Xəbər lenti

Hörmüz böhranı: Strateji səhvlər və qlobal enerji riskləri -
Siyasət 15:05 18.03.2026

Hörmüz böhranı: Strateji səhvlər və qlobal enerji riskləri - "Yandırılmış körfəz" strategiyası nə vəd edir?

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı NATO-ya xəbərdarlıq edib. ABŞ lideri bildirib ki, əgər müttəfiq ölkələr Hörmüz boğazını qorumaq məsələsində köməklik göstərməsələr, bu, NATO-nun gələcəyi üçün çox pis ola bilər.

Hörmüz boğazı və İran ətrafında baş verənləri Qaynarinfo-ya konfliktoloq Azər Hüseynov şərh edib.

- Tramp administrasiyasının İranın Hörmüz boğazını bağlama potensialını yanlış qiymətləndirməsi hansı strateji boşluqlardan qaynaqlanırdı? 

- Bu hadisələr bir daha onu göstərdi ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar dərin və çoxqatlı strateji analizdən daha çox, siyasi baxışların və ideoloji yanaşmaların təsiri altında formalaşdırılıb. Yəni qərarverici mexanizmlər sahədəki reallıqları bütün incəlikləri ilə hesablamaqdan çox, müəyyən siyasi narrativlərə uyğun hərəkət edib. Bu isə nəticə etibarilə səhv qiymətləndirmələrə və gözləntilərlə reallıq arasındakı ciddi fərqlərə gətirib çıxarıb. 

İranın dövlət olaraq mahiyyəti və struktur xüsusiyyətləri ABŞ tərəfindən tam şəkildə və obyektiv qiymətləndirilməyib. Çünki İran nə Suriyadır, nə də İraqdır. Bu ölkələrdə dövlət institutları zəiflədiyi və ya parçalandığı halda, İran uzunmüddətli təzyiqlərə baxmayaraq, öz dövlət reflekslərini qoruyub saxlayıb. Müxtəlif mərhələlərdə idarəetmə üsullarını dəyişə, taktiki transformasiyalara gedə bilib, lakin strateji səviyyədə dövlət instinktini itirməyib. Bu isə onu klassik hərbi müdaxilələrə qarşı daha davamlı və çevik edir. 

Eyni zamanda, İranın assimetrik mübarizə modelinə xüsusi diqqət yetirmək lazımdır. İran illərdir ki, öz hərbi-strateji doktrinasını məhz bu istiqamətdə inkişaf etdirib. Bu model birbaşa konvensional müharibədən qaçaraq, rəqibin zəif nöqtələrinə zərbə vurmağa, müharibəni yaymağa və uzunmüddətli təzyiq mexanizmi qurmağa əsaslanır. Tarix göstərir ki, assimetrik mübarizə hətta ən böyük və texnoloji üstünlüyə malik dövlətləri belə ciddi çətinliklər qarşısında qoya bilir. ABŞ-ın əvvəlki təcrübələri – xüsusilə regiondakı uzunmüddətli hərbi iştirakları – bunu açıq şəkildə sübut edir. 

Digər mühüm məqam isə ABŞ-ın bölgədəki müttəfiqlərinin real imkanları ilə bağlıdır. İsrail istisna olmaqla, regiondakı digər tərəfdaşların nə hərbi baxımdan, nə də sosial dayaqlar baxımından uzunmüddətli və genişmiqyaslı münaqişəni daşımaq potensialı yüksək deyil. İsrail isə hər nə qədər regionun ən güclü hərbi aktorlarından biri sayılsa da, bu münaqişədə ondan gözlənilən performansı tam şəkildə ortaya qoya bilmədi. Bu da göstərdi ki, İranın raket və dron imkanları əvvəlcədən düzgün qiymətləndirilməyib və bu sahədə ciddi strateji boşluqlar mövcuddur. Bundan əlavə, tarixi kontekstdə İranın istifadə etdiyi taktikalara nəzər saldıqda maraqlı paralellər ortaya çıxır. Orta əsrlərdə, xüsusilə Osmanlı ilə qarşıdurmalarda İranın "yandırılmış torpaq” strategiyasına əl atdığı məlumdur. Bu taktika düşmənin irəliləməsini ləngitmək, onun logistik imkanlarını zəiflətmək və müharibəni onun üçün daha baha başa gələn prosesə çevirmək məqsədi daşıyırdı. Müasir dövrdə isə bu yanaşmanın daha geniş miqyaslı və fərqli formada tətbiqi ehtimalı istisna deyil. Əgər ABŞ regionda hərbi təzyiqi artırmağa və İran daxilinə doğru genişlənməyə cəhd edərsə, Tehran "yandırılmış körfəz” tipli strategiyaya müraciət edə bilər. Bu isə enerji yollarının, ticarət marşrutlarının və ümumilikdə regional sabitliyin ciddi şəkildə zərbə alması deməkdir. Belə bir ssenari isə nə qısa müddətli, nə də idarəolunan münaqişə vəd edir. Əksinə, bu, getdikcə dərinləşən, çoxsaylı aktorların cəlb olunduğu və çıxışı çətin olan bir "bataqlıq” effekti yarada bilər. Bu tip münaqişələrdə hərbi üstünlük təkbaşına nəticə vermir; əksinə, siyasi, sosial və iqtisadi faktorların qarşılıqlı təsiri prosesi daha mürəkkəb və proqnozlaşdırılması çətin hala gətirir.

- Hörmüz boğazının bağlanması halında qlobal enerji bazarına və dünya iqtisadiyyatına real təsirlər nə dərəcədə ciddi ola bilər? 

- Boğazın bağlanması dünya iqtisadiyyatına çox ciddi və zəncirvari təsir göstərə bilər. Çünki söhbət sadəcə bir coğrafi keçiddən yox, qlobal enerji və ticarət sisteminin əsas arteriyalarından birindən gedir. Xüsusilə Hörmüz boğazı kimi bir nöqtənin bloklanması, neft və qaz daşımalarının əhəmiyyətli hissəsinin dayanması deməkdir. Bu isə qısa müddətdə enerji qiymətlərinin kəskin artmasına, paralel olaraq isə xidmət sektorunda və yük daşımalarında ciddi böhranlara yol aça bilər. Belə bir ssenari ilk növbədə ABŞ-ın regiondakı əsas tərəfdaşları olan ərəb monarxiyalarını vurur. Onların iqtisadi modeli böyük ölçüdə enerji ixracına əsaslandığı üçün nəqliyyat zəncirinin pozulması gəlirlərin azalmasına, büdcə balansının pozulmasına və daxili sosial sabitliyin sarsılmasına gətirib çıxara bilər. Bu isə həmin ölkələrin yalnız iqtisadi deyil, eyni zamanda siyasi dayanıqlığını da zəiflədə bilər. 

Digər tərəfdən, bu cür genişmiqyaslı iqtisadi sarsıntı qlobal güc balansına da təsirsiz ötüşmür. ABŞ və onun müttəfiqlərinin dünya iqtisadiyyatındakı aparıcı rolu müəyyən mənada sabit ticarət marşrutlarına və təhlükəsizlik təminatına əsaslanır. Əgər bu sistem ciddi şəkildə sarsılarsa, alternativ güc mərkəzləri üçün imkan pəncərəsi açılır. Bu isə tədricən Qərb mərkəzli iqtisadi modelin zəifləməsi və daha çoxqütblü iqtisadi düzənin formalaşması ilə nəticələnə bilər. Belə bir prosesin növbəti mərhələsi isə artıq iqtisadi yox, siyasi müstəviyə keçir. İqtisadi təsir imkanlarının azalması qaçılmaz olaraq siyasi nüfuzun da zəifləməsinə gətirib çıxarır. 

ABŞ kimi qlobal güc üçün bu, təkcə xarici siyasətdə deyil, daxili idarəçilikdə də ciddi gərginliklər yarada bilər. Çünki uzun müddət qlobal liderlik üzərində qurulmuş siyasi sistem belə sarsıntılara qarşı həssas olur. Bu kontekstdə daxildə idarəçilik böhranının yaranması ehtimalı da istisna deyil. Hətta bəzi ilkin siqnalların artıq göründüyünü demək olar. Məsələn, Co Kent kimi fiqurların istefası və ya siyasi sistem daxilində baş verən fikir ayrılıqları bu gərginliyin ilk işartıları kimi qiymətləndirilə bilər. Bu cür hadisələr tək-tək baxıldıqda lokal görünsə də, ümumi mənzərədə daha böyük struktur problemlərinin xəbərçisi ola bilir. 
 


- İsrailin mümkün ilk zərbə ssenarisində İranda daxili etirazların başlayacağı ehtimalı nə dərəcədə real idi? 

- İsrailin dövlət xarakteri ilə İranın dövlət xarakteri arasında mahiyyət etibarilə ciddi fərqlər mövcuddur. Bu fərqlər yalnız siyasi sistem və idarəetmə forması ilə bağlı deyil, eyni zamanda tarixi təcrübə, dövlət ənənəsi və strateji davranış modelində də özünü göstərir. Bu səbəbdən bu iki aktoru eyni məntiqlə analiz etmək çox vaxt yanlış nəticələrə gətirib çıxara bilir. İsrail dövlətinin güclü tərəflərindən biri onun yarandığı gündən etibarən faktiki olaraq davamlı təhlükəsizlik mühitində fəaliyyət göstərməsidir. Dövlət qurulduğu ilk illərdən bəri demək olar ki, ardıcıl hərbi qarşıdurmaların içində olub. Bu isə İsrailin təhlükəsizlik institutlarının, ordusunun və strateji planlaşdırma mədəniyyətinin çox sürətlə formalaşmasına səbəb olub. 

Müharibə şəraiti bu ölkədə hərbi texnologiyaların, kəşfiyyat sistemlərinin və müdafiə sənayesinin inkişafını sürətləndirən əsas amillərdən biri kimi çıxış edib. Digər mühüm faktor isə ABŞ ilə olan xüsusi münasibətlərdir. İsrail uzun illərdir ki, ABŞ tərəfindən dünyada analoqu az olan maliyyə və hərbi dəstək alır. Bu dəstəyin arxasında müxtəlif geosiyasi səbəblərlə yanaşı, ABŞ daxilində təsirli siyasi və ictimai şəbəkələrin, o cümlədən güclü yəhudi diasporasının rolu da qeyd olunur. Bu resurslar İsrailə yüksək texnologiyalar sahəsində böyük investisiyalar etməyə və müdafiə sənayesində dünya miqyasında rəqabət qabiliyyətli məhsullar istehsal etməyə imkan verib. Bununla yanaşı, İsrailin dövlət tarixi nisbətən gəncdir. Müasir dövlət kimi formalaşması XX əsrin ortalarına təsadüf edir və bu baxımdan onun siyasi və mədəni dövlətçilik təcrübəsi daha qısa zaman kəsiyini əhatə edir. İndiyə qədər İsrailin qarşılaşdığı əsas dövlət aktorları isə ərəb ölkələri olub və onların əksəriyyəti hərbi, texnoloji və institusional baxımdan İsraildən xeyli geri qalıb. Bu fərq bir çox müharibələrdə İsrailin ciddi üstünlük əldə etməsinə şərait yaradıb.

Digər tərəfdən İsrail yalnız dövlət aktorları ilə deyil, qeyri-dövlət və assimetrik aktorlarla da mübarizə aparıb. Bu kontekstdə Hizbullah, HƏMAS və İslami Cihad kimi qurumlarla uzunmüddətli qarşıdurmalar yaşanıb. İsrail hərbi üstünlüyünü qorusa da, bu tip təşkilatlar üzərində tam və qəti strateji qələbə əldə etmək mümkün olmayıb. Bu da assimetrik müharibənin klassik xüsusiyyətlərindən biridir: güclü tərəf taktiki üstünlük qazansa belə, təhlükəni tam aradan qaldırmaq çox çətin olur. Məhz bu nöqtədə İran faktoru fərqli bir reallıq yaradır. İran yalnız hərbi və siyasi baxımdan deyil, eyni zamanda çox qədim dövlətçilik və mədəniyyət ənənəsinə malik bir aktordur. Tarix boyunca müxtəlif imperiyalar və siyasi sistemlər bu coğrafiyada formalaşıb və bu da dövlət reflekslərinin, strateji davranış modellərinin daha dərin köklərə sahib olmasına gətirib çıxarıb. Bu səbəbdən İranın davranışını yalnız müasir Yaxın Şərq kontekstində deyil, uzun tarixi təcrübə çərçivəsində də dəyərləndirmək lazımdır. Məhz buna görə də bəzi qərarverici dairələr İranın gücünü düzgün qiymətləndirə bilməmiş ola bilər. İranın İraq və ya Suriya kimi zəifləmiş dövlət strukturlarına malik olduğu düşüncəsi yanlış analitik yanaşma idi. Reallıq isə göstərdi ki, xarici təzyiq artdıqda cəmiyyət daxilində fərqli ideoloji və siyasi qruplar belə müəyyən mənada dövlət ətrafında konsolidasiya ola bilir. Hətta sekulyar və tənqidi mövqedə olan elementlər belə xarici təhlükə qarşısında mövcud hakimiyyət strukturlarının ətrafında toplaşa bilirlər. 

Digər tərəfdən İran daxilində rejimə alternativ kimi təqdim edilən fiqurların siyasi nüfuzu da gözlənilən səviyyədə olmayıb. Xaricdə bəzi dairələrin ümid bağladığı fiqurların, məsələn Reza Pəhləvi kimi şəxslərin real siyasi dayaqları çox zəif görünür. Bu isə göstərir ki, İran cəmiyyətində alternativ siyasi model yaratmaq düşündüyündən qat-qat mürəkkəb məsələdir. Bütün bunlar onu göstərir ki, İsrail və İran kimi iki aktor arasındakı qarşıdurma yalnız hərbi balans məsələsi deyil. Burada dövlətçilik təcrübəsi, tarixi yaddaş, cəmiyyətin siyasi refleksləri və geosiyasi strategiya kimi çoxsaylı amillər bir-biri ilə sıx şəkildə bağlıdır. Bu səbəbdən belə bir qarşıdurmanı sadə hərbi müqayisələrlə izah etmək mümkün deyil; məsələ daha dərin və çoxqatlı bir siyasi reallığın məhsuludur.
 
- Enerji infrastrukturuna hücumların neft qiymətlərinə təsiri qlobal bazarlarda hansı uzunmüddətli nəticələrə səbəb ola bilər? 

- Belə bir ssenaridə Rusiyanın yenidən güclənməsi ehtimalı kifayət qədər real görünür. Çünki qlobal enerji bazarında yaranacaq hər hansı boşluq, xüsusilə də Yaxın Şərqdə nəqliyyat xətlərinin pozulması fonunda, alternativ ixracatçıların önə çıxmasına şərait yaradır. Rusiya bu baxımdan artıq mövcud infrastruktur və bazar təcrübəsinə malikdir və yaranan boşluğu doldurmaq üçün çevik davranmağa çalışacaq. Enerji qiymətlərinin yüksəlməsi isə Moskvanın büdcə gəlirlərini artıraraq onun həm iqtisadi, həm də hərbi baxımdan nəfəs almasına imkan verə bilər. Digər tərəfdən, bu proses yalnız iqtisadi deyil, geosiyasi nəticələr də doğurur. Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya alternativ bazarlar tapmaq və yeni logistika marşrutları qurmaq istiqamətində artıq müəyyən təcrübə qazanıb. Belə bir böhran şəraitində bu adaptasiya qabiliyyəti onun xeyrinə işləyə bilər. Xüsusilə Asiya bazarlarına yönəlmə strategiyası daha da sürətlənə bilər. Ən maraqlı və uzunmüddətli nəticə isə qlobal sistemin strukturunda baş verə biləcək dəyişikliklərlə bağlıdır. 

Əgər enerji, ticarət və təhlükəsizlik zəncirlərində ciddi qırılmalar baş verərsə, bu, onsuz da zəifləməkdə olan təkqütblü sistemin sonunu sürətləndirə bilər. Soyuq müharibədən sonra formalaşan və əsasən ABŞ mərkəzli olan bu sistem artıq bitə bilər. ABŞ tək qütb olmaqdan çıxır. Bu kontekstdə Çin faktoru xüsusi önəm qazanır.Çin uzun müddətdir ki, iqtisadi gücünü siyasi və geosiyasi təsirə çevirməyə çalışır. Enerji və ticarət marşrutlarında baş verən dəyişikliklər Pekin üçün həm risk, həm də fürsət yaradır. Bir tərəfdən, enerji təhlükəsizliyi məsələsi daha həssas hala gəlir, digər tərəfdən isə Qərbin zəifləyən təsiri fonunda Çin yeni iqtisadi və siyasi təşəbbüslərlə daha geniş təsir sahəsi qura bilər. Beləliklə, bu münaqişənin nəticəsi yalnız regional güc balansı ilə məhdudlaşmaya bilər. Əksinə, bu proses qlobal sistemin transformasiyasını sürətləndirərək daha çoxqütblü bir dünyanın formalaşmasına gətirib çıxara bilər. Bu yeni düzəndə Rusiya daha çox enerji gücü kimi, Çin isə həm iqtisadi, həm də siyasi qütb kimi ön plana çıxa bilər. Bu isə beynəlxalq münasibətlərdə uzun müddət davam edəcək yeni bir mərhələnin başlanğıcı deməkdir. 

- Bu hadisələr fonunda ABŞ-ın Yaxın Şərq siyasətində dəyişiklik gözlənilirmi? 

- Belə bir şey ABŞ-ın mövcud administrasiyası üçün ağır bir seçim olar. Müharibədən çıxdıqdan sonra siyasi nüfuz çox ciddi şəkildə dəyişəcəkdir.

- Regionda genişmiqyaslı müharibə ehtimalı nə qədər realdır və hansı faktorlar bunu sürətləndirə bilər? 

- Belə olarsa, bütün region və dünya siyasi və iqtisadi bataqlığa girər. 

- Bu proseslər Azərbaycanın da daxil olduğu region üçün hansı geosiyasi və iqtisadi risklər yaradır? 

- Azərbaycan riskləri düzgün qiymətləndirməli, hazırda həyata keçirdiyi balans siyasətini davam etdirməli, maksimum dərəcədə özünün hər hansı isə problemə cəlb edilməməsinə çalışmalıdır. Hazırda bu müşahidə edilir və təqdirəlayiqdir. İrana humanitar yardımın göndərilməsi, xarici işlər nazirləri arasında operativ əlaqə düzgün addımlardır. 

- Beynəlxalq ictimaiyyətin və böyük güclərin bu gərginliyi azaltmaq üçün hansı real addımları mümkündür? 

- Qəzza məsələsində olduğu kimi, ola bilər ki, bir müddət sonra passivist hərəkatlar başlasın. Xüsusilə ABŞ-ın özündə bu ehtimal var. Yaşayaq, görək, inşallah.

Siyasət şöbəsi

--> -->