30 ildən artıqdır hazırlanma mərhələsində olan nəhəng üzən şəhər "Freedom Ship” layihəsi yenidən investorların və mütəxəssislərin diqqətini çəkib. Layihə müəllifləri okeanlarda daim hərəkət edə bilən və 80 min nəfərə qədər insanı qəbul edə biləcək dünyanın ən böyük gəmisini yaratmağı planlaşdırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” yazır.
Konsepsiyaya əsasən, gəminin uzunluğu təxminən 1,6 kilometr, eni 240 metrdən çox, hündürlüyü isə 30 göyərtədən ibarət olacaq. Burada təxminən 50 min daimi sakin yaşayacaq, 10 min nəfər turist və ziyarətçi olacaq, kompleksə isə 20 minə yaxın ekipaj üzvü xidmət göstərəcək.
"Freedom Ship” üzərində yaşayış məhəllələri, otellər, xəstəxana, məktəblər, mağazalar, restoranlar, 15 min nəfərlik stadion, su parkı, muzeylər, konsert zalı və digər şəhər infrastrukturu obyektləri yerləşdiriləcək.
Gəminin nüvə enerji sistemi ilə təchiz edilməsi planlaşdırılır. Nəhəng ölçülərinə görə o limanlara daxil olmayacaq, açıq okeanda qalacaq və sərnişinlərin sahilə daşınması üçün bərə və digər kiçik gəmilərdən istifadə olunacaq.
Layihə 1990-cı illərdə amerikalı mühəndis Norman Nikson tərəfindən irəli sürülüb. Bir neçə uğursuz cəhddən sonra layihə yenidən aktiv mərhələyə qayıdıb. Hazırda investor axtarışı və tikinti komandası formalaşdırılması üzərində iş aparılır.
İlkin hesablamalara görə, layihənin dəyəri 12 milyard funt sterlinqdən çox ola bilər. İnvestisiya cəlb olunarsa, tikintinin İndoneziyada başlaması planlaşdırılır.
Layihə müəllifləri "Freedom Ship”i yalnız yaşayış məkanı deyil, həm də okeanların təmizlənməsinə töhfə verən və müstəqil üzən icmaların mümkünlüyünü göstərən ekoloji layihə kimi təqdim edirlər.
"Freedom Ship” 1990-cı illərin sonlarında mühəndis Norman Nikson tərəfindən təklif olunan üzən şəhər konsepsiyasıdır. Adı, heç bir milli dövlətin qanunlarına tabe olmayan mobil okean koloniyası ideyasını əks etdirir.
1999-cu ildə layihənin dəyəri 6 milyard dollar kimi qiymətləndirilsə də, 2002-ci ildə bu rəqəm 11 milyard dollara yüksəlib. 2008-ci ildə maliyyə çətinlikləri səbəbilə layihə dayandırılıb, 2013-cü ildə isə yenidən canlandırıldığı elan edilib, lakin tikinti hələ də başlamayıb.
Plan üzrə gəminin uzunluğu 1,6 km, eni isə 250 metr olmalıdır ki, bu da tarixdə inşa edilən ən uzun gəmilərdən təxminən dörd dəfə böyük ölçüdür.
Aydın
Şərhlər