Günəş enerjisi bu gün çox perspektivli sayılır, baxmayaraq ki, günəş panellərinin istismarı zamanı və xüsusilə də onların xidmət müddəti başa çatdıqdan sonra ekoloji təsirlər barədə müəyyən narahatlıqlar mövcuddur. Lakin bəzi hallarda günəş panelləri ekologiya üçün əhəmiyyətli müsbət təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Futura Sciences" yazır.
Çinin qərbində yerləşən Talatan səhrasındə aparılan yeni tədqiqat göstərir ki, orada quraşdırılmış günəş panelləri öz mikroiqlimini yaradıb, torpaq tərkibini dəyişdirib və bitki örtüyünün inkişafına kömək edib.
Siançen Texnologiya Universitetinin tədqiqatçıları səhrədə böyük, bir gigavat gücündə olan və geniş sahəni əhatə edən günəş elektrik stansiyasını araşdırıblar. Komanda torpağın kimyəvi tərkibi, temperaturu, rütubəti və bioloji müxtəlifliyi daxil olmaqla 57 ekoloji göstəricini analiz edib.
Tədqiqat göstərib ki, günəş panellərinin altında torpağın ümumi "sağlamlığı” səhranın açıq torpağına nisbətən iki dəfə yaxşıdır. Bunun səbəbi aydındır: panellər davamlı kölgə təmin edir, rütubəti saxlayır və torpaq temperaturunu azaldır. Səhra şəraitində, su çox az olduğu halda, bu, bitkilərin böyüməsinə və torpağın məhsuldarlığına təsir edən mikroskopik orqanizmlərin inkişafına kömək edən əhəmiyyətli dəyişikliklərdir.
Tədqiqatçılar hesab edirlər ki, böyük günəş elektrik stansiyaları yalnız insan sivilizasiyası üçün enerji mənbəyi olmaqla kifayətlənməyib, eyni zamanda səhra bölgələrinin bərpası üçün də vasitə ola bilər. Eyni zamanda alimlər bildirirlər ki, əlavə tədqiqatlar aparmaq və bu təsirin uzun müddət ərzində öyrənilməsi vacibdir. Həmçinin hər səhranın özünəməxsus olduğunu və hər yerdə eyni təsirin olmaya biləcəyini vurğulayırlar.
Aydın
Şərhlər