Xəbər lenti

Sualtı
Dünya 14:20 18.12.2025

Sualtı "fırtınalar" Qiyamət buzlağını məhv edir: Alimlər nəticələri proqnozlaşdırdı

Güclü burulğanlı sualtı "fırtınalar” Antarktidada yerləşən iki əsas buzlağın şelf buzlarını sürətlə əridir. Alimlərin fikrincə, bu proses qlobal dəniz səviyyəsinin yüksəlməsi baxımından "uzaqmənzilli nəticələrə” səbəb ola bilər.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, söhbət Pаyn-Aylend buzlağından və onun yaxınlığında yerləşən, "Qiyamət buzlağı” kimi tanınan Tuveyts buzlağından gedir. Tədqiqat müəllifləri bildirirlər ki, bu araşdırma okeanın şelf buzlaqlarını mövsümlər və ya illər deyil, məhz saatlar və günlər ərzində necə əridə bildiyini sistemli şəkildə araşdıran ilk işdir.

Tədqiqatın diqqət mərkəzində olan sualtı "fırtınalar” submezomiqyaslı proseslər adlanır və bunlar sürətlə dəyişən, fırlanan okean burulğanlarıdır.

Araşdırmanın müəllifi və NASA-nın elmi əməkdaşı Mattia Poynelli bu prosesi belə izah edib: "Bu burulğanları fincanda suyu qarışdırarkən yaranan kiçik girdablar kimi təsəvvür edin, sadəcə çox daha sürətli fırlanırlar”.

Okeanda isə bu burulğanlar nəhəng ölçülərə malikdir və diametri 10 kilometrədək çata bilər. Onlar isti və soyuq su kütlələrinin qarşılaşdığı ərazilərdə formalaşır.

Burulğanlar açıq okeanda yaranaraq buz şelflərinin altına doğru hərəkət edir. Buz şelfinin kobud alt səthi ilə dəniz dibi arasında sıxışan bu girdablar okeanın dərinliklərindən daha isti suyu yuxarı qaldırır. Nəticədə isti su buzla "toqquşaraq” ərimə prosesini sürətləndirir.

Alimlər bu sualtı fırtınaların təsirini öyrənmək üçün kompüter modellərindən və okeanoqrafik cihazlardan əldə olunan real məlumatlardan istifadə ediblər. Nəticədə müəyyən edilib ki, digər qısamüddətli proseslərlə birlikdə bu fırtınalar doqquz aylıq dövrdə hər iki buzlaqda baş verən ərimənin təxminən 20 faizinə səbəb olub.

Poynellinin sözlərinə görə, fırtınaların xaotik təbiətinə görə onların dəqiq payını müəyyən etmək çətindir, lakin görünür ki, qısa zaman kəsiyində bu hadisələr çox böyük rol oynayır.

Tədqiqatçılar həmçinin narahatedici bir müsbət geribildirim dövrünə diqqət çəkiblər. Fırtınalar buzu əridikcə okeana daha çox soyuq şirin su daxil olur. Bu su altda yerləşən daha isti və duzlu su ilə qarışaraq okeanda turbuletliyi artırır və bu da öz növbəsində buzların əriməsini daha da sürətləndirir.

Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Skripps Okeanoqrafiya İnstitutunun tədqiqatçısı Lia Siqelman bildirib ki, iqlimin istiləşməsi şəraitində bu müsbət geribildirim dövrü daha da güclənə bilər.

Nəticələr son dərəcə ciddi ola bilər. Çünki şelf buzlaqları buzlaqların okeana doğru sürüşməsini ləngidən mühüm baryer rolunu oynayır. Təkcə Tuveyts buzlağında dəniz səviyyəsini 60 santimetrdən çox qaldıra biləcək qədər su ehtiyatı mövcuddur. Üstəlik, bu buzlaq Antarktidanın nəhəng buz örtüyünü saxlayan bir növ "tıxac” funksiyasını yerinə yetirdiyindən, onun çökməsi uzunmüddətli perspektivdə dəniz səviyyəsinin təxminən 3 metr qalxmasına gətirib çıxara bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->