11 sentyabr 2001-ci ildə ABŞ-da Əkiz Qüllələrə edilən hücumun üzərindən təxminən 25 il keçsə də, hadisənin yaratdığı təsirlərin tamamilə yox olmadığı bildirilir. Yeni araşdırmalar, o gün birbaşa hadisə yerində çalışan xilasetmə, polis və tibb heyətinin uşaqlarında belə uzunmüddətli psixoloji və bioloji təsirlərin müşahidə olunduğunu göstərir.
Qaynarinfo xəbər verir ki, Kolumbiya Universiteti və Nyu-York Dövlət Psixiatriya İnstitutunun apardığı və "PLOS Mental Health” jurnalında dərc olunan tədqiqatda, travmanın nəsildən-nəsilə ötürülməsi ehtimalı araşdırılıb. Mütəxəssislər bu vəziyyəti "travmanın nəsillərarası ötürülməsi” kimi izah edir və bunun yalnız davranışla deyil, bioloji mexanizmlərlə də bağlı ola biləcəyini bildirirlər.
Bioloji və psixoloji təsirlərin kəsişməsi
Araşdırmalara görə, ağır stress zamanı bədəndə ifraz olunan kortizol kimi hormonlar genetik ifadə üzərində müəyyən kimyəvi izlər buraxa bilər. Bu isə travmatik təcrübənin birbaşa olmasa belə, dolaylı şəkildə gələcək nəsillərdə narahatlıq və stresə meyillilik kimi hallara yol aça bilər.
Tədqiqat çərçivəsində 176 ailədən 327 valideyn və artıq yetkin yaşda olan 270 uşaq analiz edilib. Nəticələr göstərir ki, xüsusilə hadisə yerində uzun müddət çalışan xilasetmə və polis əməkdaşlarının övladlarında depressiya, panik atak və post-travmatik stress pozuntusu daha yüksək göstəricilərlə müşahidə olunur. Bu qrupda gənclərin 20 faizdən çoxunun depressiya ilə mübarizə apardığı, hər dörd nəfərdən birinin isə xroniki narahatlıq yaşadığı qeyd edilir.
Məşğuliyyətin ailə psixologiyasına təsiri
Araşdırma həmçinin valideynlərin peşə mədəniyyətinin ailədaxili münasibətlərə təsirini də üzə çıxarıb. Polis və yanğınsöndürənlər arasında emosiyaları gizlətmək və güclü görünmək meyli, evdə ünsiyyətin zəifləməsinə səbəb ola bilər. Bu isə uşaqlarda emosional uzaqlaşma və alternativ davranış mexanizmləri kimi özünü göstərə bilir.
Sivil təmizlik işçiləri və digər qruplarda isə daha çox birbaşa travma və narahatlıq simptomları ön plana çıxır.
Mütəxəssislər bildirir ki, güclü ailə bağları, sosial dəstək və psixoloji müdaxilə bu dövrənin qırılmasında mühüm rol oynaya bilər. Tədqiqat nəticələri göstərir ki, böyük miqyaslı faciələrin təsiri yalnız hadisə anı ilə məhdudlaşmır, uzun illər və hətta nəsillər boyu davam edə bilir.
Aydın
Şərhlər