Xəbər lenti

Gülçülük üçün nəzərdə tutulan tədbirlər: Bu sahə necə inkişaf edəcək?
Ekonomiks 14:22 03.06.2026

Gülçülük üçün nəzərdə tutulan tədbirlər: Bu sahə necə inkişaf edəcək?

Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda ixrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla istixana sahələrinin 2030-cu ilədək 2 min hektara çatdırılması hədəflənir. Bu çərçivədə Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülük istiqamətlərini birləşdirən "Şərqi Zəngəzur” pilot istixana aqroparkının yaradılması, mövcud istixanaların modernləşdirilməsi nəzərdə tutulur.

Dövlət Proqramında gülçülüyün inkişafı üçün nəzərdə tutulan tədbirlər bu sahə üçün hansı yeni imkanlar yaradacaq? 

"Azərbaycan Gül istehsalçıları və ixracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Laləzar İmamquliyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, ixrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla istixana sahələrinin 2030-cu ilədək 2 min hektara çatdırılması hədəflənir:

"Bu çərçivədə Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülük istiqamətlərini birləşdirən "Şərqi Zəngəzur" pilot istixana aqroparkının yaradılması, mövcud istixanaların modernləşdirilməsi nəzərdə tutulur".

"Şərqi Zəngəzur" pilot istixana aqroparkında gülçülüyün inkişafı üçün nəzərdə tutulan tədbirlərin bu sahə üçün yaradacaq yeni imkanları haqqında da danışan sədr bildirib ki, pilot istixana aqroparkı azadolunmuş ərazilərdə yeni iş yerlərinin açılması ilə yanaşı ixrac potensialının da artırılmasına imkan verəcək:

"Bu gün respublikamızda fəaliyyət göstərən istixanalar yerli bazarı təmin edir. Hazırda daxildə illik kəsmə gül istehsalı 20 milyon ədədə yaxındır. Yeni istixanalar bu sayı yetərincə artırmağa və xarici bazarlara çıxış imkanı verəcək".
 


2030-cu ilə qədər istixana sahələrinin 2 min hektara çatdırılmasının gülçülüyün aqrar sektordakı payına təsirləri haqqında danışan Laləzar İmamaquliyeva deyir ki, gülçülüyün payı aqrar sektorda bu halda yetərincə artacaq və qeyd elədiyim kimi biz artıq xarici bazarlara çıxmaq imkanı əldə edəcəyik.

Müasir istixana texnologiyalarının tətbiqi məhsuldarlıq və keyfiyyətə necə təsir göstərəcək” sualına isə cavab olaraq  həmsöhbətimiz bildirib ki, bizim Assosiasiyanın üzvləri bu gündə müasir istixana kompleksləri işlədir:

"Bu o deməkdir ki, texnoloji proseslər o cümlədən iqlim idarəolunması, suvarma, çeşidləmə prosesləri avtomatlaşdırılıb. Coğrafi baxımdan daha yüksək ərazilərdə istixanaların qurulması isə daha keyfiyyətli gül deməkdir. Bununla yanaşı aqroparklarda tətbiq edilən subsidiya və güzəştlər bu sahəni investorlar üçün daha cəzbedici edə bilər”.
 
Günay İlqarqızı

--> -->