Xəbər lenti

Smartfonun ideal ömrü açıqlandı: Nə qədər istifadə etmək olar?
phrase_var_qaynar. 19:19 01.08.2026

Smartfonun ideal ömrü açıqlandı: Nə qədər istifadə etmək olar?

Müasir smartfonların inkişaf tempi əvvəlki illərlə müqayisədə xeyli zəiflədiyindən, cihazı hər il yenisi ilə əvəz etmək artıq məqsədəuyğun hesab edilmir. 

Qaynarinfo xəbər verir ki, "ZDNET” nəşrinin jurnalistləri hesab edirlər ki, smartfon üçün optimal istifadə müddəti təxminən 5 ildir. Bu müddət ərzində istifadəçi həm cihazın dəyərini tam qarşılayır, həm də ciddi funksional məhdudiyyətlərlə üzləşmir.

Bu nəticə mobil texnologiyaların inkişaf tempi, proqram təminatı dəstəyinin müddəti və müasir cihazların məhsuldarlığının təhlili əsasında əldə olunub.

Məqalədə qeyd olunur ki, son illərdə yeni smartfon nəsilləri əsasən təkamül xarakterli yeniliklərlə fərqlənir. Kameralar, prosessorlar və ekranlar təkmilləşdirilsə də, əksər istifadəçilər üçün əvvəlki və yeni modellər arasındakı fərq gündəlik istifadədə o qədər də nəzərə çarpmır. Əgər cihaz messencerlər, internet brauzeri, sosial şəbəkələr və foto çəkilişi kimi gündəlik tapşırıqların öhdəsindən gəlirsə, onu hər il dəyişmək zəruri deyil.

Son dövrdə diqqətçəkən əsas yenilik süni intellekt funksiyalarının tətbiqi olub. Yeni nəsil smartfonlar sinxron tərcümə, fotolar üçün "ağıllı” silgi və generativ köməkçilər kimi imkanlar təqdim edir. Bununla belə, bu sıçrayışdan sonra sənaye yenidən mərhələli təkmilləşdirmələr dövrünə qayıdıb.

Məqalədə smartfondan daha uzun müddət istifadə etməyin digər səbəbi kimi proqram təminatı dəstəyinin uzadılması göstərilir. Əvvəllər əksər "Android” smartfonları cəmi 2–3 il yenilənirdisə, indi vəziyyət dəyişib.

"Samsung” və "Google” şirkətlərinin flaqman modelləri 7 ilə qədər "Android” əməliyyat sistemi və təhlükəsizlik yeniləmələri alır. "Apple” isə cihazlarını daha uzun müddət dəstəkləyən istehsalçılar sırasında qalır. Bu, smartfonların daha uzun müddət təhlükəsiz işləməsinə, yeni funksiyalar əldə etməsinə və ikinci əl bazarında dəyərini qorumasına imkan verir.

Bundan əlavə, 2025-ci il iyunun 20-dən Avropa İttifaqında smartfonlarla bağlı yeni ekodizayn tələbləri qüvvəyə minib. Yeni qaydalara əsasən, istehsalçılar satış başa çatdıqdan sonra cihazlara ən azı 5 il əməliyyat sistemi və təhlükəsizlik yeniləmələri təqdim etməlidirlər. Bu isə ümumi proqram dəstəyi müddətinin 7–8 ilə qədər uzana biləcəyi deməkdir.

Ekspertlər bildirirlər ki, müasir "Apple” və "Qualcomm” prosessorlarının məhsuldarlığı uzun illər üçün kifayət edir. Onlar gündəlik istifadə ilə yanaşı, oyunlar, foto emalı və video axını kimi daha tələbkar tapşırıqları da rahatlıqla yerinə yetirirlər. Yeni nəsil prosessorların sürət üstünlüyü isə gündəlik istifadədə əksər hallarda hiss olunmur.

Mütəxəssislərin fikrincə, hətta 5 ildən sonra da smartfon mütləq köhnəlmiş hesab edilmir. İstehsalçı təhlükəsizlik yeniləmələrini təqdim etməyə davam edirsə, cihazdan daha uzun müddət istifadə etmək mümkündür.

Adətən ilk köhnələn komponent batareya olur. Smartfon batareyalarının orta xidmət müddəti təxminən 3 ildir və bundan sonra onların tutumu 80 faizdən aşağı düşür. Batareyanın dəyişdirilməsi isə yeni telefon almaqdan xeyli ucuz başa gəlir və cihazın istifadə müddətini daha bir neçə il uzada bilər.

Ekspertlər həmçinin smartfonun istismar müddətini uzatmaq üçün qoruyucu örtük və ekran şüşəsindən istifadə etməyi tövsiyə edirlər. Bu, cihazı zədələrdən qoruyur, bahalı təmir xərclərinin qarşısını alır və sonradan satılacağı təqdirdə onun bazar dəyərinin daha yaxşı qorunmasına kömək edir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->