Xəbər lenti

Sumqayıtlı boksçu Azərbaycan birinciliyinin ən texnikalı idmançısı seçildi (FOTO)
Foto 15:31 03.06.2026

Sumqayıtlı boksçu Azərbaycan birinciliyinin ən texnikalı idmançısı seçildi (FOTO)

20-26 may 2026-cı il tarixlərində Şamaxı şəhərində boks üzrə 2012-2013-cü il təvəllüdlü kadetlər arasında keçirilən Azərbaycan birinciliyinin final mərhələsi Sumqayıt idmançıları üçün uğurlu nəticələrlə yadda qalıb.

Qaynarinfo xəbər verir ki, "Təhsil" Respublika İdman Mərkəzi PHŞ-nin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançıları yarışda yüksək nəticələr əldə edərək medalçılar sırasında yer alıblar.

Yarışın əsas qəhrəmanlarından biri 42 kiloqram çəki dərəcəsində çıxış edən Nəsirli Rusif Mais oğlu olub. Gənc boksçu rəqibləri üzərində inamlı qələbələr qazanaraq Azərbaycan çempionu adına layiq görülüb. Döyüşlər zamanı nümayiş etdirdiyi yüksək texniki hazırlıq, çevikliyi və taktiki üstünlüyü ona yalnız qızıl medal deyil, həm də yarışın xüsusi mükafatını qazandırıb. Rusif Nəsirli Azərbaycan birinciliyinin "Ən texnikalı boksçusu" seçilib.

Rusif Nəsirlinin son dövrlərdə qazandığı uğurlar onun böyük potensiala malik idmançı olduğunu bir daha təsdiqləyir. Məşqçi-müəllim Rüfət Aslanlının yetirməsi bundan əvvəl əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Ağacan Abıyevin şərəfinə keçirilən turnirdə də bütün rəqiblərini üstələyərək birinci yerə layiq görülüb. Həmin uğur ona zona birinciliyinə vəsiqə qazandırıb. Ardıcıl qələbələri ilə diqqət çəkən Rusif Nəsirli artıq yaşıdları arasında perspektivli boksçulardan biri kimi qiymətləndirilir.

Məktəbin digər idmançısı Kərim Qurbanlı isə 40 kiloqram çəki dərəcəsində mübarizə apararaq yarışın bürünc medalını qazanıb və komandasının uğuruna mühüm töhfə verib.

Hər iki idmançının məşqçisi Rüfət Aslanlıdır. O, uzun illərdir gənc boksçuların yetişdirilməsi ilə məşğul olur və yetirmələrinin respublika və müxtəlif səviyyəli yarışlarda qazandığı uğurlarla tanınır. Rüfət Aslanlının rəhbərliyi altında hazırlıq keçən idmançılar dəfələrlə fəxri kürsüyə yüksələrək Sumqayıt boks məktəbinin nailiyyətlərinə öz töhfələrini veriblər. Son Azərbaycan birinciliyində əldə olunan nəticələr də onun məşqçilik fəaliyyətinin uğurlu davamı kimi qiymətləndirilir.


--> -->