Uzun fasilədən sonra daşınmaz əmlak bazarında canlanma müşahidə olunur.
Bu barədə Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda daha çox tələb turistlərin üstünlük verdiyi bölgələrdəki bağ evləri, həyət evləri və torpaq sahələrinə yönəlib.
"Bazarda tədricən dirçəlmə yaranır. Hazırda bağ evlərinə, həyət evlərinə və torpaq sahələrinə maraq artıb. Hər il olduğu kimi, yay mövsümünün yaxınlaşması ilə torpaq sahələrinə tələbat yüksəlir. Xüsusilə turistlərin üstünlük verdiyi Şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, eləcə də İsmayıllı, Qəbələ və Cənub zonasında alqı-satqı prosesləri aktivləşib", deyə ekspert bildirib.
Elnur Fərzəliyev qeyd edib ki, qiymətlərdə hələlik ciddi dəyişiklik qeydə alınmayıb:
"Bir müddət əvvəl torpaq sahələrinə və həyət evlərinə tələb demək olar ki, yox idi. Havanın uzun müddət yağışlı keçməsi bu seqmentə marağı azaltmışdı. Hazırda isə tələbat artmaqdadır. Çıxarışlı torpaq sahələri kifayət qədər bahadır. Ən çox maraq isə çıxarışı olan həyət evlərinə göstərilir".
Ekspert paytaxtın mərkəzi hissəsində mənzil qiymətlərinin yüksək olaraq qaldığını da vurğulayıb:
"Evləri sökülən sakinlər daha çox Bakının ətraf qəsəbələrinə və rayonlarına üz tuturlar. Müsbət hal ondan ibarətdir ki, bazarda yenidən canlanma yaranıb".
Bahar Rüstəmli
Şərhlər