Çinin Henan əyalətində yerləşən Sinşyanq Orta Xalq Məhkəməsi Şaolin monastırının keçmiş baş rahibi Şi Yunşini 24 il müddətinə azadlıqdan məhrum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məhkəmə qərarına əsasən, Şi Yunşin əmlak mənimsəmə, qanunsuz vəsait əldə etmə, rüşvət alma və vermədə təqsirli bilinib.
İstintaq materiallarına görə, keçmiş rahib ümumilikdə 300 milyon yuan (təxminən 44 milyon ABŞ dolları) məbləğində vəsaiti qanunsuz yollarla əldə edib. Bundan əlavə, ona 3,5 milyon yuan (təxminən 517 min dollar) məbləğində cərimə də tətbiq olunub.
Şi Yunşin 1999-cu ildən Şaolin monastırına rəhbərlik edib. Ona qarşı ilk korrupsiya ittihamları 2015-ci ildə irəli sürülmüş, lakin daha sonra bəraət almışdı.
Sonrakı illərdə aparılan araşdırmalarda onun müxtəlif adlarla ikili qeydiyyat apardığı və monastır adına rəsmiləşdirilmiş 15 lüks avtomobilə sahib olduğu müəyyən edilib.
2025-ci ilin yayında istintaq yenidən başladılıb, noyabr ayında isə o, rəsmi olaraq saxlanılıb. Bundan sonra Çin Buddist Assosiasiyası onun ruhani statusunu ləğv edib.
Aydın
Şərhlər