"Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi regionlarda yaşayan aztəminatlı ailələrin, xüsusilə qadınların hüquqi yardıma çıxış imkanlarını genişləndirmək, onların hüquqi maarifləndirmə səviyyəsini artırmaq və vəkil xidmətlərinə əlçatanlığını təmin etməklə hüquqlarının daha effektiv müdafiəsinə dəstək verməkdir.
Layihə çərçivəsində Quba rayonunda aztəminatlı ailələrə, xüsusilə qadınlara ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək. Vətəndaşlara ailə, əmək, sosial təminat, miras, əmlak və digər hüquqi məsələlər üzrə məsləhətlər veriləcək, onların üzləşdikləri hüquqi problemlərin həllinə dəstək göstəriləcək.
Layihənin yekununda əldə olunan məlumatlar sistemləşdirilərək təhlil ediləcək, ümumi statistika hazırlanacaq. Eyni zamanda, hüquqi problemlərin mövzular, məhkəmələr və ərazi bölgüləri üzrə müqayisəli təhlilinin aparılması nəzərdə tutulur. Toplanmış məlumatlar əhalinin hüquqi xidmətlərə çıxış səviyyəsi, vətəndaşların qarşılaşdıqları əsas hüquqi problemlər, eləcə də dövlət orqanlarının vətəndaş müraciətlərinə münasibəti barədə faktlara əsaslanan məlumat bazasının formalaşdırılmasına imkan yaradacaq. Layihə nəticəsində əldə ediləcək məlumatların gələcəkdə hüquqi yardım sisteminin təkmilləşdirilməsi və bu sahədə siyasət tövsiyələrinin hazırlanması üçün mühüm mənbə rolunu oynaması gözlənilir.
Şərhlər