Xəbər lenti

Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir (RƏY)
Ölkə 23:03 03.06.2026

Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir (RƏY)


Azərbaycan Konstitusiyasının preambulasına əsasən, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali niyyətlərindən, ana qanunumuzun 12-ci maddəsinə görə isə ölkənin vətəndaşlarına layiqli həyat səviyyəsininin təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi təsbit olunub.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin mərkəzində hər zaman insan amili, Azərbaycan vətəndaşı, xüsusilə də doğma yurdundan didərgin salınmış məcburi köçkünlər dayanıb:

"Məhz bu prizmadan yanaşsaq, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"ndə, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik layihəsi təkcə hüquqi-texniki tənzimləmə deyil, ölkəmizin son 30 ildə həyata keçirdiyi uğurlu, humanist və strateji siyasətin təntənəsi və hüquqi bazisin yeni dövrün reallıqlarına uyğunlaşdırılması kimi qiymətləndirilə bilər".


O qeyd edib ki, Azərbaycan dövləti 30 ildən artıq bir dövrdə məcburi köçkünlərə xüsusi diqqət və qayğı ilə yanaşıb, bu insanların bütün sferaları əhatələyən sosial müdafiəsinin fasiləsiz olaraq təmin olunması məqsədilə Milli Məclis tərəfindən 11 qanun, Prezident tərəfindən 2004–2019-cu illər ərzində 75 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul edilib:

"Həmçinin Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. Bu çərçivədə məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması möhtərəm Prezidentin daim diqqət mərkəzində olub, 19 il əvvəl ölkədəki 12 çadır düşərgəsi və yük vaqonlarından ibarət qəsəbələr, 10 il öncə isə sonuncu fin tipli qəsəbə tamamilə ləğv edilib, 121 yeni qəsəbə və müasir yaşayış kompleksinin inşası ilə 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti müasir standartlara uyğunlaşdırılıb".

Deputat əlavə edib ki, işğal dövrü geridə qalıb, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb:

"Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də ifadə olunduğu kimi, Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunması zəruri olduğu üçün Böyük Qayıdış Zəfərdən sonra qarşımızda duran ən büyük vəzifə kimi müəyyənləşib. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı və artıq 80 mindən çox soydaşımızın Qarabağ və Şərqi Zəngəzura dayanıqlı və əbədi formada döndüyü şəraitdə xüsusi sosial dəstək mexanizmlərinin müvafiq qanunvericilik çərçivəsində yenidən tənzimlənməsi və dövlətin sosial siyasətində "xüsusi müdafiə mexanizmlərindən dayanıqlı inteqrasiya modelinə" keçid reallaşır".

Yeni qanun layihəsi də ilk növbədə bu hədəflərə fokuslanıb və çoxşaxəli tezisləri, o cümlədən Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir. Məhz bu çərçivədə qanun layihəsi hazırkı unikal situasiyada vətəndaşlarımızın mülkiyyət hüququnun tam bərpası üçün çox sadə, eyni zamanda effektiv, çevik və fundamental model ortaya qoyaraq "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu" yaradılmasını nəzərdə tutur. Mənzil Məcəlləsinə ediləcək dəyişikliklə bu Fonda daxil olan ev və mənzillər məcburi köçkünlərin köçürülməsi üçün istifadə olunacaq. Yeni mexanizm doğma yurdlarına qayıdan vətəndaşlarımızın dövlət tərəfindən təmin olunduğu ev və ya mənzil üzərində mülkiyyət hüququnun dərhal təmin edilməsinə imkan yaradır. Daha aydın dillə desək, həmin yaşayış sahəsi dərhal keçmiş məcburi köçkünlərin özəl mülkiyyətinə çevrilir.

Bəhruz Məhərrəmov əlavə edib ki, son 6 ilə yaxın bir dövrdə məcburi köçkün yox, "keçmiş məcburi köçkün" ifadəsinə haqlı olaraq daha çox üstünlük verilir və bu təbəqə üçün 30 il əvvəl müəyyən edilmiş və zamanla təkmilləşmiş hüquqi statusa yenidən baxılması, məcburi köçkün statusunun itirilməsi hallarının yeni şəraitə uyğun formada konkretləşməsi vacibdir:

"Bu mürəkkəb prosesə çox ədalətli və humanist yanaşmanın ehtiva olunduğu cari qanun layihəsi də nəzərdə tutur ki, şəxs işğaldan azad edilmiş ərazilərə köçürüldüyü andan, habelə dövlət tərəfindən təklif olunan yaşayış yerindən imtina etdiyi andan etibarən məcburi köçkün statusunu itirmiş sayılsın. Eyni zamanda qanun qüvvəyə minənədək artıq köçürülmüş şəxslər üçün isə status bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv olunsun.

Təbii ki, bu mərhələdə də həm keçmiş məcburi köçkünlərin mənzil hüquqları qorunur, həm də prosesin ləngiməməsi üçün ədalətli balansın tapılmasına xüsusi diqqət yetirilib və dövlətin köçürülmə ilə bağlı öhdəliyi vətəndaşa müəyyənləşdirilmiş ölçüdə yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab edilir.

Üstəlik, dövlət bu prosesdə də humanizm və sosial həssaslıq prinsiplərini rəhbər tutaraq, humanist mövqeyini qoruyaraq məcburi köçkünlər üçün güzəştlərin birdən-birə ləğv olunmasını məqbul hesab etməyərək, yeni yaşayış şəraitinə uyğunlaşmasına yumşaq keçid imkanı yaradan 3 illik keçid dövrü müəyyənləşdirir. Daha dəqiq desək, sosial müdafiə tədbirləri köçürülən şəxslər və köçürülmə təklifini qəbul etməyən şəxslər üçün statusun itirildiyi tarixdən sonra daha 3 il müddətində davam edəcək. Qanun qüvvəyə minənədək köçürülmüş şəxslər üçün isə bu 3 illik müddət köçürüldükləri real tarixdən hesablanır. Habelə məcburi köçkün statusu ilə ödənişli əsaslarla ali məktəblərə qəbul olunmuş gənclərin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi vətəndaş statusunu itirsə belə, təhsil müddətinin sonunadək davam etdiriləcək".

Deputat bildirib ki, BMT-yə üzv olan 40 dövlətin, o cümlədən Qətər, Livan, Monteneqro kimi ölkələrin ərazisindən daha böyük, həm də minalarla ciddi formada çirklənmiş bir əraziyə ləyaqətli və təhlükəsiz, habelə yüksək standartlara cavab verən formada həyat qaytarmaq, "Azərbaycan modeli"nin yaradılması təsadüf sayıla bilməz:

"İlham Əliyev qəti formada hesab edir ki, qayıdış formal xarakter daşımamalı, vətəndaşların əbədi məskunlaşması üçün hərtərəfli təhlükəsiz və layiqli yaşayış, müasir infrastruktur, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıqda ehtiva olunan əlverişli həyat şəraitinin yaradılması əsas direktiv olmalıdır. Dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən ümumi sosial dəstək siyasəti də məhz bu prizmadan transformasiya edərək şəxsin statusundan asılı olmayan digər bütün sosial müdafiə mexanizmləri - ünvanlı sosial yardım, aktiv məşğulluq proqramları, mənzil təminatı, təhsil və səhiyyə dəstəyi, eləcə də reabilitasiya və sosial inteqrasiya proqramları formasında ehtiyacı olan hər bir vətəndaş üçün əlçatanlığı qorunmaqla qüvvədə qalacaq".
--> -->