Xəbər lenti

Həkimlər istidə su əvəzinə süd içməyi məsləhət görür
Sağlamlıq 17:17 28.05.2026

Həkimlər istidə su əvəzinə süd içməyi məsləhət görür

Yay istisində insanların çoxu bir stəkan suya üstünlük verir və bu doğrudur, lakin hər zaman kifayət etmir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "NokLapja” nəşri yazır.

Son illərdə istilik dalğaları bütün dünyada güclənir və meteoroloqlar bu tendensiyanın davam edəcəyini proqnozlaşdırırlar. Həkimlər xəbərdarlıq edirlər ki, susuzlaşma hətta yüngül simptomlarla gizli şəkildə özünü göstərə və ciddi nəticələrə səbəb ola bilər. Buna görə də hansı içkinin seçilməsi mühüm məsələdir.

Söhbət adi süddən gedir. Britaniyalı həkim doktor Nataşa Fernando bildirir ki, süd orqanizmin su balansını sudan daha uzun müddət qorumağa kömək edə bilər. Onun sözlərinə görə, bitki mənşəli alternativlər də oxşar üstünlüklərə malik ola bilər.

Bunun səbəbi içkinin tərkibi ilə bağlıdır. Südün tərkibində olan zülallar, yağlar və təbii şəkərlər mayenin orqanizm tərəfindən mənimsənilməsi və xaric olunması prosesini ləngidir. Nəticədə, bir stəkan süd içdikdən sonra bədən mayeni daha uzun müddət saxlayır və nəmləndirici təsir daha davamlı olur.

Həkimin sözlərini elmi araşdırmalar da təsdiqləyir. Şotlandiya universitetində hazırlanmış hidratasiya indeksinə əsasən, süd bəzi idman içkiləri və rehidratasiya məhlulları ilə birlikdə orqanizmdə mayeni adi sudan daha effektiv saxlayır. Bu, südün tərkibində mayenin saxlanmasına kömək edən elektrolitlərin, xüsusilə natriumun olması ilə əlaqələndirilir.

Lakin vacib məqamlar da var

Süd hər kəs üçün uyğun deyil. Laktoza dözümsüzlüyü olan insanlarda köp, qarın ağrısı və həzm problemləri yarana bilər ki, bu da isti havada vəziyyəti daha da ağırlaşdıra bilər.

Bundan əlavə, süd sudan daha kalorilidir. Buna görə də böyük miqdarda qəbul edilməsi çəkisinə nəzarət edən və ya daha yüngül, tez mənimsənilən içkilərə üstünlük verən insanlar üçün uyğun sayılmır. Güclü istidə süd bəzi insanlara "ağır” gələ və soyuq su qədər tez susuzluğu yatırmaya bilər.

Bəs nə içmək lazımdır?

Mütəxəssislər vurğulayırlar ki, su hələ də orqanizmin nəmləndirilməsinin əsas mənbəyi olaraq qalır. Su kalorisizdir, hər kəs üçün təhlükəsizdir və gündəlik maye qəbulunun böyük hissəsini təşkil etməlidir.

Süd isə müəyyən hallarda faydalı əlavə hesab olunur: xüsusilə fiziki yüklənmədən sonra və ya uzunmüddətli nəmləndirməyə ehtiyac olduqda. Təsadüfi deyil ki, süd uzun illərdir intensiv məşqlərdən sonra bərpaedici içki kimi istifadə olunur.

Aydın
--> -->