Xəbər lenti

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
Foto 23:25 08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gedib.

Qaynarinfo xəbər verir ki, Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.

***

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.

***

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.

***
 
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini dedi:

-Hörmətli cənab Prezident və Azərbaycanın nümayəndə heyəti.

Sizi Slovakiyada, Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək qərarınız bizi çox şərəfləndirdi. Bu, Slovakiya Respublikasının tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi. Mən çox minnətdaram ki, Siz hökumət üzvlərindən ibarət bu cür geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü siqnal verməlidir: əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil, onların hələ də böyük inkişaf potensialı var. Biz çox sahələri nəzərdən keçirəcəyik. Təkbətək görüşdə çox səmimi müzakirəyə görə minnətdaram və bunu həqiqətən yüksək dəyərləndirirəm. Ümidvaram ki, ikitərəfli nahar və Bratislava Qəsrində dövlət ziyafəti zamanı bizim gündəliyə baxmaq üçün xeyli imkanımız olacaq.

Bir daha qeyd edim ki, Siz dostlarınızın yanına gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki Sizinlə dəfələrlə görüşmək imkanımız olub. Çox məmnunam ki, Baş nazir qismində səfərim zamanı Sizinlə görüşdüyüm vaxtda biz münasibətlərimizi gücləndirmək qərarına gəldik. Belə fikrə gəldik ki, Bakıda səfirliyimizi açsaq əla olar. Hökumət olaraq, biz həmin qərarı qəbul etdik. Siz də eyni qərar qəbul etdiniz. Çox şadam ki, hazırda masa arxasında səfirlər də əyləşib - biri Bratislavadan, digəri Bakıdan. Düşünürəm ki, bu addım çox faydalı oldu. Biz, həmçinin ölkələrimiz arasında Komissiyanı yaratmaq qərarına gəldik. Sonuncu iclas 2024-cü ildə keçirilib. Növbəti iclas 2026-cı ildə nəzərdə tutulur. Bir sözlə, işlər gedir.

Əlbəttə, mən hökumət üzvlərinin çoxsaylı səfərlərini də qeyd etməliyəm. Təkcə Prezident və Baş nazirlərin səfərləri deyil, digər səfərlər də olub. Çox məmnunam ki, müdafiə naziri mənə səfərinin uğurla keçdiyini bildirdi. O, həmçinin parada dəvət olundu. Mühüm milli gün qeyd edildi. O, mənə söylədi ki, onun sahəsi ilə bağlı əla görüşləri baş tutdu, çünki onun özü çox fəal nazirdir. Potensial böyükdür.

İqtisadiyyat naziri də buradadır. Bu, bizim üçün indiki anda çox vacib mövzudur, çünki enerji təchizatına gəldikdə, Slovakiya hazırda olduqca ağır vəziyyətə düşüb. Görürük ki, uzun perspektivdə Azərbaycan həll variantının bir hissəsi ola bilər. Avropa İttifaqı Rusiya qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib. Onlar bu qərarı 27 üzv adından qəbul ediblər. Müddət çox qısadır. Şirkətlərimizin rəhbərləri də buradadır. Çox şadam ki, Siz SOCAR-ın prezidentini də nümayəndə heyətinə daxil etmisiniz. Çox konkret söhbət apara bilərik. Azərbaycan enerji təchizatının şaxələndirilməsində rol oynaya bilər, çünki cənab Prezident, hazırda biz boru kəmərinin sonundayıq. Əslində, Qərbi Avropa istiqamətində biz hər zaman əvvəldə olmuşuq. İndi isə boru kəmərinin sonundayıq. Təsəvvür edə bilərsiniz bu, nəyin bahasına başa gəlir. Bir daha, cənab Prezident, xoş gəlmisiniz. Sizi burada qəbul etmək bizim üçün və bütün slovak xalqı üçün böyük şərəfdir.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

-Təşəkkür edirəm. Xoş sözlərə görə çox sağ olun, cənab Prezident. Dəvətə və qonaqpərvərliyə görə minnətdaram. Çox şadam ki, biz Bratislavada görüşürük. İlk öncə Bakıdakı görüşümüz xatirimdədir. COP29 konfransında iştirak etdiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirirəm. Sizinlə xeyli söhbət etmək imkanımız oldu. Siz Baş nazir kimi səfərinizi və səfirliyin açılmasını xatırlatdınız. Əslində, biz ikimiz Slovakiya ilə Azərbaycan arasında münasibətlərin fəal fazasını başlatdıq. Əlaqələr bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il biz əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni imzaladıq. Həmçinin biz Baş nazirin müavini və müdafiə naziri cənab Kalinyakın ötən ay hərbi paradımızda iştirak etdiyinə görə çox minnətdarıq. Biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik. Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və bir çox sahələri əhatə edir.

Siz energetikanı qeyd etdiniz. Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq.

x x x

Slovakiya Prezidenti dövlətimizin başçısını Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş tarixi nailiyyət münasibətilə təbrik etdi.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı dost ölkə kimi Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndinin "ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olundu, Azərbaycanla Slovakiya arasında enerji, nəqliyyat, müdafiə sənayesi sahələrində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Slovakiyanın ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyi qeyd edildi.

Dövlətimizin başçısı Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
 
***
 
Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Slovakiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Peter Pelleqrininin
bəyanatı
-Xanımlar və cənablar, mən çox şadam ki, bu gün Slovakiyada, Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi salamlayıram.

Cənab Prezident, mən şadam ki, Siz mənim dəvətimi qəbul etmisiniz. Bu, Azərbaycan Prezidentinin Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi, görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub.

Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var.

Ötən il iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və bu da bizim münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmışdır. Bizim qarşılıqlı maraq kəsb edən bütün sahələr üzrə əməkdaşlığımız yüksək səviyyəyə qaldırıla bilər. Biz gələcəkdə Slovakiya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq edəcəyik - müdafiə sənayesi, müasir texnologiyalar, tələbə mübadiləsi, turizm, mədəniyyət və digər sahələrdə.

Mən slovak xalqı adından cənab Prezidenti və Azərbaycan Respublikasını təbrik etmək istərdim. Çünki uzun illərdən sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır. Bilirsiniz ki, bu müqavilə Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə imzalanmışdır. Azərbaycan bu gün sülh şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə yönəldilib.

Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək.

Müdafiə sənayesi çox vacib sahədir. Biz bu sahəni artıq inkişaf etdiririk. Biz, sadəcə olaraq, Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi, bu sahə Slovakiyada çox inkişaf edib. Biz özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik.

Mən şadam ki, bizim Baş nazirin müavini və müdafiə naziri cənab Kalinakın səfəri zamanı da Azərbaycan tərəfi avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlanıb və artıq niyyətini bildirib. Əminəm ki, bu silah növləri də Azərbaycan Silahlı Qüvvələrini gücləndirəcəkdir.

Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni, biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. Bildiyiniz kimi, slovak şirkəti Qarabağ bölgəsində "ağıllı kənd” inşa edir. Eyni zamanda, bizim ixrac-idxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır.

Sonda onu da qeyd etmək istərdim ki, Azərbaycan və Slovakiya dost ölkələrdir. Bizim aramızda daha sıx əlaqələr ola bilər. Şadam ki, Macarıstanın "Wizz Air" şirkəti fəal şəkildə bizim ölkələri birləşdirir, uçuşları artırır. Artıq Bratislava Hava Limanından da Bakıya birbaşa uçuşlar açıla bilər. Çünki bu, dinamik inkişaf edən iki regiondur və bu da bizim müzakirə mövzumuz olmuşdur.

Cənab Prezident, bir daha Sizi Bratislavada salamlayıram. Əminəm ki, Sizin rəsmi səfəriniz bizim əməkdaşlığımızda yeni, mühüm bir mərhələnin başlanğıcı olacaq. Mən çox şadam ki, biz tezliklə Sizinlə yenidən görüşəcəyik. Mənim dəvətimi qəbul etdiyinizə görə bir daha təşəkkür edirəm. Əlbəttə ki, biz Bakıda görüşmüşük, ancaq rəsmi olaraq Slovakiya Prezidenti Azərbaycanda səfərdə olmamışdır.

Bir daha cənab Prezident, xoş gəlmisiniz Slovakiyaya.

X X X

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Prezident.

Əziz dostlar.

İlk növbədə, cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Mənim Slovakiyaya rəsmi səfərim əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir.

Siz qeyd etdiyiniz kimi, bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir. Əlbəttə ki, səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

Qeyd etdiyiniz kimi, keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük.

Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq, əlavə etmək istərdim ki, qeyd etdiyiniz bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər.

Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında Siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.

Düz bir ay əvvəl - noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq.

Sizin rəhbərliyinizlə Slovakiyanın uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir. Xüsusilə Sizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz. Ancaq bu, Sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə Sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur.

Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır.

Eyni zamanda, bu gün biz informasiya texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Burada Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.

Cənab Prezident, qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Siz Azərbaycanda dəfələrlə olmusunuz, ancaq Prezident kimi rəsmi səfərdə hələ ki, olmamısınız. Əgər vaxtınız olarsa, gələn il biz Sizi Azərbaycanda qarşılamağa hazırıq və çox məmnun olarıq. Bir daha çox sağ olun.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->