Xəbər lenti

Kino, teatr və muzeylərə getmək daha sağlam qocalmaya səbəb olur (ARAŞDIRMA)
phrase_var_qaynar. 21:30 01.08.2026

Kino, teatr və muzeylərə getmək daha sağlam qocalmaya səbəb olur (ARAŞDIRMA)

Yaponiyalı alimlərin yeni araşdırmasına görə, muzeylərə, teatrlara, kinoteatrlara və digər mədəni tədbirlərə müntəzəm qatılmaq fizioloji qocalmanı ləngidə və ümumi sağlamlıq göstəricilərini yaxşılaşdıra bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Martha Stewart” nəşri məlumat yayıb.

Tokio Elm İnstitutunun tədqiqatçıları mədəni fəaliyyətlə fizioloji, yəni bioloji yaş arasındakı əlaqəni araşdırıblar. Bioloji yaş orqanizmin nə dərəcədə sağlam fəaliyyət göstərdiyini əks etdirən göstəricidir və insanın təqvim yaşından fərqlənə bilər.

Araşdırmada İngiltərədə 50 yaş və yuxarı şəxslər arasında aparılan uzunmüddətli müşahidə proqramında iştirak etmiş 1899 nəfərin məlumatları təhlil edilib.

Alimlər iştirakçıların fizioloji yaşını müəyyən etmək üçün 10 sağlamlıq göstəricisini qiymətləndiriblər. Bunlara nəbz təzyiqi, diastolik qan təzyiqi, ağciyərlərin funksiyası, hemoqlobinin səviyyəsi, fibrinogen, qlikasiya olunmuş hemoqlobin, aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsi, bədən kütlə indeksi (BKİ), əl sıxma gücü və yerimə sürəti daxil olub.

İştirakçılar həmçinin kinoteatrlara, muzeylərə, incəsənət qalereyalarına, teatrlara, konsertlərə və operaya nə qədər tez-tez getdiklərini əks etdirən sorğunu cavablandırıblar. Cavablar əsasında onların mədəni fəallıq səviyyəsi qiymətləndirilib.

"Journal of Epidemiology and Community Health” jurnalında dərc olunan nəticələr göstərib ki, bir neçə aydan bir və ya daha tez-tez mədəni tədbirlərdə iştirak edən insanların orta bioloji yaşı 66,9 il olub. Bu göstərici mədəni tədbirlərdə nadir hallarda iştirak edən şəxslərlə müqayisədə təxminən 3 il aşağı olub. Həmin qrupda orta bioloji yaş 69,9 il təşkil edib.

Araşdırmaya əsasən, mədəni fəallıq göstəricisində hər əlavə bal bioloji yaşın orta hesabla 0,085 il, yəni təxminən 31 gün azalması ilə əlaqələndirilib. Bu nəticələr ailə gəliri, məşğulluq vəziyyəti və xroniki xəstəliklər kimi amillər nəzərə alınmaqla hesablanıb.

Tədqiqat müəlliflərinin fikrincə, mədəni tədbirlərdə iştirak sosial əlaqələri gücləndirə, daha sağlam həyat tərzini təşviq edə və psixi sağlamlığı yaxşılaşdıra bilər. Bütün bunlar fizioloji qocalmanın ləngiməsinə müsbət təsir göstərə bilər.

Alimlər qeyd edirlər ki, araşdırmanın müəyyən məhdudiyyətləri olsa da, müşahidə olunan əlaqənin gücü müntəzəm fiziki aktivliyin faydaları ilə müqayisə oluna bilər.

Bununla yanaşı, müəlliflər nəticələrin əks səbəb-nəticə əlaqəsi ilə də izah oluna biləcəyini vurğulayırlar. Yəni əvvəlcədən daha sağlam olan insanlar mədəni tədbirlərdə iştirak etmək üçün daha çox imkana malik ola bilərlər. Bundan əlavə, tədqiqat cəmi 1899 nəfəri əhatə etdiyindən nəticələrin daha geniş araşdırmalarla təsdiqlənməsinə ehtiyac var.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->