliklər, Çinin torpaq sahəsinin böyük hissəsini təşkil edən şərq musson və şimal-qərb quraq bölgələrində insanlar və ekosistemlər üçün mövcud olan şirin suyun azalmasına səbəb olub. Eyni dövrdə Tibet yaylası ərazisində isə su bolluğu artıb.
Araşdırmanın müəlliflərindən biri bildirir ki, torpaq örtüyündə dəyişikliklər suyun yenidən paylanmasına gətirib çıxarır və son illərdə həyata keçirilən genişmiqyaslı yaşıl layihələr təkcə ekosistemləri canlandırmır, həm də su dövranını yenidən hərəkətə gətirir.
Bitkilərin suyu atmosferə daşıma gücü
Su, buxarlanma və bitkilərin transpirasiyası ilə qitələr və atmosfer arasında dövr edir. Bitkilərin torpaqdan çəkdiyi suyu atmosferə qaytarması transpirasya, səthlərdən buxarlanma isə evapotranspirasiya adlanır və mütəxəssislərə görə, ağacların dərin kökləri səbəbindən həm otlaq sahələri, həm də xüsusilə meşələr evapotranspirasiyanı artırır.
Çinin ən böyük ekoloji layihələri arasında 1978-ci ildə səhralaşmanın qarşısını almaq üçün başlanan "Böyük Yaşıl Sədd" və 1999-cu ildə həyata keçirilən "Taxıl Əvəzində Yaşıllıq" proqramı kimi təşəbbüslər var. Bu genişmiqyaslı bərpa işləri qlobal yarpaq örtüyü artımının 1/4-ni təşkil edir.
Lakin həyata keçirilən yaşıllaşdırma tədbirləri Çinin su dövranını ciddi şəkildə dəyişdirib və həm evapotranspirasiyanı, həm də yağıntını artırıb. Tədqiqatçılar hesab edir ki, ümumilikdə evapotranspirasiya yağıntıdan daha çox artdığı üçün suyun müəyyən hissəsi atmosferə "itir”.
Buna baxmayaraq, küləklərin suyu mənbədən çox uzaqlara, təxminən 7.000 kilometrə qədər daşıya bilməsi səbəbilə bu dəyişikliklər ölkə üzrə bərabər yayılmır. Bu isə bir bölgədəki evapotranspirasiyanın çox vaxt başqa bir bölgədə yağıntıya təsir etməsi deməkdir.
Yerli su itkisi böyük idarəetmə çətinliyi yaradır
Araşdırma müəllifləri bildirir ki, Çinin şərq musson bölgəsində meşələrin genişlənməsi və ölkənin digər hissələrində otlaq sahələrinin bərpası evapotranspirasiyanı artırıb. Lakin yağıntı artımı yalnız Tibet yaylasında müşahidə olunub. Bu isə digər bölgələrdə su mövcudluğunun azalmasına gətirib çıxarıb. Mütəxəssis deyir ki, su dövranı daha aktivləşsə də, yerli miqyasda əvvəlkindən daha çox su itir.
Bu vəziyyət su idarəçiliyi baxımından ciddi nəticələr yaradır. Çində su ehtiyatları bölgələr üzrə bərabər paylanmayıb: ölkənin şimal hissəsində su ehtiyatlarının cəmi 20 faizi mövcuddur, lakin əhalinin və əkinə yararlı torpaqların böyük hissəsi məhz burada yerləşir. Çin hökuməti bu uyğunsuzluğu aradan qaldırmağa çalışsa da, mütəxəssislər hesab edir ki, yaşıllaşdırma nəticəsində suyun yenidən paylanması nəzərə alınmadığı təqdirdə bu tədbirlər uğurlu olmayacaq.
Bundan əlavə, ekoloji bərpa və meşəsalma digər ölkələrin su dövranına da təsir etmək potensialına malikdir. Mütəxəssislər bildirir ki, su ehtiyatları baxımından torpaq örtüyündə dəyişikliklərin faydalı olub-olmaması hər bir vəziyyət üzrə ayrıca qiymətləndirilməlidir. Bu təşəbbüslərin nə qədər səmərə verəcəyi isə atmosferə qarışan suyun hansı bölgələrdə yenidən yağıntı kimi geri dönəcəyindən asılıdır.
Aydın
Şərhlər