Ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayır. İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorda məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində yeni hədəflər müəyyənləşdirib.
Proqramın icrası ilə bağlı gözləntilər, qarşıya qoyulan məqsədlər və kənd təsərrüfatının gələcək inkişaf perspektivləri barədə Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov Qaynarinfo-ya danışıb.
Niyazi Əmirbəyov bildirib ki, Azərbaycan aqrar sektorda yeni inkişaf mərhələsinə qədəm qoyur:
"Ənənəvi təsərrüfatçılıqdan müasir, texnoloji istehsal mərhələsinə keçidi təmin edən bu genişmiqyaslı proqram eyni zamanda regionlarda iqtisadi fəallığı artıracaq, yeni məşğulluq imkanları yaradacaq. Yeni Dövlət Proqramı ölkənin torpaq, su və insan kapitalı potensialını daha güclü iqtisadi inkişafa və dayanıqlı gələcəyə çevirmək üçün mühüm strateji yol xəritəsidir".
Niyazi Əmirbəyov əlavə edib ki, Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf strategiyasında aqrar sektor prioritet istiqamətlərdən biri kimi mühüm yer tutur:
"Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə dair keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər və təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin başlanğıcını qoyur.
Yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə, sahədə rəqabətqabiliyyətliliyin artırılmasını, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılıq modelinə keçidin sürətləndirilməsini və yerli istehsal potensialının genişləndirilməsi vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini əsas hədəf kimi müəyyənləşdirir".
Sədrin sözlərinə görə, bu mərhələdə əsas diqqət kənd təsərrüfatında kəmiyyət artımından daha çox keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəlib:
"Məqsəd məhsuldarlığın artırılması, su və torpaq resurslarından daha effektiv istifadə edilməsi, həmçinin daxili və xarici bazarların tələblərinə uyğun dayanıqlı istehsal sisteminin qurulmasıdır. Müşavirədə səsləndirilən yanaşmalar göstərir ki, yaxın illərdə aqrar sahədə innovasiya, texnologiya və elmi əsaslı idarəetmə prinsipləri daha geniş tətbiq olunacaq".
Niyazi Əmirbəyov əlavə edib ki, xüsusilə taxılçılıq sahəsinin inkişafı və buğda istehsalında özünütəminetmə səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan əsas prioritetlərdəndir:
"İxtisaslaşmış rayonlarda həyata keçiriləcək tədbirlər sayəsində 2030-cu ilədək buğda üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bu hədəfə nail olmaq üçün müasir suvarma metodlarının tətbiqi, əkin sahələrinin daha səmərəli becərilməsi və torpaq resurslarının bərpası xüsusi diqqətdə saxlanılır. Eyni zamanda, taxıl silolarının tikintisi və təchizat zəncirinin gücləndirilməsi məhsul itkilərinin minimuma endirilməsinə, fermerlərin bazarlara çıxış imkanlarının genişlənməsinə və sahədə əlavə dəyərin artırılmasına xidmət edəcək".
Günay İlqarqızı
Şərhlər