Xəbər lenti

Yerdəki ən böyük canlı: Nə balina, nə də ağac - 8500 ildir yaşayır
Dünya 22:50 31.05.2026

Yerdəki ən böyük canlı: Nə balina, nə də ağac - 8500 ildir yaşayır

Yer üzündə məlum olan ən böyük orqanizm nə balina, nə də ağacdır, əksinə ABŞ-ın Oreqon ştatındakı Malheur Milli Meşəsində torpağın altında yaşayan bir göbələkdir.
 
Qaynarinfo xəbər verir ki, "Space Daily” nəşrinin yazdığına görə, bu orqanizm təxminən 4 kvadrat mil (9,5 kvadrat kilometr) ərazini əhatə edir, çəkisi 7500–35000 ton arasında qiymətləndirilir və yaşı 2000 ilə 8500 il arasında ola bilər.

1988-ci ildə ABŞ Meşə Xidmətində çalışan meşə patoloqu Qreq Uippl Oreqonun şərqində yerləşən Malheur Milli Meşəsində ağacların kütləvi şəkildə qurumasını araşdırarkən qeyri-adi bir hadisə ilə qarşılaşıb. Şam, küknar və digər iynəyarpaqlı ağaclar qrup halında məhv olurdu və bu, adi ağac xəstəliklərinin yayılma modelinə uyğun gəlmirdi.

Ağacların kök sistemlərini araşdıran Uippl səbəbkarın Armillaria ostoyae adlı parazitar göbələk olduğunu müəyyən edib. Bu növ geniş yayılmış "payız opyenoku” kimi tanınır.

Göbələk ümumilikdə Şimal yarımkürəsinin mülayim iqlimli meşələrində geniş yayılıb, lakin burada onun miqyası olduqca qeyri-adi idi.

Yeraltı "nəhəng orqanizm”

Bu göbələyin görünən hissəsi payızda ağac kökləri ətrafında çıxan bal rəngli şlyapalı göbələk dəstələridir. Lakin onun əsas hissəsi yerin altında yerləşir və hif adlanan nazik sapvari strukturlardan ibarətdir. Bu şəbəkə birləşərək böyük bir miqelium əmələ gətirir.

Miqelium torpaq altında ildə təxminən 0,2–1 metr sürətlə yayılır və ağacların ölümünə səbəb olan xüsusi "rizomorf” adlanan qara sapvari strukturlar yaradır.

Alimlər bunun bir orqanizm olduğunu necə müəyyən edib?

Əvvəllər mikoloqlar belə hesab edirdilər ki, bu göbələklər ayrı-ayrı fərdi orqanizmlərə aiddir. Lakin sonradan aparılan laborator analizlər göstərib ki, müxtəlif nöqtələrdən götürülən nümunələr bir-biri ilə birləşərək sərhəd xətti yaratmır. Bu isə onların eyni genetik orqanizm olduğunu sübut edib.

Beləliklə, 9,5 kvadrat kilometr ərazidəki bütün nümunələr bir-biri ilə tam uyğunlaşıb və bu, onların tək bir genetik fərd olduğunu göstərib.

Yaşı necə hesablanıb?

Göbələyin yaşı birbaşa ölçülməyib, onun yayılma sürətinə əsasən hesablanıb. Miqeliumun ildə təxminən 0,7–3,3 fut (0,2–1 metr) sürətlə yayıldığı məlumdur. Hazırkı əhatə etdiyi əraziyə əsasən onun yaşı 2000–8500 il arasında qiymətləndirilir.

Qeyd olunur ki, bu rəqəmlər dəqiq deyil və göbələyin yayılma sürətinin zamanla dəyişə biləcəyi ehtimal edilir.

Daha əvvəl alimlər müəyyən ediblər ki, adi torpaq göbələyi olan Fusarium oxysporum qızılı "tanıyaraq” onu səthində toplaya bilir və bu metalı sanki qoruyucu qat kimi istifadə edir.

Aydın
--> -->