Xəbər lenti

Quşçuluq sektorunda inkişaf planı: 2030-a qədər istehsal 30 faiz artırılacaq
Ekonomiks 14:19 01.06.2026

Quşçuluq sektorunda inkişaf planı: 2030-a qədər istehsal 30 faiz artırılacaq

Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində quşçuluq sektorunun inkişafı istiqamətində bir sıra mühüm tədbirlər nəzərdə tutulur. Bunlara müasir quşçuluq damlarının tikintisi və mövcud təsərrüfatların modernləşdirilməsi, yeni kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviqi, eləcə də quşçuluq müəssisələrinin elektrik və qaz şəbəkələrinə qoşulma xərclərinin subsidiyalaşdırılması daxildir. Bununla da, 2030-cu ilədək quş əti istehsalının təqribən 30 faiz artırılması hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir.

Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin quşçuluq sektorunun inkişafına təsiri ilə bağlı "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsəli Qaynarinfo-ya bildirib ki, hazırda quşçuluq sektoru bir sıra çətinliklərlə üzləşsə də, ümumi istehsal və ixrac göstəricilərində artım müşahidə olunur.

Onun sözlərinə görə, ölkədə süfrə yumurtası istehsalı 100 faizin üzərindədir:

"Ötən il 2 milyard 342 milyon yumurta istehsal olunub. Düşünürəm ki, bu il istehsalımız 2 milyard 500 milyonu keçəcək".
 


Sədr qeyd edib ki, Azərbaycanın ixrac coğrafiyası genişlənib və hazırda süfrə yumurtası ABŞ, Yaxın Şərq ölkələri, Rusiya və digər bazarlara ixrac olunur:
 
"Damazlıq yumurta ixracı bu il 13 milyon ədədi ötüb və gələn il 20 milyona çatdırılması gözlənilir".

O bildirib ki, quş əti istehsalı ölkə tələbatının təxminən 82 faizini təmin edir:

"Yaxın 6–7 ay ərzində dövlət proqramlarının icrasını təmin edə bilsək, bu sahədə daha ciddi nəticələr əldə oluna bilər. Kənd Təsərrüfatı Nazirliyi prosesin icrası üçün ciddi dəstək göstərir, lakin digər dövlət qurumlarının da bu işə daha fəal qoşulması vacibdir. Müəssisələrin elektrik, qaz və su şəbəkələrinə qoşulması zamanı texniki şərtlərlə bağlı subsidiyalaşma sahibkarlar üçün böyük dəstək olar. Hazırda tikinti və aqrar sektorda böyümənin qarşısında duran əsas problemlərdən biri məhz budur. Xətlərin çəkilişi zamanı həm vaxt itkisi, həm də maddi itkiyə məruz qalırıq".

Mürvət Həsəli qeyd edib ki, bu məsələlərin həlli sektorun inkişafına ciddi təkan verəcək:
 
"Bu məsələlər həll olunacaq. Hətta 2030-cu ili gözləmədən qarşıya qoyulan hədəflərə daha tez nail olmaq mümkündür. 2027-ci ilin ortalarına qədər süfrə yumurtası istehsalının 3 milyard ədədi keçəcəyini, toyuq əti üzrə 100 faiz təminata, damazlıq istehsalında isə tam özünütəminetməyə nail olunacağını düşünürük".
 
Günay İlqarqızı

--> -->