Xəbər lenti

Ekonomiks 17:57 02.06.2026

"Yeni Dövlət Proqramı aqrar sektorun inkişafı üçün strateji yol xəritəsidir" - Günel Əmirli

"Yeni Dövlət Proqramını aqrar sektorun qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəd kimi qiymətləndirirəm".

Bu barədə Qaynarinfo-ya Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında İctimai Şuranın katibi və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  Zoomühəndislik fakültəsinin dekan müavini Günel Əmirli bildirib. 

Onun sözlərinə görə, proqramda qarşıya qoyulan hədəflər ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Günel Əmirli qeyd edib ki, son illərdə dövlətin aqrar sahəyə dəstəyi müəyyən irəliləyişlərə səbəb olsa da, həllini gözləyən problemlər qalmaqdadır. Xüsusilə su təminatı, torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, eləcə də fermerlərin bilik və bacarıqlarının artırılması kimi istiqamətlərin diqqətdə saxlanılması vacibdir:

"Son illər dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək nəticəsində müəyyən irəliləyişlər əldə olunsa da, hələ də həllini gözləyən məsələlər mövcuddur. Xüsusilə su təminatı, torpaqlardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, fermerlərin bilik və bacarıqlarının artırılması kimi istiqamətlər diqqət mərkəzində saxlanılmalıdır. Yeni Dövlət Proqramının üstün cəhətlərindən biri də məhz bu məsələlərə kompleks yanaşmanın nümayiş etdirilməsidir".

Müsahibimiz hesab edir ki, aqrar sahənin inkişafı yalnız maliyyə dəstəyi və subsidiyalarla məhdudlaşmamalıdır. Onun fikrincə, elmi yanaşmaların istehsalata tətbiqi, innovativ texnologiyalardan istifadə və aqrar təhsilin gücləndirilməsi də eyni dərəcədə vacibdir:

"Hesab edirəm ki, aqrar sahənin inkişafı yalnız subsidiya və maliyyə dəstəyi ilə məhdudlaşmamalıdır. Fermerlərin maarifləndirilməsi, elmi yanaşmaların istehsalata tətbiqi, innovativ texnologiyalardan istifadə və aqrar təhsilin gücləndirilməsi də eyni dərəcədə vacibdir. Proqramda bu istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər gələcəkdə məhsuldarlığın və istehsal səmərəliliyinin artmasına müsbət təsir göstərə bilər".
 


O, həmçinin bildirib ki, sənəd kənd təsərrüfatının iqtisadiyyatda rolunun artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafına töhfə verə biləcək mühüm mexanizmləri əhatə edir.

Yeni Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına təsiri barədə danışan Günel Əmirli qeyd edib ki, bu bölgələr böyük aqrar potensiala malikdir:

"Şübhəsiz ki, yeni Dövlət Proqramı işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına əlavə təkan verə bilər. Həmin ərazilər həm münbit torpaq ehtiyatları, həm də əlverişli təbii-iqlim şəraiti baxımından ölkənin ən perspektivli aqrar bölgələrindən hesab olunur. Uzun illər istifadə edilməyən bu torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi ölkənin ümumi aqrar istehsal potensialını əhəmiyyətli dərəcədə artıra bilər".

Onun sözlərinə görə, hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır və bu, kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradır:

"Hazırda həmin ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, yeni yol şəbəkələri, enerji və su infrastrukturu yaradılır. Bu isə kənd təsərrüfatının inkişafı üçün əsas şərtlərdən biridir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər, xüsusilə müasir suvarma sistemlərinin qurulması, innovativ texnologiyaların tətbiqi, investisiyaların təşviqi və sahibkarlığın dəstəklənməsi bu prosesin daha sürətli getməsinə imkan yarada bilər".

Günel Əmirli əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə ənənəvi kənd təsərrüfatı ilə yanaşı, müasir texnologiyalara əsaslanan təsərrüfat modellərinin yaradılması daha məqsədəuyğundur:

"Fikrimcə, işğaldan azad edilmiş ərazilərdə ənənəvi kənd təsərrüfatı ilə yanaşı, müasir və yüksək texnologiyalara əsaslanan təsərrüfat modellərinin formalaşdırılması daha məqsədəuyğun olar. Bu baxımdan "ağıllı kənd" və "ağıllı təsərrüfat" yanaşmalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Həmin ərazilərdə kənd təsərrüfatının sıfırdan qurulması imkan verir ki, ən müasir texnologiyalar və idarəetmə modelləri tətbiq olunsun".

Onun qənaətinə görə, proqramın ardıcıl və effektiv icrası halında işğaldan azad edilmiş ərazilər yaxın illərdə ölkənin aqrar istehsalında mühüm paya malik olmaqla yanaşı, kənd təsərrüfatının yeni inkişaf modelinə çevrilə bilər.

Aydın
--> -->