Gəzinti sağlam həyat tərzinin vacib hissəsi hesab olunur və bir çox insan gündə 10 min addım atmağı hədəfləyir. Lakin bu göstəriciyə çatmaq üçün təxminən 90 dəqiqə vaxt tələb olunduğundan insanlar çox vaxt gəzintini gün ərzində bir neçə hissəyə bölürlər.
Qaynarinfo xəbər verir ki, "TODAY.com” bu iki yanaşmanın sağlamlığa təsirini araşdırıb.
Məqalədə qeyd olunur ki, istənilən fiziki aktivlik hərəkətsizlikdən daha faydalıdır. Bununla belə, 2025-ci ildə "Annals of Internal Medicine” jurnalında dərc olunmuş araşdırma fasiləsiz və qısa gəzintilər arasında müəyyən fərqlərin olduğunu göstərib.
Tədqiqatçılar 33 mindən çox yetkin şəxsin gəzinti vərdişlərini təhlil edib və onların sağlamlıq vəziyyətini təxminən 8 il ərzində izləyiblər.
Nəticələrə əsasən, ən azı 15 dəqiqə davam edən fasiləsiz gəzintilər edən şəxslərdə ürək-damar xəstəlikləri və müxtəlif səbəblərdən erkən ölüm riski daha qısa müddətli gəzintilər edən insanlarla müqayisədə daha aşağı olub.
Madrid Avropa Universitetinin idman elmləri üzrə professoru Borxa del Poso Kruz bildirib ki, bu nəticə xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün əhəmiyyətlidir.
Onun sözlərinə görə, daha uzun müddət fasiləsiz yerimək ürəyi qoruyan bioloji mexanizmləri aktivləşdirir və sağlamlığa daha güclü müsbət təsir göstərə bilər.
Mütəxəssis qeyd edib ki, qısa gəzintilərin də faydası olsa da, onlar uzunmüddətli fasiləsiz gəzintinin yaratdığı eyni səviyyədə fiziki yükü təmin etməyə bilər.
"TODAY Fitness”in müəllifi Stefani Mansur isə həftənin əksər günlərində ən azı 30 dəqiqə orta intensivlikdə piyada gəzməyi tövsiyə edir.
Yeni başlayanlara isə gündə 5–10 dəqiqəlik gəzintidən başlamaq, daha sonra müddəti və intensivliyi tədricən artırmaq məsləhət görülür.
Məqalədə vurğulanır ki, gündə 10 min addım hədəfi geniş yayılsa da, bu rəqəm ciddi elmi əsaslara söykənmir. ABŞ Milli Sağlamlıq İnstitutunun məlumatına görə, bəzi insanlar üçün sağlamlıq baxımından müsbət təsirlər gündə təxminən 4 min addımdan başlayır.
Bundan əvvəl mütəxəssislər adi gəzintidən daha effektiv hesab edilən "2:2:1” yerimə metodunu da təqdim ediblər. Bu üsul tempin növbələşdirilməsinə əsaslanır və daha çox kalori yandırmağa, həmçinin ürək-damar sistemini gücləndirməyə kömək edə bilər.
Aydın
Şərhlər