Xəbər lenti

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir
Sağlamlıq 20:11 02.06.2026

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimental bir dərmanın sağ qalma müddətini iki dəfə artırması diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, dünyanın ən nüfuzlu onkoloji toplantılarından biri olan ASCO-da açıqlanan bu tədqiqatlar xərçəng müalicəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Baş-boyun xərçəngi, sinə xərçəngi və pankreas xərçəngi üzrə aparılan araşdırmalar həm xəstələr, həm də tibb ictimaiyyəti üçün yeni ümidlər yaradıb.

Mütəxəssislərə görə bu nəticələr fərdiləşdirilmiş müalicə yanaşmasının daha da güclənəcəyini göstərir.

Baş-boyun xərçəngində ümidverici nəticələr

Böyük Britaniyada Xərçəng Araşdırmaları İnstitutunun rəhbərliyi ilə həyata keçirilən OrigAMI-4 tədqiqatında standart müalicələrə cavab verməyən 102 baş-boyun xərçəngi xəstəsinə "Amivantamab” adlı antikor tətbiq edilib.

Nəticələrə görə 43 xəstədə şişlər kiçilmiş və ya tamamilə yox olmuş, 15 xəstədə isə tam cavab əldə edilib. Ümumi klinik fayda göstəricisi təxminən 60 faiz olub.

Tədqiqatda diqqət çəkən əsas məqam ciddi yan təsirlərin yalnız 6 faiz səviyyəsində olmasıdır. Mütəxəssislər bu nəticələrin xüsusilə ikinci xətt müalicə alan xəstələr üçün əhəmiyyətli ola biləcəyini bildirirlər.

Araşdırmanı şərh edən Türk Tıbbi Onkoloji Dərnəyinin rəhbəri professor doktor Bülent Karabulut bu nəticələrin onkologiyada böyük maraq doğurduğunu və Faz 3 mərhələsindən sonra yeni standart müalicəyə çevrilə biləcəyini qeyd edib.

Sinə xərçəngində kimyaterapiyasız yanaşma

İkinci araşdırma hormon həssas (ER müsbət), HER2 mənfi, erkən mərhələ və yüksək riskli sinə xərçəngi xəstələrini əhatə edir. University College London (UCL) rəhbərliyi ilə 6 ölkədə 4 429 xəstə üzərində aparılan tədqiqatda "Prosigna” adlı genetik testdən istifadə olunub.

Aşağı risk qrupuna daxil edilən xəstələrə kimyaterapiya verilməyib, yalnız hormon terapiyası tətbiq edilib. 5 il sonunda xərçəngsiz sağ qalma göstəricisi 93,7 faiz olub. Kimyaterapiya və hormon terapiyası alan qrupda isə bu göstərici 94,9 faiz olub və demək olar ki, ciddi fərq müşahidə edilməyib.

Mütəxəssislər bildirir ki, bu nəticələr kimyaterapiyanın hər xəstəyə deyil, yalnız uyğun genetik risk qruplarına tətbiq edilməli olduğunu göstərir. Yəni müalicə qərarı artıq təkcə şişin ölçüsünə görə deyil, onun bioloji xüsusiyyətlərinə əsasən verilir.

Pankreas xərçəngində sağ qalma müddəti iki dəfə artıb

Üçüncü tədqiqat metastatik pankreas xərçənginə aiddir. ABŞ-da fəaliyyət göstərən "Revolution Medicines” şirkəti tərəfindən hazırlanan "Daraxonrasib” adlı eksperimental dərman Faz 3 nəticələrində əhəmiyyətli nəticələr göstərib.

Standart kimyaterapiya alan xəstələrdə orta sağ qalma 6–7 ay olduğu halda, bu dərmanı qəbul edənlərdə 13,2 aya qədər yüksəlib.

ABŞ Qida və Dərman Administrasiyası (FDA) dərman üçün genişləndirilmiş giriş proqramı tətbiq edib. Bu, preparatın hələ tam təsdiqlənməməsinə baxmayaraq, standart müalicəyə cavab verməyən xəstələr üçün əlçatan olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, bu nəticə indiyə qədər "hədəflənməsi çətin” sayılan molekulyar mexanizmlərin müalicə edilə biləcəyini göstərərək onkologiyada yeni dövrün başlanğıcını işarə edir.

Bu üç tədqiqat xərçəng müalicəsində daha dəqiq, fərdiləşdirilmiş və hədəf yönümlü yanaşmaların gücləndiyini göstərir. Tibb dünyası bu nəticələri "ümidverici dönüş nöqtəsi” kimi qiymətləndirir.

Aydın
--> -->