Xəbər lenti

Alimlərdən vacib kəşf: Bu 4 yaş beynimiz üçün çox önəmlidir
Sağlamlıq 23:43 06.12.2025

Alimlərdən vacib kəşf: Bu 4 yaş beynimiz üçün çox önəmlidir

İnsan doğulduğu andan etibarən fasiləsiz dəyişmə prosesinə daxil olur. Xüsusilə beynimiz hər yaş dövründə fərqli xüsusiyyətlər göstərir. 

Qaynarinfo xəbər verir ki, son günlərdə İngiltərədə aparılan bir araşdırmada yaş dövrlərinin dönüş nöqtələri müəyyənləşdirilib. Əldə edilən bəzi nəticələr isə elm adamlarını belə heyrətə salıb.

Kembric Universitetində aparılan yeni araşdırmada, insan ömrü boyunca beyin inkişafının beş fərqli mərhələsi müəyyənləşdirilib və bu mərhələlər beynin yenidən qurulma proseslərinin dəyişdiyi dörd dönüm nöqtəsi ilə qeyd olunub.

Araşdırmanın aparıcı müəllifi və Kembric Universitetinin əməkdaşı Alexa Mausli "National Geographic"ə açıqlamasında bu dönüş nöqtələrinin 9, 32, 66 və 83 yaşlar olduğunu bildirərək deyib: "Beynin fərqli zamanlarda fərqli şeylər etməsini gözləyirik. Bu mərhələlər beyin inkişafının xətti olmadığını göstərir".

Körpəlikdən 90 yaşa qədər həyat təcrübələri xəritələşdirildi

Tədqiqatçılar bu mərhələləri müəyyənləşdirmək üçün təxminən 4 000 nəfərin beyin görüntüləmələrindən əldə edilən məlumatları araşdırıblar. Elektrik siqnallarının sinir lifləri boyunca hərəkətini sürətləndirən yağlı izolyasiya materialı olan miyelinə və suyun bu liflər boyunca hərəkətinə fokuslanan mütəxəssislər bu yolla beynin müxtəlif bölgələrinin bir-biri ilə necə əlaqə qurduğunu ortaya çıxarıblar. Mausli deyib: "Miyelin əlaqəni izolyasiya edir və sürətləndirir".

Bu xüsusiyyətləri körpəlikdən 90 yaşına qədər xəritələndirən komanda beynin kommunikasiya yollarının necə gücləndiyini, necə sabitləşdiyini və sonda tanınan nümunələr şəklində necə zəiflədiyini göstərib. Gələcəkdə bu nümunələr sayəsində araşdırmaçılar müəyyən psixi sağlamlıq problemlərinin həyatın hansı dövrlərində niyə yarandığını müəyyənləşdirə və bilişsel qabiliyyətlərin qiymətləndirilməsi üçün meyarlar yarada bilərlər.

Beynimizdə hər mərhələdə nələr baş verir?



Körpəlikdən uşaqlığa (0-9): Beyin özünü yenidən qurur

Erkən uşaqlıq adətən sürətli öyrənmə dövrü kimi qəbul edilir. Lakin araşdırma qrupu bu dövrdə beynin əslində daha az səmərəli hala gəldiyini müəyyən edib.

Araşdırmaya görə, doğumdan 9 yaşına qədər olan müddətdə yaş artdıqca sinapsların – yəni neyronlar arasındakı siqnal ötürən əlaqə nöqtələrinin – sayı azalır. Yalnız ən aktiv sinapslar qalır və bu budama prosesi beyin dövrələrinin düzənlənməsinə kömək edir.

Eyni zamanda siqnal ötürülməsinə yardım edən miyelinlə zəngin ağ maddə və neyronların toplandığı boz maddə miqdarı sürətlə artır.

Mausli əvvəlki araşdırmalardan demansiya və psixi sağlamlıq kimi mövzuların beynin əlaqə qurma strukturu ilə bağlı olduğunu bildiklərini deyərək, uşaqlıqda yaranan psixi sağlamlıq pozuntuları ilə bu strukturlar arasında dəqiq əlaqə qurulmadığını, lakin bunun məntiqli bir hipotez olduğunu qeyd edib.

Yeniyetməlik (9-32): Beyin səmərəliliyi zirvəsinə çatır

İnsan 30 yaşlarının əvvəlinə çatdığında beynin səmərəliliyi ən yüksək səviyyəyə çatır. Yəni bu dövrdə beyin bölgələri bir-biri ilə ən birbaşa yollarla əlaqə qurur. Ağ maddə artmaqda davam edir, beynin ümumi əlaqələri isə ən səmərəli marşrutlardan istifadə edir.

Mausli bunun digər mərhələlərdən daha yaxşı olması anlamına gəlmədiyini bildirərək deyib: "32 yaşında səmərəliliyin zirvəyə çatması sonrakı mərhələlərin ‘pis’ olduğu anlamına gəlmir. Sadəcə fərqli dövrlərdən danışırıq”.

Araşdırmanın ən təəccüblü nəticələrindən biri isə ergenlik dövrünün düşündüyümüzdən çox daha uzun çəkməsi olub. Belə ki, beynin əlaqə qurma və inkişaf etdirmə baxımından ergenlik təxminən 32 yaşına qədər davam edir.

Mausli bu sərhədin davranışa deyil, beynin əlaqələndirmə səmərəliliyinə əsasən müəyyən edildiyini bildirərək deyib: "Tədqiqatımızda 30 yaşlarınızda yeniyetmə kimi davranmalı olduğunuzu göstərən heç nə yoxdur”.

İnsanlarda ergenlik dövrünün digər məməlilərə nisbətən daha uzun çəkdiyini xatırladan Mausli əlavə edib: "32 yaşına qədər zirvəyə çatmadığımızı düşünəndə bu həddindən artıq uzun bir müddətdir. Bu xüsusiyyət insan üçün seçici bir amildir. Bəzi nəzəriyyələrə görə insanların bu qədər müxtəlif olmasının səbəbi də budur”.



Yetkinlik (32–66): Yetkin beyin uzun durğunluq mərhələsinə daxil olur

Yetkinlik beyin inkişafının ən uzun və sabit dövrüdür. Mausli araşdırmaçıların bu 30 il ərzində struktur dəyişikliklərdə ciddi bir fərq görmədiklərini bildirərək deyib: "Dəyişikliklər olur, amma kəskin deyil".

Bu dövrdə beyin uzun durğunluq mərhələsinə daxil olur. Kommunikasiya yolları sabit qalır, əvvəlki illərdə müşahidə edilən sürətli budama və incə tənzimlənmə azalır. Keçmiş araşdırmalar da bu dövrdə şəxsiyyət və zəkanın sabitləşdiyini göstərir.

Erkən qocalıq (66–83): Beynin əlaqələri pozulmağa başlayır

66 yaş ətrafında beyin əlaqələrinin pozulmağa başladığı mərhələ başlayır. Bu dövrdə ağ maddədə daha sürətli degenerasiya müşahidə edilir.

Nəticə etibarilə beynin şəbəkəsi daha çox qruplaşmış hala gəlir: Bölgələr kiçik və sıx bağlı qruplar şəklində daha səmərəli əlaqə qurur, lakin bütün sistem üzrə geniş əlaqə qurmaq çətinləşir. Mausli "Kiçik və yaxşı əlaqəli qruplara ayrılmalar artır”, deyərək qeyd edib ki, əvvəlki araşdırmalar bu dövrü demans və hipertoniya hallarının artması ilə əlaqələndirib.



Geç qocalıq (83–90): Beyin şəbəkəsi parçalanır

Bu son mərhələdə beynin kommunikasiya şəbəkəsi daha da parçalanır. Mausli keç yaşlanma mərhələsini avtobus xətləri ilə müqayisə edərək deyib: "Bəzi avtobuslar hərəkəti dayandırır, buna görə əvvəl birbaşa xəttlə gedilən yerlərə çatmaq üçün artıq bir neçə dəyişdirmə lazım olur. Təxminimiz budur ki, əlaqələr azalır və potensial olaraq daha az əlaqə qalır. Bu səbəbdən struktur əlaqələr vasitəsilə beyin daxilində informasiya ötürülməsini təmin edən bəzi bölgələr daha kritik rol oynayır".

Bu dönüş nöqtələri beynimiz üçün nə ifadə edir?

Öncə qeyd etmək lazımdır ki, bu araşdırma əhali ortalamalarını əks etdirdiyi üçün bu mərhələlər kəskin dəyişiklik nöqtələri kimi qəbul edilməməlidir. Başqa sözlə, əksər insanlar 66 yaş günündə birdən-birə nəzərəçarpan bilişsel dəyişiklik hiss etməyəcək.

Minnesota Universitetindən neyroalim Riçard Betzel deyib: "Tutaq ki, həkimə gedib sizə dərman yazmasını istəyəcəksiniz. Mən ortalama 40 yaşlı birinə verilən dərmanı istəmərəm. Öz ehtiyaclarıma uyğun bir şey istəyərəm. Hər fərd həmin orta nöqtədə deyil”.

Bu dönüş nöqtələri alimlər üçün faydalı referans xarakteri daşıya bilər. Alimlər bu mərhələlərdə beynin hansı əlaqələrinin gücləndiyini, hansılarının zəiflədiyini və bunların öyrənmə, şəxsiyyət və psixi sağlamlıqla necə əlaqəli olduğunu daha yaxşı anladıqca, müxtəlif suallara cavab tapmaq mümkün ola bilər.

Betzel əlavə edib: "Bu dönüm nöqtələrindən birinə yaxınlaşıram. Görək nə baş verəcək?, deyə düşünmək faydalı hədəf ola bilər. Bu, beyin sağlamlığı barədə normalda düşünməyən insanları belə buna az da olsa təşviq edə bilər. Araşdırmanın əhəmiyyətli dolayı təsirə malik olacağını görürəm".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->