Uzun müddət davam edən mədə ağrısı, həzmsizlik, iştahasızlıq və yeməkdən sonra köp hissi əksər hallarda sadə həzm problemləri ilə əlaqələndirilir. Lakin mütəxəssislər bildirirlər ki, bu əlamətlərin arxasında daha ciddi xəstəliklər də dayana bilər.
Qaynarinfo xəbər verir ki, qastroenteroloq, dosent Nimet Yılmaz xüsusilə "Helicobacter pylori" infeksiyasının mədə xərçəngi üçün mühüm risk amillərindən biri olduğunu vurğulayaraq erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkib.
Mütəxəssisin sözlərinə görə, mədə xərçəngi mədəni təşkil edən hüceyrələrin nəzarətsiz çoxalması nəticəsində yaranır. Xəstəlik erkən mərhələdə adətən aydın simptomlar vermədiyi üçün diaqnoz gecikə bilər. İrəliləmiş mərhələlərdə isə iştahasızlıq, səbəbsiz çəki itkisi, mədə ağrısı və həzm sistemi qanaxmaları müşahidə oluna bilər.
"Helicobacter pylori" bakteriyası mədədə uzunmüddətli infeksiya və xroniki qastrit yarada bilir. Gigiyena qaydalarına əməl olunmayan su və qidalar vasitəsilə yayıla bilən bu bakteriya müalicə edilmədikdə zamanla mədə toxumasında dəyişikliklərə səbəb ola bilər.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, "Helicobacter pylori" daşıyan hər bir insanda mədə xərçəngi inkişaf etmir. Bu bakteriya xərçəngin birbaşa səbəbi deyil, xəstəliyin yaranma ehtimalını artıran mühüm risk faktorlarından biri hesab olunur.
Dosent Nimet Yılmaz qeyd edib ki, mədə xərçəngi hallarının əksəriyyəti irsi səbəblərlə bağlı olmur. Xəstələrin təxminən 5–10 faizində ailəvi və ya genetik meyillilik müəyyən edilir.
Xəstəliyin ilkin əlamətləri digər həzm sistemi problemlərinə bənzəyə bilər. Bunlara həzmsizlik, qarının yuxarı hissəsində ağrı, iştahasızlıq və yeməkdən sonra köp hissi daxildir.
Mədə xərçəngindən şübhələnildikdə əsas diaqnostik üsullardan biri yuxarı həzm sistemi endoskopiyasıdır. Bu müayinə zamanı mədənin daxili səthi ətraflı qiymətləndirilir və zəruri hallarda şübhəli nahiyələrdən biopsiya götürülür.
Ailəsində mədə xərçəngi olan şəxslərə skrininq və müntəzəm nəzarət proqramı ilə bağlı qastroenteroloqa müraciət etmək tövsiyə olunur.
Mədə xərçənginin müalicəsi şişin ölçüsündən, yerləşdiyi nahiyədən, xəstəliyin mərhələsindən və pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq müəyyən edilir. Müalicədə endoskopik üsullar, cərrahi əməliyyat, kimyaterapiya, radioterapiya, hədəfli dərman preparatları və immunoterapiya tətbiq oluna bilər. Erkən mərhələdə aşkarlanan səthi şişlər bəzi hallarda endoskopik üsulla müalicə edilə bilir, uyğun pasiyentlərdə isə cərrahi müdaxilə yüksək nəticə verir.
İrəliləmiş mərhələlərdə isə bir neçə müalicə üsulunun birlikdə tətbiqi tələb oluna bilər.
Mütəxəssis "Helicobacter pylori" infeksiyası aşkarlanan şəxslərin həkimin təyin etdiyi müalicə kursunu tam başa vurmasının vacibliyini bildirib. O, həmçinin mədə sağlamlığını qorumaq üçün duzlu və emal olunmuş qidaların azaldılmasını, təzə meyvə-tərəvəz istehlakının artırılmasını, siqaretdən uzaq durmağı və uzunmüddətli mədə şikayətlərini laqeyd yanaşmamağı tövsiyə edib.
Həkim vurğulayıb ki, keçməyən mədə ağrısı, sürətli çəki itkisi, udma çətinliyi, qanazlığı və ya qara rəngli nəcis kimi əlamətlər yarandıqda vaxt itirmədən tibb müəssisəsinə müraciət etmək lazımdır.
Aydın
Şərhlər